PDF Oxu

Siyasət

  • 1 156

Suverenliyimizin bərpasının təntənəsi ŞƏRH

image

Prezident İlham Əliyev Azərbaycan Bayrağının işğal altında olan bütün ərazilərimizdə, şəhər və kəndlərimizdə dalğalanması məsələsini qarşıya bir nömrəli vəzifə qoymuşdu. 2023-cü il oktyabrın 15-də Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi idi. Bununla ölkəmizdə separatizm təhlükəsi, işğal səhifəsi tamamilə bağlandı. Bu Zəfəri inanılmaz və ya gözlənilməz qələbə kimi qələmə verənlər də var idi. Hətta ermənilər və onların havadarları belə hesab edirdilər ki, Azərbaycan ən azı 2025-ci ilə qədər Xankəndiyə nəzarəti təmin edə bilməyəcək. Amma Ali Baş Komandanın siyasi iradəsi bizə möcuzəvi qələbə bəxş etdi. Cənab İlham Əliyev qalibiyyət rəmzi olan üçrəngli bayrağımızı Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində böyük əminliklə və qürur hissi ilə bildirdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”. Cənab İlham Əliyev iyirmi bir il bundan əvvəl Prezident kimi fəaliyyətə başlayanda bu vədi vermişdir ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, şəhər və kəndlərdə qaldırılacaq. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik. Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ probleminin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, Azərbaycanın iqtisadi imkanları artdı, dünya iqtisadi sisteminə inteqrasiya sürətləndi.

Məlumdur ki, Azərbaycan xalqı 90-cı illərin əvvəllərində ölkədə mövcud olan xaos və anarxiyanın qurbanı olmuş torpaqlarımız Ermənistan tərəfindən işğal edilmişdi. Məhz xalqın istəyi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycanı yox olmaqdan, parçalanmaqdan xilas edib. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi üzündən ermənilər Azərbaycan ərazilərini işğal etdilər. Ulu Öndər işğal olunmuş ərazilərin geri qaytarılması üçün həm hərbi, həm diplomatik müstəvidə mübarizəni davam etdirdi. 1994-cü ilin yanvarında Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunmuşdur. Təəssüflər olsun ki, AXC-Müsavat cütlüyü dövründə tamamilə sıradan çıxmış ordu sistemini yenidən qurmaq üçün zamana ehtiyacımız vardı. 1994-cü il 20 sentyabr tarixində Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar göz qabağındadır. Ölkəmizin iqtisadi və siyasi mövqeyi möhkəmləndi. İqtisadi tərəqqi bütün sahələrdə davamlı uğurlara yol açdı. Müstəqiliyimizin qarantı olan Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun artırılması istiqamətində mühüm addımlar atıldı. Bu gün qürurla qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Şanlı ordumuz bunu 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı tarixi Zəfərlə, həmçinin ötən ilin sentyabrında həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etməklə sübut etdi. Alınmaz qala hesab olunan Şuşanı azad edən hərbçilərimiz Xankəndinin bir addımlığında idilər və irəliləyirdilər. Ermənistanın siyasi rəhbərliyi başa düşdü ki, azı 20 minlik erməni ordusu Qarabağda məhv ediləcək. Ona görə də, əməliyyatların dayandırılması xahişi ilə çıxış etdi və kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçına güllə atmadan sahib olduq. Lakin Xankəndisiz, Xocalısız Qələbə kəm olardı. Tarixi gün yetişdi. Ordumuz 2023-cü il sentyabrın 19-20-də 24 saatlıq hərbi əməliyyat həyata keçirərək bütün Qarabağa nəzarəti təmin etdi. Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciətində bu məqamı da xüsusi qeyd etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, övladıdır. Elə bir gənc nəsil yetişdirildi ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Ermənistan bundan sonra silahlanmaq niyyətindən, separatçılıq mövqeyindən əl çəkməlidir. Unutmamalıdır ki, havadarları onu məhvə sürükləyir.

Bu gün Azərbaycan suveren dövlətdir. Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağımızla özümüzü qürurlu, güclü, xoşbəxt sayırıq. Vaxtilə Azərbaycan xalqına qanlı cinayətlər törətmiş şəxslər, dövlətimizi hədələyən terrorçular bu gün ədalət mühakiməsi qarşısındadır. Nəinki onlar Azərbaycan xalqına qarşı cinayət törətmiş hər kəs öz layiqli cəzasını alacaq. Bu gün Azərbaycan xalqı öz istəyinə nail olub. Xalqımızın onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti, tarixi torpaqlarımız geri qaytarılıb, ərazi bütövlüyümüz bərpa edilib. Ötən ilə qədər separatçıların at oynatdığı Xankəndidə bu gün gənclərimiz təhsil alır. Bu şəhərdə qısa müddət ərzində Qarabağ Universitetinin yaradılması və istifadəyə verilməsi olduqca qürurvericidir. Ermənistan və onun havadarları, revanşist qüvvələri bu reallığı qəbul etməlidir. Azərbaycanın şanlı Zəfər bayrağı artıq bütün azad olmuş torpaqlarımızda və Xankəndidə dalğalanır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər