Tarixi dövrlərin və güclər balansının dəyişməsi dünyada özünü hegemon hesab edən dövlətlər üçün ciddi bir siqnaldır və bundan sonra tamamilə fərqli bir mənzərənin yaranacağına zəmin deməkdir. BRİCS sammitinin keçirilməsi fonunda kollektiv Qərbin məhz tədbirin uğurunu istəmədən belə etiraf etməsi artıq mövcud reallıqların rezonans doğurduğu qənaətinə gəlməyə əsas verir.
Çoxvektorlu siyasətə imkan verən BRİCS suverenliyi itirmək bahasına qəbul olunmaq təklifi edən Qərb bloklarından daha maraqlıdır
0Diqqətə çatdırmaq yerinə düşərdi ki, ABŞ prezidentliyinə namizədlərin hər ikisinin Çinlə bağlı mövqeyinin birdən-birə dəyişməsi, daha dəqiq desək, düşmən kimi danışmağa son qoyması qətiyyən nəzərdən yayına bilməz. Xüsusən də dünya iqtisadiyyatının artımının indiki BRİCS ölkələri ilə təmin ediləcəyi barədə etirafların da səbəbsiz və əbəs yerə olmadığı belə heç də təkzib edilə bilməz. Bununla belə barəsində qeyd olunan assosiasiyanın üzvlərinin və tərəfdaşlarının sayının getdikcə artması və eləcə də Azərbaycanın da həmin assosasiyaya yaxınlaşması kollektiv Qərbi necə silkələdiyi barədə nəticəyə gəlməyə haqq verir. Qərb artıq başa düşür və qəbul edir ki, ölkələrin öz suverenliyindən, müstəqilliyindən imtina etməklə, istədiyi bloklara qəbul etmək "təklifindən" fərqli olaraq, BRİCS çoxvektorlu siyasətə imkan verir. Deməli, bununla da Qərbin "təklifinin" tamamilə hesaba alınmayacağı bəlli olur və müşahidə olunan rezonans da məhz bu səbəbdəndir. Təbii ki, Qərb getdikcə nəinki hegemonluğunu, ümumiyyətlə, təsirini belə itirəcəyini də yaxşı başa düşür və fərqindədir ki, bu "itgiləri" məhz BRİCS kimi bir assosasiyanın yaranması sayəsində olacaq.
Qeyd olunduğu kimi, suverenliyini itirmək şərti ilə qəbuluna imkan verilən Qərb bloklarından fərqli olaraq, BRİCS çoxvektorlu siyasətə şərait yaradır və və bu assossasiyaya qəbul ölkələr üçün daha maraqlı hesab olunur. Əgər maraqlı hesab olunursa, deməli, Qərb bloklarına deyil, daha çox sözügedən təşkilata üzvlük aktual hesab olunacaq və ölkələr də həmin assosasiyaya meyilli olacaqlar. Məhz bunu Qərb başa düşür deyə bir çoxlarının kürkünə birə düşüb. Xüsusən də Çin kimi dünyada öz inkişaf dinamikasına görə kəskin şəkildə fərqlənən bir ölkənin, inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin, həmçinin, amerikalıların və avropalıların özlərinə "yer etmək" istədikləri Cənubi Qafqaz ölkələrinin belə hazırki mərhələdə və gələcəkdə sözügedən təşkilata üzv olmaları fonunda Qərbin narahatçılığını, müşahidə edilən rezonansı başa düşmək çətin deyil.
BRİKS ölkələri liderlərinin görüşünə Rusiyanın ev sahibliyi etməsi Qərbin təcrid olunmaları deməkdir
BRİKS ölkələri liderlərinin görüşünün təşkilatçısı məsələsi də qətiyyən diqqətdən yayınan deyil. Sammitə Rusiyanın ev sahibliyi etməsi əlbəttə ki, Qərbin diqqətindən heç də yayınmaz. Çünki Qərb ölkələri yaxşı başa düşürlər ki, sammitə Rusiyanın ən azından ev sahibliyi etməsi belə onların təcris olunması deməkdir. Hər halda, az qala bütün dünyanı Kremlə qarşı mövqe sərgiləməyə çağıran Qərb, Avropa məhz Rusiyanın ev sahibliyinin nə demək olduğunun fərqindədir və təcrid olunmaq kimi bir vəziyyətlə barışmaq məcburiyyətindədir. Belə bir vəziyyət Qərb üçün heç də xoş deyil. Xüsusən də, təmsilçilərin sayının çox olması, sözügedən sammitdə 36 ölkədən nümayəndə heyətinin iştirak etməsi, BMT-nin baş katibi Quterreşin də sammitdə iştirakı Qərb üçün heç də adi hal sayıla bilməz.
Qərb artıq fərqindədir ki, BRİKS-in tarixi də, fəaliyyəti də nəinki tamamilə fərqlidir, eyni zamanda ən layiqli alternativ olaraq qəbul edilməkdədir. BRİS-in məhz 2000-ci ildə Qərblə razılaşa bilməyən dövlətlər tərəfindən yarandığı da məlumdur və məsələnin əsl mahiyyəti də elə bundan ibarətdir. Əgər təşkilata üzv olan Çin, Braziliya, Rusiya, Hindistan və Cənubi Afrikadan söhbət gedirdsə, deməli, Qərb onunla razılaşmayan dövlətlərin bir arada toplandığını "həzm etmək" məcburiyyətində qalır. Ən azından, heç olmasa arzulamadığı bir halı, görmək istəmədiyi bir mənzərəni müşahidə etməkdən başqa çarə tapa bilmir. Bax elə Qərbi silkələyən də, rezonans doğuran da məhz budur.
Öz hegemonluq niyyətini gizlədə bilməyən Qərb fundamental iqtisadi müstəvidə və texnoloji sektorlarda balansın öz ziyanına dəyişdiyini görür
Özünə tabe edə bilmədiyi, asılı vəziyyətə düşməyən, suverenliyini, müstəqilliyini hər şeydən üstün, hər şeydən uca tutan və öz siyasətini yürüdən ölkələrə qarşı Qərbin təzyiq göstərməsi də bu məqamda yada düşür və bu da təsadüfi deyil. Demokratiya adı, azadlıq və digər ali dəyərlər pərdəsi altında Qərb ölkələrinin getdikcə daha açıq şəkildə hegemonluq etmək niyyəti artıq göz önündədir. İndi Qərb öz hegemonluq niyyətini gizlədə də bilmir və öz istədiyi siyasəti yürüdən, suverenliyini, müstəqilliyini qoruyub saxlayan ölkələrə qarşı barışmaz mövqeyini də aşkar şəkildə bəyan edir. Çünki artıq gizlin şəkildə bunu etməyin mənası olmadığı qənaətindədir və Qərb görür ki, fundamental iqtisadi müstəvidə və texnoloji sektorlarda balans istər-istəməz özünün ziyanına dəyişməkdədir. Çinin dünyanın ən böyük iqtisadiyyatına çevrilmək üzrə olması və BRİKS-in qalan dövlətləri ilə birlikdə artıq "kollektiv Qərb"in resurslarını ötməyə başlanması, ən böyük iqtisadi resurslara malik olma Qərbin yuxusunu ərşə çəkib. Xüsusən də Çinin uğurları, nailiyyətləri, yüksək dinamika ilə inkişafı, Qərb ölkələrini sürətlə keçməsi məhz elə Qərb üçün çox "ağır" gəlir. Bu baxımdan Qərbin narahatlığını başa düşmək qətiyyən çətin məqam sayılmır. Elə bu rakursda da müşahidə edilən rezonans belə anlaşılandır.
Proqnozlara görə, qlobal iqtisadiyyat növbəti beş ildə məhz BRİKS ölkələrinin hesabına artacaq, genişlənəcək. Həmin proqnoz və gözləntilərə görə, Çin qlobal iqtisadi artıma maksimum töhfə verəcək. Əgər qlobal iqtisadi artıma Çin 21,7 faiz, Hindistan 15%, Rusiya 2,1%, Braziliya 2% töhfə verirsə, deməli, kollektiv Qərbin bundan geri qaldığı ortaya çıxır. Bir halda ki, qlobal iqtisadi artımın yalnız 11,6 faizi Amerikanın, 1,7 faizi Almaniyanın, 1,7 faizi yaponiyanın, 1,4 faizi Britaniyanın, 1,4 faizi Fransanın payına düşürsə, deməli, həqiqətən də Qərb çox böyük miqyasda geri qalır. Ən çox diqqət çəkən məqam odur ki, Bloomberg belə bu barədə açıq şəkildə yazır və BRİKS ölkələrinə rəğbəti aydın şəkildə də əsaslandırır. Yəqin ki, bu əsaslandırma özü də rezonans üçün ciddi səbəb hesab oluna bilər. Hər halda, Qərb bu məqmların heç birini diqqətdən yayındırmır deyə kürkünə birə düşüb.
BRİCS-in istər ideoloji, istərsə də iqtisadi baxımdan ciddi bazası var və bunu da Qərb yaxşıca başa düşür
Qərb tərəfindən irəli sürülən yanlış ideoloji siyasət, ABŞ kimi bir dövlətin maraqlarının neçə yöndəmsiz olması özü də rezonans üçün əsaslı səbəb hesab edilir. Ümimi dəyərlərə malik olduğunu tamamilə fərqli məqam kimi Qərbin göstərməyə çalışması əslində, cəfəngiyyatdan başqa bir şey deyil. Bəli, ola bilər ki, Qərb özü üçün hansısa "dəyərlər" müəyyən edib və buna görə də istənilən ölkəyə qarşı ədalətsizliyi məqbul sayır, amma başa düşə bilmir ki, bu tərz qəbul edilən deyil. Ən azından, öz suverenliyini düşünən, müstəqilliyini hər şeydən üstün, hər şeydən uca tutan ölkələr üçün tamamilə qəbuledilməz olduğu çılpaq şəkildə ortadadır. Belə olan halda, Qərb heç nəyə ümid edə bilmir və bu da daxildə bir silkələnməyə, bir rezonansa səbəb olur.
Görnündüyü kimi BRİCS-in istər ideoloji, istərsə də iqtisadi baxımdan ciddi bazası var və bunu da Qərb yaxşıca başa düşür. Onu da başa düşür ki, həm də elə məhz iqtisadi və ideoloji bazanın olmasına görə maraq doğurur. Sammitdə 13 namizəd dövlətin siyahısının razılaşdırılması ilə yanaşı, 30-dan çox dövlətin təşkilata qoşulmaqda maraqlı olduğunu bildirməsi də Qərb üçün sıradan bir hal və adi məqam deyil. Qərb görür ki, BRİKS-ə yaxınlaşan əksər ölkələr qlobal hegemonla müharibəyə girməkdənsə, balanslaşdırılmış çoxvektorlu siyasətə üstünlük verən assosasiyanı üstün hesab edirlər.
ABŞ, Qərb və müttəfiqləri başa düşürlər ki, qlobal sistemin yenidən balanslaşdırılması ilə bağlı proseslər artıq öz yolundadır. Çinin sürətli iqtisadi inkişafı, dinamik irəliləyişi, böyük templə yüksəlişi ilə bağlı da görünür amerikalılar barışıblar. Hər halda, ABŞ prezidentliyinə iki namizədin, daha dəqiq desək, Trampın və Harrisin Çinə münasibətdə tamamilə fərqli yanaşması bu baxımdan təsadüfi sayılmır. Ələlxüsus da, Qərbin dünya miqyasında öz hökmranlığını qoruyub saxlamaq uğrunda mübarizəsi fonunda iki namizədin belə bir yanaşması onu göstərir ki, BRİCS artıq ABŞ kimi bir dövləti əməlli başlı silkələyib və kifayət qədər hiss olunacaq həddə rezonans da doğurub.
Qərb çox yaxşı başa düşür ki, özünün tənəzzül mərhələsindədir. Fərqindədir ki, bütün dünyanın gələcəyi artıq BRİKS və ŞƏT kimi platformalarda müəyyən edilməkdədir. Deməli, onu da dərk edir ki, bundan sonra heç bir müstəvidə qərarlaşa və yenə də hegemonluq iddiasında ola bilməyəcək. Əksinə, artıq mövcud vəziyyətdə çarəsizliyi ilə barışmaqdan başqa çarəsi qalmayacaq. Deməli, narahatlığın səbəbi gün kimi aydın olur. İstənilən halda bu vəziyyət rezonans doğurmaya bilməzdi və xüsusən hegemonluq iddiasında olan Qərb üçün rezonans tamamilə məntiqidir.