Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Misirin Baş naziri Mustafa Mədbuli ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin müvafiq olaraq 2024 və 2023-cü illərdə baş tutmuş qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, həmin səfərlərin Azərbaycan-Misir əlaqələrinin tarixində yeni səhifə açdığı qeyd olunub.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq yüksək qiymətləndirilib, xüsusilə Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə olunub.
Görüş zamanı həmçinin Azərbaycan-Misir əlaqələrinin cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.