Prezident İlham Əliyev: “Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.”
Son 100 ildə Yer kürəsi iqlim dəyişmələri fonunda daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması kimi ekstremal hadisələrin təsirlərinə məruz qalıb. İqlim dəyişmələri iqtisadi inkişafa, insanların həyat fəaliyyətinə, demoqrafik proseslərə, dünyadakı siyasi vəziyyətə və milyon illər ərzində formalaşmış təbii eko¬sistemlərin strukturuna ciddi şəkildə təsir edir.
Gələcək nəsillərimizin sağlam və təhlükəsiz mühitdə yaşaması üçün bu məsələnin əhəmiyyəti danılmazdır. İqlim dəyişikliyi təkcə ekoloji məsələ deyil, həm də iqtisadi, sosial və strateji əhəmiyyət daşıyan qlobal bir problemdir. Bu səbəbdən, Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edir.
Bu gün qlobal problemlər, dünyanın gələcəyi Azərbaycanda müzakirə edilir. COP29 konfransı Azərbaycan üçün yalnız bir nüfuzlu beynəlxalq tədbir deyil, həm də davamlı inkişaf strategiyamızın bir hissəsi və iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün bir platformadır. Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübuta yetirir.
Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir: “Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.
COP29 elə başladığı gün ilk uğuruna imza atıb. Planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə COP29 çərçivəsində birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib: “COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir”.
Bütün dünya bilir ki, Ermənistan otuz ilə yaxın işğal altında saxladığı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yalnız tarixi və müasir tikililəri, infrastrukturları dağıdaraq yerlə yeksan etməyib, həm də həmin ərazilərin təbiətini məhv edib. Milli təhlükəsizlik və ərazi bütövlüyü məsələsi Azərbaycanın strateji fəaliyyət istiqamətlərindən hesab olunur. Dövlətimiz ərazi bütövlüyünün danışıqlar yolu ilə təmin edilməsi üçün 30 ilə yaxın mücadilə etmişdir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqe sərgilməsinə görə bu danışıqlar nəticəsiz qalmışdır. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu işğal altından olan torpaqlarımızı azad etmişdir. Hazırda həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Qeyd edək ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan bölgələri Azərbaycanda "yaşıl enerji" zonaları elan olunub.
"Yaşıl enerji"yə keçid, qeyd etdiyimiz kimi iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə mühüm addımdır. Prezident İlham Əliyev iqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ili ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edib.
Dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin daha bir əlamətdar qələbəsidir. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzv olmasından sonra Azərbaycan dövlətinin xarici siyasətinin ən böyük uğurudur. Bu, eyni zamanda, son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayan bəzi dairələrə də sanballı cavabdır. Hər beynəlxalq tədbirin təşkili Azərbaycanın nüfuzunu bir az da artırır. Təsadüfi deyil ki, bu gün rəsmi Bakı bütün sahələrdə öz sözünü deyə bilən aktora çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxışının sonunda dediyi kimi “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”
Ümumilikdə COP29 tədbiri, ölkənin ekoloji problemlərin həlli istiqamətində atacağı addımları daha təsirli və dayanıqlı edəcək. Daha yaxşı, daha təmiz dünyamız üçün belə beynəlxalq tədbirlərin keçirilməsi zəruridir.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri