Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi Qarabağda yaşayan ermənilərin separatçılıq hərəkatı, yüz minlərlə azərbaycanlının tarixi torpaqlarından uzaqlaşdırılması "Meydan hərəkatı"nın əsasını qoydu. Artıq 70 il hökm sürmüş imperiyanın əsl mahiyyəti hər kəsə aydın idi. Onun buxovlarından xilas olmaq məqamı yetişmişdi. 1988-ci ilin noyabrın 17-də 70 il sovet ittifaqının tərkibində yaşayan xalq bu imperiyaya qarşı etiraz olaraq haqq səsini, azadlıq səsini ucaldıb ayağa qalxdı. Milyonlarla insanın meydana yol alması artıq ölkəmizin həyatında dönüş nöqtəsi idi. Ermənilərin Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başlaması, Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri xalqımızın haqsızlıqlara qarşı barşımaz mövqeyini, iradəsini ortaya qoymuş oldu. Məlumdur ki, 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlanmışdı. Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlının öz ata-baba yurdlarından kütləvi surətdə qovulması, artıq vəziyyətin olduqca gərgin olmasının göstəricisi idi. Öz tarixi toraqlarından, ev-eşiklərindən qovulan azərbaycanlılar ermənilərin iyrənc, tükürpədən əməlləri ilə də üz-üzə idilər. Onlara verilən cismani cəza, insanların diri-diri yandırılması erməni vəhşiliyinin nə dərəcədə olduğunu göstərirdi. Əslində, bu əməlləri törədənlər vəhşilər idi. Çox təəssüf ki, ermənilərin tarixdə görünməmiş bu vandalizminə, təcavüzünə ovaxtkı keçmiş SSRİ rəhbərliyi də reaksiya vermirdi. 1988-ci ilin fevralın əvvəllərində Qarabağda ixtişaşlar törətdilər. Azərbaycanın tarixi torpağı olan Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. Azərbaycan xalqı etirazını rəhbərliyə çatdırsa da, nə Moskva, nə də Azərbaycanın ovaxtkı rəhbərliyi tərəfindən tədbir görülmədi. Əlbəttə ki, artıq xalqın haqq səsinin ucaldılması zərurəti yaranmışdır. Milyonlarla insanın toplaşdığı "Azadlıq meydanı" bir məslək yolunda olan insanların toplandığı məkan idi. Milyonlarla insanının həmrəyliyi, bir məqsəd uğrunda birləşməsi xalqın böyüklüyünü, eləcə də onun müstəqillik yolunda mücadilə etmək bacarığını ortaya qoydu. Ötən əsrin əvvəllərində azadlığı, mütəqilliyi yaşayan Azərbaycan xalqı bir əsrdə ikinci dəfə bu yolda mücadiləyə qalxdı. Çətin bir yol olsa da, müstəqilliyin böyük nemət olması insanları heç nədən çəkindirmədi. "Azadlıq", "Qarabağ bizimdir" kimi şüarlarla keçirilən mitinqlər Bakını, eləcə də respublikamızın şəhər və rayonlarını bürüdü. Bu, artıq böyük bir oyanış idi. Xalqın müstəqilliyi yolunda oyanışı.
MİLLİ DÖVLƏTÇİLİYİMİZİN DİRÇƏLİŞİ İSTİQAMƏTİNDƏ İLK BÖYÜK TARİXİ ADDIM
17 günlük "Meydan hərəkatı" Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub. 17 noyabr Azərbaycanın tarixi salnaməsində azadlıq hərəkatı, diçəliş günü olaraq yer alıb. Hər il Azərbaycanda 17 Noyabr Milli Dirçəliş gününün qeyd edilməsi məhz tarixi reallıqlara söykənir. Milli Dirçəliş yolu milli birlik və milli həmrəylikdən keçir. 17 noyabr hadisəsi sübut etdi ki, Azərbaycan xalqının məqsədi, məramı azadlıq, müstəqillikdir və bu yolda canlar fəda edilsə də, xalq iradəsini qırmaq qeyri-mümkündür.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi və Muxtar Respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. Əlbəttə ki, o zaman hələ Azərbaycan imperiyanın tarix səhnəsindən silinməmişdi və Naxçıvanın adından qeyd olunan sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bu, Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük tarixi addım idi. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Müzakirədən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.
AZƏRBAYCAN XALQIN MİLLİ OYANIŞ ZİRVƏSİ
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışı Azərbaycan həyatında dönüş nöqtəsi oldu. Azərbaycanda inkişafın yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində, ölkəmizdə bütün sahələrdə yaşanılan tənəzzül ölkəni böhran vəziyyətə salmışdır. Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursu sayəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Ulu Öndər Heydər Əliyev Şəxsiyyət, Siyasi Xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq, Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə böyük sıçrayış baş verdi. Həmin tarixə qədər son illərdə baş verən hadisələr, xalqı, bütövlükdə, uçuruma sürükləyən məqamlar - istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda, xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini doğrultdu. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmli idi ki, Ulu Öndər Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı.
Bugünki mövcud vəziyyət, iqtisadi inkişaf, siyasi sabitlik, eləcə də, beynəlxalq aləmdə ölkəmizə inamın və marağın artması, məhz Ulu Öndər Heydər Əliyevin siyasətinin təntənəsidir. Müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi və milli tariximizin şanlı səhifələridir. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən Ümummilli Liderin Azərbaycan Ordusunun qurucusu və yaradıcısı olması faktını da qeyd etməliyik. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Ordumuz hərb elminin prinsipləri əsasında yaradıldı, dövlət səviyyəsində hərtərəfli qayğı ilə əhatə olundu, müasir dünya ölkələrinin təcrübəsi əsasında formalaşma yolu keçməyə başladı.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimiz daha da möhkəmlənib. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünyada söz sahibi olan Azərbaycan Cənubi Qafqazın lideri statusunu daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən əsas amillərdəndir. Sevindirici haldır ki, bu gün Azərbaycan Zəfər çalmış bir xalq, dövlət olaraq da dünyada tanınır. 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsindəki Qələbə Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib. Bu qələbə Cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın inamı və şəhidlərimizin qanı bahasına əldə olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz Ermənistana böyük zərbə vurdu və əzəli torpaqlarımız işğaldan azad olundu. Ulu Öndərin məhvolma təhlükəsindən xilas edib inkişaf yoluna çıxardığı Azərbaycan dövləti sözün əsl mənasında, daha da möhkəmlənib.
Bəli, 17 noyabr tarixi bir daha göstərdi ki, azad düşüncəli xalqı müstəmləkə altında saxlamaq olmaz. Bu gün Azərbaycan xalqın milli oyanışının zirvəsi oldu. Həmin tarixdən Azərbaycan böyük inkişaf yolu keçdi, iqtisadi gücü yüksəldi, dünyada söz sahibinə çevrildi. Məhz bu güc Azərbaycanı dirçəlişdən Zəfərə doğru apardı. 30 ilə yaxın mənfur düşmən tapdağı altında olan torpaqlarımız azad edildi, xalqımız Zəfər tarixini yaşadı. Bu Zəfər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, xalq-iqtidar birliyinin təntənəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycan tarixinə Zəfər gününü yazdı.
Nəzakət ƏLƏDDİNQIZI