Millətlər Birliyinin 56 üzvündən 25-nin inkişaf etməkdə olan ada dövləti təşkil edir. Bu dövlətlər iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Fiziki baxımdan daha az ərazini əhatə etmələrinə baxmayaraq qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Bütün bunlar onların müqavimət gücünü zəiflədir. Bu səbəbdən, kiçik ada dövlətlərinə verilən prioritet Millətlər Birliyinin proqramının əsasını və beynəlxalq sistemdə fəaliyyətinin əsasını təşkil edir.
Noyabrın 13-də Bakıda keçirilən COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin iqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunması xüsusi əhəmiyyətə malikdir.
Sammitdə iştitirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında kiçik ada dövlətlərinin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil etdiyini vurğulayaraq əlavə etdi: “Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır”.
Kiçik ada dövlətləri coğrafi yerləşmələri və iqtisadi quruluşları səbəbindən iqlim dəyişikliklərinə ən həssas ölkələr arasında yer alır. Dəniz səviyyəsinin yüksəlməsi bu kiçik ada ölkələrində sahil eroziyası, şorlaşma, su basması və yaşayış məntəqələrinin itməsi ilə nəticələnir. Adaların sakinləri şirin su ehtiyatlarının azalması, şorlaşma və suyun keyfiyyətinin pisləşməsi kimi problemlər yaşayır.
Kiçik ada dövlətlərinin üzləşdiyi bu təbii fəlakətlərin həlli üçün qlobal səviyyədə karbon emissiyalarının azaldılması, təmiz enerji mənbələrinə keçid və davamlı inkişaf məqsədlərinə nail olunmalıdır. Bəzi fəlakətlərin təsirlərini azaltmaq üçün adaptasiya tədbirləri vacibdir. Dəniz səviyyəsinin yüksəlməsinə qarşı müdafiə bəndləri və digər mühəndislik qurğularının tikilməsi, su ehtiyatlarının idarə edilməsi, əkinçilik üsullarının dəyişdirilməsi və erkən xəbərdarlıq sistemlərinin qurulması kimi vacib tədbirlər görülməlidir.
Azərbaycan kiçik ada dövlətlərinə bir sıra humanitar və maliyyə dəstəkləri ilə fərqlənir. Fəlakət qarşısında zəif olan ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göndərmiş, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası kimi sahələrdə də dəstəklərini əsirgəməmişdir.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 Konfransı inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmaqla yanaşı, qlobal arenada yeni bir əməkdaşlıq mərhələsinin başlanğıcını qoydu.
Rövşən ƏHMƏDOV,
YAP Ağcabədi rayon təşkilatının sədri