Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
Mühüm təbiət abidəsi kimi Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rol oynayır. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir. Bu gün də Mərkəzi Nəbatat Bağına dövlətimiz tərəfindən xüsusi diqqət yetirilir. Xatırladaq ki, Mərkəzi Nəbatat Bağının müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədilə "Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti 2022-ci ilin 5 may tarixində Sərəncam imzalamışdır. Sərəncama əsasən, Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrıldı. Bu gün Mərkəzi Nəbatat Bağında aparılan yenidənqurma işləri Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq həyata keçirilib.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər. Dövlətimizin başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlayıb. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə - 2023-cü ilin iyul və bu ilin iyun ayında Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olmaları bunu bir daha təsdiq edir.
ÖLKƏMİZDƏ BİTKİ BİOMÜXTƏLİFLİYİNİN QORUNMASINA VƏ SƏMƏRƏLİ İSTİFADƏSİNƏ TÖHFƏ
Əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.
Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib. Bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.
Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.
Vurğulamaq yerinə düşər ki, 1960–1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Bu illərdə Botanika bağı Bakı, Gəncə, Sumqayıt şəhərləri və Naxçıvan MR-nın, o cümlədən Bakı şəhərinin Yaşıllaşdırma Təsərrüfatı və Abşeronun sənaye müəssisələrinin, məktəb və bağçaların yaşıllaşdırılması üçün 10 mindən artıq ağac, kol və çiçək bitkiləri vermişdir. Bu illərdə Botanika bağının yeni ərazisində botaniki-coğrafi rayonlaşdırma prinsipə görə sahələrin yaradılması işlərinə başlandı. 1977-ci ildə akademik Həsən Əliyevin rəhbərliyi ilə yaradılmış xüsusi komissiya Bakı şəhər Yaşıllaşdırma Tresti, Milli Elmlər Akademiyasının alimləri, Bakı şəhər Sovetinin nümayəndələri ilə birlikdə bağın inkişafı haqqında tədbirlər planı hazırladı. Bununla əlaqədar olaraq 1978–1980-ci illərdə Botanika bağının abadlaşdırılması işlərinə yeni təkan verildi. 1980-ci illərin axırı və 1990-cı illərin əvvəllərində layihələndirilmiş böyük tikililərin, hovuzların inşaası dayandırıldı. AMEA Rəyasət Heyətinin 22 noyabr 2000-ci il tarixli 22/9 saylı qərarı ilə Nəbatat bağının adı dəyişdirilərək "Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı" adlandırıldı.
Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.
PAYTAXTIMIZ DÜNYANIN ƏN GÖZƏL VƏ MÜASİR ŞƏHƏRLƏRİ SIRASINDA
Ölkəmizin hər bir yerində aparılan-abadlıq quruculuq işləri onun simasını köklü şəkildə dəyişib, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti yaxşılaşıb, əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların ahəngdarlıqla qovuşaraq, mükəmməl harmoniya yaratdığı Bakı Qız Qalası, Qala Divarları, Şirvanşahlar Saray Kompleksi, məscidləri, karvansaraları və digər memarlıq abidələri ilə sirli aləmə çevrilən paytaxtımıza yeni çalarlar əlavə olunub. Bura tariximizin daş yaddaşıdır, onun hər parçası keçmişimizin əbədiləşmiş məqamlarını özündə yaşadır. Geniş vüsət alan abadlıq-quruculuq və yenidənqurma işləri paytaxtımıza yeni bir ahəng gətirib. Xüsusilə, böyük parkların, xiyabanların salınması və köhnə tikililərin sökülərək, yenilərinin inşası şəhərimizə yeni çalarlar əlavə edib. Şəhərin simasına xüsusi gözəllik verən yaşıllıqlar Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına də təsirsiz ötməyib. Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də şəhərsalma mədəniyyətini özündə göstərmiş olur. Küləklər şəhəri kimi tanınan Azərbaycanın paytaxt şəhəri olan Bakı da yüz illər ərzində formalaşan qədim şərq və müasir qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrini özündə əks etdirən məkandır. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın adı dünyanın ən gözəl və müasir şəhərləri sırasında hallanır. Bakının görkəmi tamamilə dəyişir, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binaları, sosial və digər qeyri-yaşayış obyektləri sökülərək yenidən qurulur.
EKOLOJİ TƏMİZ ZONA
Bakıdakı Dənizkənarı Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada "Baku Kristal Hall"ın inşası bu ərazinin görkəminə yeni rəng əlavə edib. Bakı Bulvarında bərpa edilən "Qu quşları" fəvvarə kompleksi də bu əzəmətə, görkəmə xüsusi bir rəng qatır. "Qu quşları" fəvvarə kompleksi 60 ildən artıq tarixə malikdir. Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın da istifadəyə verilməsi, "Sovetski" adlanan ərazidə abadlıq və yenidənqurma işlərinin aparılması və s. Bakının inkişafının yeni dövrünü yaşadığını təsdiq edir və şəhərimizin gözəlliyinə yeni gözəlliklər qatılır. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulur. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Ekoloji fəlakət mənbəyi olan Balaxanıda, Bibiheybət neft mədənlərində, Böyükşorda aparılan işlər nəticəsini verib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Bakıda havanın keyfiyyətinin böyük dərəcədə yaxşılaşdığını diqqətə çəkərək, havanı çirkləndirən bir çox mənbələrin ləğv edildiyini bildirib: "Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı və ekologiyanı böyük dərəcədə çirkləndirən "Qara şəhər" idi. indi onun yerində "Ağ şəhər" yerləşir. Bu da, böyük şəhərsalma layihəsidir. Əlbəttə, Balaxanı zibilxanası havanı, demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib".
Bölgələrimizlə yanaşı, dünyanın qədim neft sənayesi mərkəzi olan paytaxt Bakı da qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Son illər Bakıda həyata keçirilən ardıcıl inkişaf prosesi şəhərimizin tarixi ilə müasirliyini özündə birləşdirərək tamamilə yeni bir simadadır.
Nəzakət ƏLƏDDİNQIZI