Siyasət

  • 421

Sosial müdafiədə yeni hədəflər

image

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara 6 326 mənzil və fərdi ev təqdim edilib

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində ölkəmizdə sosialyönümlü layihələrin sayı genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir.

Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb.

Əlilliyi olan insanlara Ümummilli Lider Heydər Əliyevin vaxtilə göstərdiyi diqqət və qayğı 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. "Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək" - deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.

"QARABAĞ QAZİLƏRİ BİLMƏLİDİRLƏR Kİ, BİZ DAİM ONLARIN YANINDAYIQ, SÖZDƏ YOX, ƏMƏLDƏ"

Son illərdə bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir. Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq, bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda, onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır. Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.

44 günlük Vətən müharibəsində sağlamlığını itirmiş oğulların sağlamlığının bərpası və normal həyata qayıtmağı üçün dövlətimiz tərəfindən addımlar atılır. Dövlət başçısının çıxışlarının birində bildidiyi kimi "Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək".

DƏSTƏK YÖNÜMLÜ 363 MİN XİDMƏT

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,2 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 326 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 68,1 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 363 min xidmət göstərilib.

Əlbəttə ki, vəd və əməl hər zaman özünü təsdiqləyib. Müharibənin qurtarmasından ötən müddət ərizində döyüş meydanında sağlamlığını itirmiş hərbçilərin sağlamlığının tam bərpa məqsədi ilə 4-cü nəsil müasir protezlərlə təmin edilib. Vurğulamaq yerinə düşr ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsini həyata keçirib. Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimiz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondun icra etdiyi xüsusi layihə çərçivəsində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər.

490 ŞƏXS 599 ƏDƏD YÜKSƏK TEXNOLOGİYALI MÜASİR PROTEZLƏ TƏMİN OLUNUB

Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihə çərçivəsində 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Döyüşlərində əlil olmuş şəxslər yüksək texnologiyalı reabilitasiya vasitələri, hərəkət edən son - 4-cü nəsil müasir protezlərlə təmin edilib. "Bax, bunu biz edirik... Biz artıq bir neçə reabilitasiya mərkəzi yaratmışıq və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə", - Prezident qeyd edib.

Müharibə ilə əlaqədar əlilliyi olan 2232 şəxs 61,1 min reabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 599 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 24,4 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında" 30 mart 2017-ci il tarixli Sərəncamı bu istiqamətdə mühüm addımın atılmasına imkan verib. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıqlarını itirmiş qəhrəman Vətən övladları hər zaman diqqət və qayğı ilə əhatə olunub. Onların hər birinin aktiv həyat tərzinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir.

Müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin də yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm bazadır.

Əlbəttə ki, hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biridir. Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə və dövlətdə böyük nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatının bütün sahələrini - əmək və məişət şəraitinin yaxşılaşdırılmasını, sosial ədalət prinsipinin reallaşdırılmasını, əhalinin etibarlı sosial müdafiəsinə nail olunmasını, məşğulluq probleminin həllini, maddi və mənəvi tələblərin təminatını və digər bu qəbildən olan halları əhatə edir. Ölkədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin, eləcə də əlillərin etibarlı sosial təminatı diqqətdədir. 44 günlük Vətən müharibəsində sağlamlığını itirmiş oğulların sağlamlığının bərpası və normal həyata qayıtmaları üçün dövlətimiz tərəfindən addımlar atılır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər