"Azərbaycan dövləti demokratik bir cəmiyyət yaradıbdır. Bu demokratik cəmiyyətdə demokratiyanın tələb etdiyi bütün amillər mövcuddur: söz azadlığı, mətbuat azadlığı, insanın bütün azadlıqları, vicdan azadlığı, ayrı-ayrı siyasi təşkilatlar yaratmaq, partiyalar yaratmaq, tamamilə sərbəstlik - yəni demokratiyanın tələblərinə uyğun olan bütün amillər Azərbaycanda bu gün mövcuddur. Bəlkə də ölkəmizi bizimlə bərabər müstəqillik əldə etmiş başqa ölkələrlə müqayisədə, yəni Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə müqayisə edəndə burada bu azadlıqlar daha da çox yer alıbdır. Əgər elə olmasaydı Azərbaycanda bu qədər siyasi partiya olmazdı, Azərbaycanda mətbuat bu qədər azad olmazdı, qəzetlər bu sayda olmazdı və qəzetlərə, mətbuata bu qədər azadlıq verilməzdi. Bunlar hamısı demokratiyanın Azərbaycanda mövcud olmasıdır", - deyə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev çıxışlarının birində bildirmişdir. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarxində böyük rolu vardır. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb. Onun ideyaları hər bir azərbaycanlı üçün dəyərlidir. Böyük Şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanı, xalqını, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxarıb.
Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində belə deyirdi:
HƏR BİR AZƏRBAYCANLI ÜÇÜN DƏYƏRLİ İDEYALAR
Ümummilli Liderin siyasi zəkasının məhsulu olan qüdrətli Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sisteminin formalaşmasına nail olunub. Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın qazandığı böyük uğurlar, məhz Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsidir. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünki uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarxində böyük rolu vardır. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb. Onun ideyaları hər bir azərbaycanlı üçün dəyərlidir. Böyük Şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanı, xalqını, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxarıb.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən, Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına və xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə başlanılıb. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olub. Kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində və əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edilib. Dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlandı və dərhal onların icrasına başlanıldı. Böyük Siyasətçi iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı və mədəniyyətin müxtəlif sahələrində vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək yolunda qətiyyətlə, yorulmadan çalışırdı. Qısa bir zaman məsafəsində bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik və istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.
YENİ DÖVRÜN TƏLƏBLƏRİNƏ UYĞUN İSLAHATLAR
1990-cı illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən, separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən, iqtisadiyyatımız tamamilə dağılmışdır. Şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. İqtisadiyyatımız böhranlı vəziyyətə gəlib çatmış, işsizlik, demək olar ki, kütləvi hal almışdı. Bunun nəticəsi olaraq əhalinin yaşayış səviyyəsi minimum səviyyəyə çatmışdı. Ölkənin ictimai-siyasi həyatında anarxiya, xaos hökm sürürdü. 15 İyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni düçar olduğu vəziyyətdən çıxardı. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı.
15 iyun 1993-cü il tarixində baş verən hadisə - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlətçiliyimizi yox olmaq təhlükəsindən qurtardı. Ulu Öndər Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynadı. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi və tənəzzülə uğramasının qarşısının alınması, yeni dövrün tələblərinə uyğun tərzdə islahatların həyata keçirilməsi önəmli idi ki, Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı.
ZƏNGİN TƏBİİ SƏRVƏTLƏRİNDƏN SƏMƏRƏLİ İSTİFADƏ
1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması milli iqtisadi inkişafın təməlini qoydu. Əlbəttə, "Əsrin Müqaviləsi"nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. Azərbaycanın "Əsrin Müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".
"Əsrin Müqaviləsi"nin tərəfdaşı olan ölkələrin, demək olar ki, hər biri dünyada böyük nüfuza və gücə malik ölkə idi. Həmin dövr üçün bu ölkələrin Azərbaycanın tərəfdaşına çevrilmələri təhlükəsizliyimizin təminatına səbəb olan amillərdəndir. Bu müqavilə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısına çevrildi. Nəinki regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu. "Əsrin Müqaviləsi" sayəsində Azərbaycana birbaşa investisiyalar qoyuldu və ölkəmiz dünya bazarında iqtisadi müttəfiq kimi tanındı. Bununla yanaşı, Azərbaycan beynəlxalq hüquq müstəvisində iqtisadi maraqlarını və iqtisadi hüquqlarını qorumağa başladı.
MÜTƏRƏQQİ KONSTİTUSİYAMIZ
Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Dahi Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali Sənəd müstəqil Azərbaycan Konstitusiyası kimi tarixə yazıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdi. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi - referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul edərək, Ana Qanunumuzda qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmiş oldu. Qeyd edək ki, Milli Məclisin 1995-ci il 2 may tarixli qərarı ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də keçirildi. Həmin iclasda çıxış edən Ulu Öndər Heydər Əliyev qeyd edib ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması olduqca mühüm bir tarixi hadisədir: "Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik". Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikası Konstitusiya Günü elan edildi. Hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır”.
İlk ali Qanunu qəbul etməklə, Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. Müstəqil dövlətin ilk Konstitusiyası, eyni zamanda, xalqımızın dünyəvi, milli-mənəvi prinsipləri rəhbər tutaraq, seçdiyi gələcək yolun ifadəsi idi. 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılması idi. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Belə ki, mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. 2002-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman Təsisatı fəaliyyətə başladı.
YENİ GEOİQTİSADİ GÜC MƏRKƏZİ
1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı.
Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirib, dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaradıb. Respublikamız, eyni zamanda, bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi güc mərkəzi modelini yaradıb. Azərbaycan qarşıdakı onilliyin inkişaf istiqamətlərini müəyyənləşdirib. Qarşıdakı dövrün layihələri ümidverici və irəliyə baxmaq üçün stimulvericidir.
Azərbaycanda bu gün müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim olaraq yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Azərbaycan durmadan yüksəlir, inkişaf edir və uğurlar qazanır.
QURUCU VƏ XİLASKAR DÖVLƏT XADİMİ
2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından belə söhbət açıla bilməzdik. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.
Ölkəmizin bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması və s. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə daha da möhkəmləndirir.
Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan tarixinə qurucu və xilaskar dövlət xadimi kimi əbədi həkk olunub.
Zümrüd BAYRAMOVA