PDF Oxu

Siyasət

  • 1 037

Daim ədalətin, beynəlxalq hüququn yanındayıq

image

Dekabrın 17-də dövlətimizin başçısı İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi mühüm məqamlarla diqqətdə oldu. Belə ki, həmin müsahibə bir daha Azərbaycanın tarixi Zəfərdən sonra regionda və dünyada möhkəmlənən mövqeyinə aydınlıq gətirdi.

Bu reallıq inkaredilməzdir ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti onun yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.
Regionda siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycan bölgədə sabitliyin qorunmasına öz töhfəsini verir. Diplomatik səyləri ilə Qərbdə, istərsə də Şərqdə düşünülmüş xarici siyasət yürüdən Azərbaycan tamamilə müstəqil aktor kimi mövqeyini bildirir. «Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq» söyləməklə ötən illərdə olduğu kimi , hazırda da Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlərin ölkəmizdə keçirildiyini xatırladan dövlətimizin başçısı belə mühüm tədbirlər üçün siyasi sabitliyi ilə fərqlənən Azərbaycana üstünlük verilməsini təsadüfi deyil, düşünülmüş, əldə olunmuş razılığın məntiqə uyğun seçim kimi dəyərləndirir. Bir daha təsdiqlədi ki, Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən Azərbaycan kimi ölkələr çox deyil.
Müsahibəsində Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətlərinə böyük önəm verdiyini diqqətə çatdaran Prezident İlham Əliyev qardaş ölkə ilə 1992-ci ilin əvvəlindən təməli qoyulan hərbi əməkdaşlığın davam etdirildiyini bildirdi. Qeyd etdi ki, 30 ildən artıq müddətdə rəsmi Ankaranın müdafiə strukturları Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsində, döyüş qabiliyyətinin artmasında, əməliyyatların planlaşdırılmasında, hərbi kəşfiyyatın potensialının yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq. Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bəndin olduğunu xatırladan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan da, Türkiyə də Müttəfiqlik Bəyannaməsində qeyd olunan öhəliklərinə sadiqdirlər. Yəni, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, hər iki qardaş ölkə biri-birinə köməyə gəlməlidir: «Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz”.
Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, yeni istiqamətlər üzrə inkişafı hazırkı dövrün reallıqlarının təbliğində öz sözünü deyir. Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq mühüm yer tutur. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlətimizin başçısı bu birliyin daha da möhkəmləndirilməsinə töhfələri ilə diqqətdədir. Dünya hər zaman Azərbaycan-Türkiyə münasibətlərinin fonunda ümumilikdə türk dünyasının birliyini görür. Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, iki dost, qardaş, müttəfiq ölkənin münasibətlərinə diqqət yönəldilməsin. Bir-biri ilə sıx tellərlə bağlı olan Azərbaycan və Türkiyə daim ədalətin, beynəlxalq hüququn yanındadırlar.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Digər xəbərlər