PDF Oxu

Siyasət

  • 1 289

İlham Əliyev: Tarixi Şəxsiyyət və qlobal siyasi Lider

image

Müasir beynəlxalq koordinatlar sisteminin nizamı pozulubdur. Beynəlxalq hüquq “erroziya”ya uğrayıbdır. Bu reallığı şərtləndirən çoxsaylı motivlər və səbəblər mövcuddur. Onların sırasında bir amilin rolu xüsusi çəkiyə malikdir. Bu, ilk növbədə planetimizdə qlobal lider kəsiri-məhdudluğu ilə bağlı məsələdir. Bu gün ABŞ-a heç də Franklin Delano Ruzveltlər, Böyük Britaniyaya Uinston Çerçillər, Fransaya Şarl de Qollar və Almaniyaya Konrad Adenauerlər rəhbərlik etmirlər. Bu qlobal siyasi liderlərin müasir varisləri heç bir halda sələflərinə adekvat deyillər. Xələflər nəinki dünya miqyasında təhlükəsizliyin təminatına töhfə verə bilmir, bir çox hallarda öz davranışları ilə lokal, regional və beynəlxalq səviyyələrdə qarşıdurma mühitinin formalaşmasına rəvac verirlər. Bu baxımdan planetimiz, bəlkə də, heç vaxt indiki qədər təhlükəli olmamışdır. Təhlükənin olduğunu hiss etməməyin özü isə ən böyük təhlükədir.

Müasir dünyamızın sadalanan acı reallıqları fonunda Prezident İlham Əliyev elə də böyük olmayan dövləti-Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun aktoruna çevirmişdir. Qlobal təhlükəsizliyin, o cümlədən qitəmizdə enerji və nəqliyyat təhlükəsizliyinin təminatında Azərbaycanın rolu misilsizdir. Azərbaycan dünyaya təkcə neft və qaz deyil, eyni zamanda multikultural dəyərlər ixrac edir. Bu xüsusda Prezident İlham Əliyevin fikirləri aforizm tutumuna və reallığa adekvat gücünə malikdir: “Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, sözünün məna və çəkisi böyükdür.” Dövlətimizin rəhbəri olduqca təvazökar insan olduğundan Azərbaycanın dünya miqyasında sözünün izafi çəkiyə malikliyinin real səbəbi qismində öz adını və tarixi fəaliyyətini vurğulamır. Xalqın gözü tərəzidir. Xalq öz liderini sevir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı öna görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 21 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 21 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi «Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm»,- fikirləri ilə real məzmun kəsb etməyə başladı.
Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Heydər Əliyev siyasətini davam etdirəcəyini bir daha bəyan etdi: "Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir".
Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərçiyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artıralacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. Neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.
Yuxarıda qeyd etdiyimiz fikir və mülahizələri empirik yanaşmalarla təsdiqləməyə çalışaq.
2003-2008-ci illər ərzində Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard manatdan 30,7 milyard manatadək artdı. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollara çatdı ki, bu da keçid dövründə yaşayan dövlət üçün çox böyük rəqəmdir. Azərbaycan 2004-2008-ci illər ərzində iqtisadi artım sürətinə görə dünyada birinci yeri tutdu. 2003-2008-ci illər ərzində sənaye istehsalı 2,7 dəfə artdı.
Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə bu göstərici 15 milyard dollara bərabər oldu. 2003-cü ildə ölkənin valyuta ehtiyatları 1,6 milyard dollar səviyyəsində idi. 2008-ci ilin sonunda bu rəqəm 17 milyard dollar təşkil etdi.
Özəl sektorun inkişaf etdirilməsi məqsədilə hər il bu sektorda fəaliyyət göstərən sahibkarlara 80 milyon manat məbləğində güzəştli kreditlər verildi.
Hələ 31 oktyabr 2003-cü ildə Prezident İlham Əliyev beş il ərzində Azərbaycanda 600 min yeni iş yerinin açılacağına vəd edəndə, çoxları buna xəyal kimi baxırdı, lakin zaman dövlət başçısıının sözlərinin həqiqət olduğunu sübut etdi. Hesabat dövründə 741 min yeni iş yeri açıldı ki, onlardan da 531 mini daimi iş yerləri idi.
Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında 2003-2008-ci illər ərzində ordu quruculuğu prosesi də çox sürətlə getdi. Ordunun hazırlıq, peşəkarlıq səviyyəsi artdı, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görüldü. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar idisə, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatdı.
Eyni zamanda İlham Əliyevin birinci prezidentliyi dövründə Azərbaycanda neft-qaz hasilatı da yüksək nəticələrlə xarakterizə oluna bilər. Əgər 2003-cü ildə neft hasilatı 15,4 milyon ton, qaz hasilatı 5,5 milyard kubmetr idisə, 2008-ci ildə anoloji göstəricilər neft istehsalında 50 milyon ton, qaz hasilatında isə 20 milyard kubmetrdən çox oldu.
Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu inkişaf kursu sistemli və davamlı xarakter kəsb edir.
Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son 5 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakteizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-itisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanmsı olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.
Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin bütövlükdə 21 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq cevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezient İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin-Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bilir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Həmin həqiqətlərdən bir neçəsi üzərində dayanaraq yuxarıda səsləndirdiyimiz fikir və mülahizələrimizi əsaslandıraq. Məlum həqiqətdir ki, 2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ-ın yeni prezidenti Barak Obama və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə görüşünü keçirməyi hədəfləmişdilər. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi. Bununla da əslində bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın qətiyyəti və iradəsi böyükdür. Prezidenti və xalqı arasındakı birlik böyükdür. Son nəticədə, böyük dövlətlər arxasında xalqı dayanan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə-Ermənistan sərhədləri bugünə kimi bağlıdır. Onların açılması baglanmasına səbəb olan amillər tam aradan qaldırıldıqdan sonra mümkün ola bilər. Bu hər iki qardaş dövlətin rəhbərləri olan cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir.
Prezident İlham Əliyevin bütün diplomatik addımları millli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qalacaqlar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətələb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi boyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.
Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Bu baxımdan 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin rəhbəri, general Peti Pavelin, 2018-ci ilin aprel və dekabr aylarıda general Gerasimov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş komandanı Kertis Skaparatti , 2019-cu ilin iyul ayında Rusiyanın eyni ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında və nəhayət 2019-cu ilin noyabr ayında Rusiya Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır. Beləliklə, Bakı 6-cı dəfədir ki, Rusiya ilə Qərb arasındakı ali hərbi danışıqlara ev sahibliyi etmiş oldu. Heç şübhəsiz, bu seçim səbəbsiz deyildir. Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.
Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 21 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri üzrə işlər 2020-ci ilin 15 noyabr tarixində tamamlandı. Dekabrın 31-də isə Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına çıxışı tam təmin olundu.
Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”
2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.
Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktin imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.
Son 21 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıbdır. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır. Artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi çox böyük layihələrdir. Xüsusilə 2019-cu ildə Azərbaycanın qlobal nəqliyat qovşağı kimi statusu daha da möhkəmlənmişdir. Çindən gələn ilk qatar Bakı-Tbilisi-Qars dəmir yolundan keçərək Avropaya çatmişdir. Milli iqtisadiyyata təkan verəcək, daşınma xərclərini azaldacaq dəmir yolu sistemi müasirləşdirilib və bu proses davam etməkdədir.
Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində Azərbayacan son 21 il ərzində təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmir, eyni zamanda dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliğı istiqamətində fantastik nailiyyətlərə imza atır. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafoboya kimi təhlükəli meyllərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı da qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.
“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm-dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”,-deyən Prezident İlham Əliyevin təşəbbüsü ilə “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu təşəbbüs BMT çərçivəsində yüksək dəyərləndirilmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki illik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılıarının böyük idman bayramlarına ev sahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası, 2017-cildə IV İslam Həmrəylik oyunlarına ev sahibliyi etməklə mədəniyyətlər arasında unukal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük tohfə vermişdir. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan etmişdir. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbət hissi ilə qarşılanmış və böyük siyasi rezonans doğurmuşdur.
2019-cu ilin 15 oktyabr tarixndə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (indiki adı Türk Dövlətləri Təşkilatı) VII Zirvə görüşünün keçirilməsi və quruma sədrliyin Azərbaycan həvalə edilməsi, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi və Azərbaycana tərkibində BMT-yə üzv dövlətlərin 2/3-nin təmsil olunduğu bu nəhəng beynəlxalq quruma 3 il müddətinə sədrlik etmək hüququnun verilməsi, həmin ilin 14 noyabr tarixində Azərbaycan paytaxtının Dünya dini liderlərinin II Bakı Sammitinə ev sahibliyi etməsi, 2019-cu ili oktyabrı 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2023-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması, həmin ildə Çin Xalq Respublikası ilə iqtisadi və siyasi münasibətlərini daha da inkişaf etdirərək Azərbaycanın “Bir Kəmər Bir yol” təşəbbüsündə “orta marşrut”un fəal və mühüm iştirakçısı kimi yerini möhkəmləndirməsi və digər mühüm tədbirlər, heç şübhəsiz, müəllifi Prezident İlham Əliyevin olduğu Azərbaycanın müstəqil və milli maraqlara söykənən fəal xarici siyasət kursunun böyük uğurları kimi qiymətləndirilməlidir.
Bundan savayı, Prezident İlham Əliyevin müəyyən etdiyi dinamik xarici siyasət kursunun tələblərinə uyğun olaraq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində sanballı addımlar atılmışdır. Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçidini təmin edəcək genişmiqyaslı ”Strateji tərəfdaşlıq” sazişinin hazırlanması prosesində Azərbaycan öz milli maraqlarından çıxış edir və danışıqlar prosesi sonuncu mərhələdədir.
Ölkəmizin qazandığı bütün bu tarixi uğurlar fonunda 2019-ci ilin dekabr ayında Çin Xalq Respublikasının Uhan şəhərindən başlayaraq dünyanın bütün ölkərini əsarətə alan koronovirus pandemiyası dünya iqtisadiyyatında yeni və daha ağır böhran təhlükəsi yaratdığı kimi, Azərbaycana da təsirsiz qalmamışdır. Xüsusilə bu infeksiyanın məlum təsirləri fonunda dünya neft bazarında qiymətlərin 2 dəfədən artıq enməsi, heç şübhəsiz, ölkəmizin də sosial-iqtisadi həyatına, diplomatik və beynəlxalq iqtisadi əlaqələrinə mənfi təsir göstərmişdir. Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dövlətinin koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik, birlik və məsuliyyətimizi daha da möhkəmləndirməlkə bağlı çağırışları yalnız bir məqsədə xidmət edirdi. Bu məqsəd xalqımızı və dövlətimizi bu qorxulu infeksiyanın fəlakətli nəticələrindən hifz etmək və qorumaqdan ibarət idi. Elə bu niyyətlə də dövlətimizin rəhbəri koronovirus pandemiyasına qarşı mübarizədə preventiv, profıaktik, ardıcıl və sistemli addımların atılamsını təmin etməklə bu qorxulu xəstəliyin təsirlərinin minimuma endirilməsinə nail olmaq üçün fədəkarlıq nümunəsi göstərdi. Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısında oldu. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmuşdur. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin 10 aprel tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, həmin il mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunmuş zirvə görüşlərinin (video formatda) təşkil edilməsi Azərbaycanın fors-major vəziyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə böyük töhfə verdiyini təsdiqləyir. Qoşulmama Hərəkatının qeyd edilən zirvə görüşündə Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi məqsədilə BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilmişdir. Nəticədə 2023-cü il dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi-COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilmişdir. BMT Baş Məclisinin sayca 31-ci xüsusi sessiyasında həm milli səviyyədə, həm də Qoşulmama Hərəkatı adından çıxış edən Prezident İlham Əliyev Azərbaycanın pandemiyaya qarşı mübarizə prosesinə müxtəlif səviyyələrdə töhvə verdiyinə diqqət cəlb edərək onu da xüsusi olaraq vurğulamışdır ki, məlum təşəbbüsə qarşı çıxış edən yeganə dövlət yenə də destruktiv davranışı ilə özü-özünü artıq dünyada biabır etmiş Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmişdir.
Eyni zamnada Azərbaycan beynəlxalq müstəvidə “peyvənd millətçiliyi”nə qarşı prinsipial mövqe ortaya qoyur. 2022-ci ilin müvafiq olaraq mart və noyabr aylarında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımlar göstərmişdir.
Bu gün müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan ordusu torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 2020-ci il noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.
Onu da xüsusi olaraq qeyd edək ki, ermənilər hərbi qarşıdurma reallığında öz ənənəvi xislətlərinə sadiq idilər: onlar döyüş meydanını qoyub-qaçır, cəbhə xəttindən xeyli kənarda yerləşən şəhər və kəndlərimizi atəşə tutur, dinc sakinləri qətlə yetirirdilər. Cəsur Azərbaycan Ordusu düşmənin yalnız hərbi qüvvələrinə və obyektlərinə zərbə endirir, mülki əhalini və obyektləri hədəfə almırdı.
Azərbaycan dövləti müharibənin acı reallıqlarını nəzərə alaraq informasiya siyasətini də yenidən qurdu. Bu prosesdə hücum taktikasına üstünlük verdi. Uğurlu informasiya siyasətinin də müəllifi Prezident İlham Əliyev idi. Ali Baş Komandan müharibə zamanı müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına müsahibələr verdi və beynəlxalq aləmdə formalaşmış yanlış təsəvvürləri büsbütün dağıtdı. Bu müsahibələrin hər biri, hər bir cümləsi altından qırmızı xətt çəkiləsi, xalqın ürəyindən xəbər verən sözlərdir. Türkiyənin “A Haber”, ABŞ-ın “Fox News”, İtaliyanın Rai-1, Almaniyanın ARD və s. televiziya kanallarına, Rusiyanın TASS və İnterfaks, İspaniyanın EFE informasiya agentliklərinə, Yaponiyanın “Nikkei”, Fransanın “Figaro”, İtaliyanın “La Repubblica” qəzetlərinə və s. müsahibələr zamanı dövlətimizin başçısı erməni faşizminin əsl simasını açıb-göstərmiş, erməni vandallığının ağlasığmaz cinayətlərini faktlarla sübut etmişdir. Müdrik Prezidentimiz bəzi xarici müxbirlərin bəzən ittiham xarakterli, böhtan səpkili, qərəzli mövqe nümayiş etdirən qeyri-obyektiv və dezinformasiya səciyyəli suallarını güclü məntiq, əsaslı fakt və dəlillərlə cavablandırmış, onları dəmir məntiqli arqumentləri əsasında susdurmuşdur. Müsahibələr zamanı jurnalistləri Azərbaycanın yalnız öz doğma və müqəddəs torpaqlarını azad etdiyinə və hərb qayda-qanunlarını qətiyyən pozmadığına inandırmış, həqiqətin, haqqı-ədalətin kimin tərəfində olduğunu açıqlayaraq, beynəlxalq hüququn da bizim tərəfimizdə olduğunu söyləmişdir. Məsələn, Almaniyanın ARD telekanalının müxbirinin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına cənab İlham Əliyev belə gözəl və sərrast cavab vermişdir: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”. Ermənilərin guya etnik təmizləməyə məruz qalmasını iddia edən müxbirin fikirlərini təkzib edən Prezident qeyd etmişdir ki, əslində etnik təmizləyə məruz qalan biz olmuşuq. Ermənilər Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edəndə məhz azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar. Lakin Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmır və bunu planlaşdırmır: “Biz birlikdə yaşamalıyıq”. “BBC News” müxbirinin də təxminən eyni məzmunlu sualını – Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağı ilə bağlı zəmanət verilməsini Ali Baş Komandan qısa, lakin kəskin və tutarlı cavablandırmışdır: “Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq”.
8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+ Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.
Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birəşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer almışdır.
Ermənistanın siyasi-hərbi rəhbərliyi məruz qaldıqları rüsvayçı məğlubiyyətdən lazımi nəticə çıxarda bilmədi. 2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasının ildönümü ilə bağlı separatçı rejimin rəhbərliyinə təbrik məktubu göndərdi. Müzəffər Prezidentimiz İlham Əlieyevin qeyd etdiyi kimi, “Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi.”
Formalaşmış şəraitdə 2023-cü il sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qalmadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Prezident İlham Əliyevin vurğuladığı kimi “Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi”.
Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan “böyük Ermənistan” planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Erməni “miatsum”u, “ikinci erməni dövləti” xəyalları birdəfəlik məhv edildi.
Qarabağda Azərbaycan xalqının qanını tökmüş, Xocalıda soyqırım törətmiş hərbi canilər artıq əli qandallı Bakıya gətirilmiş, onalara qarşı istintaq hərəkətlərinə başlanılmışdır. İnsanlıq əleyhinə ağır cinayətlər törətmiş bu müharibə canilərinə qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı labüddür.
Beləliklə, 2020-ci ilin sentyabr-noyabr ayrlarında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüzü bərpa etdikdən və cari ilin 19-20 sentyabrında lokal antiterror tədbirlər hesabına Qarabağ iqtisadi rayonu üzərində suverenliyimizi tam, qəti və əbədi təmin etdikdən sonra yeni tarixi reallıq yarandı. Bu reallığın, yəni ərazi bütövlüyümüz və suvernliyimizin 100 % təmin edilməsinin beynəlxalq birlik və ictimaiyyət tərəfindən yubadılmadan, vaxtında qəbul edilməsi növbəti strateji vəzifəyə çevrildi. Bu vəzifənin uğurlu icrası bütün Azərbaycan ərazisində 2025-ci ili gözləmədən növbədənkənar Prezident seçkilərinin keçirilməsini zəruri edən həlledici amil oldu.
Beləliklə, ulu öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinə vahid namizədi- müzəffər Ali Baş Komandan İlham Əliyev ilə qatıldı. Müdrik xalqımızın 92,12% səslə yenidən düzgün seçim edərək qalibiyyətlər tariximizin davamına səs verdi. Seçici fəallığı rekord səviyyəyə-77 %-ə yüksəldi. Müdrik xalqımız elə bir rəhbərə səs verdi ki, o, qazandığı tarixi zəfəri ilə öz adını təkcə ölkəmizin zəngin döyüş tarixinə deyil, dünyanın qalibiyyətlərlə dolu hərb tarixinə əbədi həkk etmişdir. Bu baxımdan İlham Əliyev tarixi şəxsiyyətdir. Tarix yazan və tarixə yazılan sərkərdədir.
Sonda onu da qeyd edək ki, 2024-cü il təkcə prezident deyil, həm də parlament seçkiləri ilə yadda qalmışdır. Hər iki mühüm siyasi hadisə-seçkilər suveren ölkəmizin bütün ərazisində keçirilmişdir. Miqyas və əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bu reallığı “Tarixi hadisə” kimi xarakterizə etmişdir. Həmin iclasda dövlətimizn başçısı proqram xarakterli nitq söyləyərək, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından sonra yaranan yeni reallıqda qarşıda duran strateji əhəmiyyətli vəzifələri müəyyən etmiş, mövcüd təhlükə, təhdid və çağırışların mahiyyətini açmış və onların aradan qaldırılması düsturunu göstərmiş, xarici siyasət kursunun çevilkiyi və dəyişən dünya reallıqlarına adekvat reaksiya qabiliyyəti ilə bağlı strateji yönümlü baxışlarını ifadə etmişdir. Bəs konkret olaraq dövlətimizin başçısı hansı strateji vəzifələri ön plana çəkmişdir? Həmin vəzifələri şərti olaraq 6 istiqamət üzrə təsnifatlandırmaq olar:
Birincisi, hərbi gücümüz artırılmalıdır. Bu məsələni prioritet istiqamət kimi irəli sürən cənab İlham Əliyev vurğulamışdır ki, “İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci xərclər hərbi xərclərdir. Bu gün də belə olmalıdır.”
Həqiqətən də, Ali Baş Komandan cənab İlham Əliyev prezidentliyinin ilk ilindən başlayaraq müəyən etdiyi strateji niyyətin-torpaqlarımızın işğaldan azad olunması vəzifəsinin icrası naminə ölkəmizin hərbi və təhlükəsizlik potensialının artırılmasına xüsusi diqqət ayırdı. Əgər 2003-cü ildə dövlətimizin müdafiə və təhlükəsizlik büdcəsi 135 milyon dollar təşkil edirdisə, yenilməz ordumuzun tarixə zəfərə imza atdığı 2020-ci ildə bu göstərici 1,9 milyard dollara, 2021-ci ildə isə 2.7 milyard dollara yüksəlmişdir. Cari ildə-2024-cü ilin may ayında büdcə dürüstləşmədən sonra isə müvafiq xərclər 414 milyon dollar artırılmaqla 3,8 milyard dollardan 4,2 milyard dollara qaldırılmışdır. 2025-ci ilin dövlət büdcəsində isə müdafiə və təhlükəsizlik xərcləri rekord səviyyədə-təxminən 5 milyard dollar nəzərdə tutulmuşdur. Müqayisə üçün qeyd edək ki, revanşizmin tüğyan etdiyi məğlub Ermənistanda müvafiq göstərici 2025-ci il üçün 1,7 milyard dollar proqnozlaşdırılır. ”İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər.”,-dövlətimizin rəhbərinin səsləndirdiyi bu acı reallıq fonunda hərbi güc və təhlükəsizlik məsələlərinin hələ üzun müddət beynəlxalq gündəliyin əsas prioritetlərdən biri olacağı şübhə doğurmur.
Beynəlxalq gündəliyin bu reallığı fonunda qətiyyən arxayınlaşmaq olmaz. Qeyd edilən istiqamət üzrə ardıcıl və sistemli adımlar atılmaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq.”
İkinci strateji vəzifə-ölkəmizin hərbi-sənayə kompleksinin daha da möhkəmləndirilməsi və sürətli inkişafı mənafeyini özündə ehtiva edir. Bu ilk növbədə yerli həbi təyinatlı məhsulların istehsalı, xarici tərəfdaşlarla yeni istehsalat sahələrinin yaradılması, istehlakı və ixracı ilə bağlı məsələlərdir. Bu sahəyə böyük həcmdə maliyyə vasaitlərin qoyulması və real nəticələrin hasil olunması əsas hədəfir. Bəs məqsəd nədir? Prezident İlham Əliyev bu suala cavab verərək bildirdi ki, “İlk növbədə, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. İkincisi, biz xarici mənbələrdən daha az asılı olmalıyıq.“ Qeyd edilən istiqamətdə atılan addımların dinamikası göstərir ki, artıq ciddi uğurlar əldə edilmişdir. Müdafiə Sənayesi Nazirliyinin verdiyi məlumata əsasən, 2007-2023-cü ilin 9 ayı ərzində ümumilikdə 4 milyard 7 milyon manatlıq hərbi təyinatlı məhsul istehsal edilmişdir. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə bu göstərici cəmisi 40,8 milyon manata bərabər olmuşdur. 2023-cü ilin 9 ayı ərzində isə 386,2 milyon manatlıq hərbi məhsul istehsal olunmuşdur. Onların çeşid sayı isə 1000 addan çoxdur. 2015-2023-cü ilin 9 ayı ərzində 1 milyard 508 milyon manat məbləğində hərbi təyinatlı məhsul ixrac edilmişdir. Qeyd olunan reallıq fonunda Prezident İlham Əliyev onu da xüsusi olaraq vurğulamışdır ki, “...bu gün dünya silah bazarında aparıcı rol oynayan ölkələrin başı öz işlərinə qarışıb. Onlar daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında təbii olaraq qıtlıq yaranıbdır. Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda, bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Onsuz da bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir.”
Üçüncüsü, sərhədlərimizn etibarlı qorunması məsələsidir. Dövlətimizin başçısı bu vəzifəni yeni geosiyasi reallıqda əsas istiqamətlərdən biri kimi müəyən edərək bildirmişdir ki, “Hazırda həm Ermənistanla şərti sərhədimizdə mühəndis işləri aparılır, eyni zamanda, digər qonşularla sərhədimiz müasir infrastrukturla təchiz edilməlidir.” Sərhədlərin mühafizəsi həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə təşkil edilir.
Bu vəzifənin strateji mahiyyət kəsb etməsini şərtləndirən bir sıra amillər mövcuddur. Bu, ilk növbədə 500 km-lik şərti sərhədlərimizin olduğu Ermənistanın kütləvi şəkildə müasir hücüm silahları ilə təmin edilməsi, bəzi böyük dövlətlərlə birgə hərbi təlimlərin keçirilməsi reallığı ilə bağlıdır. Faktiki olaraq Fransa kimi dövlətlər Ermənistanı yeni müharibəyə sürükləyirlər. Onlar üçün əsas olan öz çirkin niyyətlərinin reallaşdırılmasıdır və erməni xalqının taleyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Erməni xalqından bir alət və vasitə kimi istifadə edirlər. Ermənistan ərazisindən isə Azərbaycana və digər qonşu dövlətlərə təzyiq göstərmək üçün faydalanmaq niyyətindədirlər.
Bu reallıq fonunda Prezident İlham Əliyev parlament kürsüsündən bir daha Ermənistanın siyasi-hərbi rəhbərliyinə və onların miskin havadarlarına xəbərdarlıq etdi: “Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin”.
Növbəti strateji vəzifə-ideoloji təhlükəsizlik ilə bağlıdır. Səbəb də bəllidr. Ölkəmizə qarşı permanent ideoloji təxribatlar davam etməkdədir. Cənab İlham Əliyev bu təxribatların heç bir nəticə verməməsinin və gələcəkdə də perspektivsiz olmasının motivləri sırasında iki amilə xüsusi önəm verir: xalqımızın güclü iradəsi və əyilməz milli ruhumuz. Eyni məntiqlə də ölkəmizdə istənilən ideoloji təxribatın kök ataraq real qüvvəyə çevrilməsini mümükünsüz hesab edir. Eyni zamanda arxayınlaşmaq da qəbuledilməzdir.
Cənab Prezident xüsusi olaraq vurğuladı ki, torpaqlarımız işğal altında olanda ölkəmizə qarşı ideoloji təxribatların miqyası indiki kimi böyük deyildi, çünki ilhaq faktı onları qane edirdi. Bu vəziyyəti davamlı olaraq qoruyub saxlamağa çalışdrdılar. Vasitəçilərə möhtac olmağımız üçün dəridən-qabığdan çıxırdılar. Vəziyyət torpaqlarımız azad olunduqdan və suverenliyimiz bərpa edildikdən sonra tam dəyişdi. Maskalar yırtıldı. Eybəcər sifətlər üzə çıxdı. Kimin dostumuz və ya düşmənimiz olduğu məchul qalmadı. Bu reallıqda ideoloji təxribatların miqyası və çeşidləri də kəskin artdı. Eyni səbəbdən də Prezident İlham Əliyevin xüsusi olaraq vurğuladığı kimi, “Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq.”
Bu addımlar içərisində gənc nəslin milli ruhda böyüməsi məsələsi xüsusi məna və əhəmiyyət kəsb edir, çünki beynəlxalq anti Azərbaycan siyasi dairələr ilk növbədə yetişən gənc nəslin şüuruna müdaxilə edib, onlardam öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün bir alət kimi istifadə etmək istəyirlər. Bu gerçəkliyi nəzərə alaraq Prezident İlham Əliyev xarici ideoloji təxribatlar fonunda bilikli, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi vəzifəsinə diqqəti cəlb etdi: ”Gənclərimiz xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?!” Bu prosesdə dövlətimizn başçısı ailə və məktəbin üzərinə xüsusi məsuliyyətin düşdüyünü dilə gətirdi. Eyni zamanda cəmiyyətdə hökm sürən ab-havanın da gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir etdiyini qeyd etdi. Cənab Prezident eyni zamanda deputatlara da xitabən söylədi ki, ”...öz seçiciləri ilə görüşlər əsnasında bu məsələni daim diqqətdə saxlasınlar”.
Nəhayət, Prezident İlham Əliyev parlamentdə çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurulması məsələsini mühüm strateji vəzifə olaraq bir daha müəyən etdi. Bu da səbəbsiz deyil, çünki əsas strateji vəzifə həll olunduqdan sonra, yəni ərazi bütövlüyü və suverenliyimizin tam bərpa edilməsi reallığında Ermənistandakı xunta rejiminin xarabalığa çevirdiyi torpaqlarımızda bərpa işlərinə dərhal start verildi. 2021-ci ildə bu məqsəd üçün dövlət büdcəsindən 2,2 milyard manat, 2022 və 2023-cü illərdə isə müvafiq olaraq 4,3 və 5,6 milayard manat maliyyə vəsaiti ayrıldı. Cari ildə isə bu göstərici 4,9 milyard manata bərabərdir. 2021-2024-cü ilin sonunadək eyni məqsəd üçün bütövlükdə 19 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Qarabağa və Şərqi Zəngəzura “Böyük qayıdış” proqramı da uğurla icra olunur. Artıq 8 mindən çox keçmiş köçkün ata-baba yurduna qayıtmışdır. Eyni zamanda infrastruktur layihələrinin də uğurla icra olunduğuna diqqəti cəlb edən dövlətimizin başçısı qeyd etdi ki, “3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, - yəni, o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, - 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Yəni, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.”
Bütün bu iri miqyaslı tədbirləri ölkəmiz öz gücünə edir. İstisna hal 3 qardaş dövlətlə bağlıdır. Özbəkistan və Qazaxıstan Füzuli şəhərində müvafiq olaraq məktəb və uşaqların yaradıcılıq mərkəzini inşa etmişdir. Qırğızıstan da Ağdamda məktəb tikintisini icra edir. Diğər heç bir dövlət və donar təşkilatı bu prosesə konkret töhfə verməmişdir.
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışında ölkəmizin qarşısında duran sadalanan strateji əhəmiyyətli vəzifələrin icrası üçün mühüm şərt- iqtisadi güc fenomeninə də xüsusi olaraq toxundu. Doğrudan belə iri miqyaslı vəzifələrin icrası ilk növbədə dövlətin iqtisadi qüdrəti ilə bağlı məsələdir. Cənab Pezident konkret faktlara və arqumentlərə istinad edərək əsaslandırdı ki, irəli sürulən strateji hədəflərə çatmaq üçün iqtisadi imkanlarımız tam adekvatdır: “Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Biz son illər ərzində mənim tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı salırdıq və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,3 faiz təşkil edir. Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni, əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, - biz bir gündə qaytara bilərik.”
Bu, bir həqiqətdir ki, ölkəmizin iqtisadi potensialı 2003-cü ildə bəri dinamik inkişaf tempinə malikdir. Təsadüfi deyildir ki, cənab İlham Əliyevin Prezident seçildikdən sonra 2003-cü il noyabrın 24-də imzaladığı ilk hüquqi sənədlərdən biri “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilmısi tədbirləri haqqında” Fərmandır. Əslində bu Fərmanı imzalamaqla dövlətimizin başçısı tarixi torpaqlarımızın azad olunması üçün mühüm iqtisadi bazanın formalaşması missiyasına start vermiş oldu. Bu Fərmanın davamı olaraq 2004-cü ildə bəri Prezidentin imzaladığı Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı qəbul edilmişdir. Bu proqramlar çərçivəsində 100 milyard manatdan çox investisiyalar qoyulmuşdur ki, nəticədə regionlarımızın siması başdan-başa dəyişmişdir. “Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son 21 il ərzində Ümumi Daxil Məhsul (ÜDM) 3, 6 dəfə artmışdır. Bu müddətdə qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə yüksəlmişdir. Bu dövr ərzində iqtisadiyyata qoyulmuş sərmayelərin həcmi 300 milyard dollardan çoxdur və onların 190 milyard dolları qeyri-enerji sektoruna yönəlmişdir. Strateji valyuta ehtiyatlarımız 1,6 milyard dollardan (2003-cü il) 73 milyard dollara qalxmışdır. 2003-cü ildə ölkəmizdə 7,1 milyard manatlıq ÜDM istehsal olunmuşdursa, hal-hazırda bu göstərici təxminən 123 milyard manata çatmışdır.
Prezident İlham Əliyev parlamentdə çıxışında bir daha vurğulamışdır ki, güclü iqtisadi potensiala söykənərək uğurlu sosial siyasəti həyata keçiririk: “2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.”
Həqiqətən də, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Bu baxımdan faktlar özü danışır. Belə ki, 2003-cü ildə ölkəmizdə minimum aylıq əmək haqqı cəmisi 9 manat təşkil edirdisə, hal-hazırda bu rəqəm 345 manata bərabərdir. Başqa sözlə, 38 dəfə artım qeydə alınmışdır. Minimum aylıq pensiya 2003-cü ildə 20 manat təşkil edirdisə, indi 280 manatdır, yəni 14 dəfə artım. Orta aylıq pensiya isə 24 manatdan 436 manata yüksəlmişdir, yəni 18,2 dəfə artım baş vermişdir.
Şəhid ailələri, müharibə əlilləri və müharibə veteranlarına dövlət qayğısı ən yüksək səviyyədə təmin olunmuşdur. 2007-ci ildə şəhid ailələri, 2008-ci ildə isə müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdü təyin edilmişdir.
Bu müddət ərzində paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Yuxarıda qeyd olunan iqtisadi və sosial yönümlü uğurların natamam siyahısı belə təsdiqləyir ki, Prezident İlham Əliyevin postmüharibə dövrünün yeni reallıqları fonunda irəli sürduyü mühüm strateji vəzifələrin icrası üçün kifayət qədər münbit şərait formalaşmışdır. Ən əsası xalq olaraq yumruq kimi birəşmişik, güclü siyasi iradə və maliyyə resurslarına sahibik.
Bu reallıqda Ermənistan rəhbərliyin siyasi hoqqabazlığı və onun xarici havadarlarının siyasi avantürası da haqq işimizə mane ola bilməz. Bir qədər də açıq desək, nə ABŞ Konqresi və Dövlət Departamentinin “sanksiyalar diplomatiyası”, nə Avropa İttifaqının “binokl diplomatiyası”, nə Fransa dövlətinin “qırğı diplomatiyası”, nə də Ermənistanın “80%-lik sülh diplomatiyası” yenilməz ruhumuzu sarsıda bilməz. Qarşı tərəf və tərəflər ağıllarını başlarına yığıb dərindən düşünməli, xüsusən də yenilməz ordumuzun öz müzəffər Ali Baş Komandanı İlham Əlievin rəhbərliyi altında İkinci Qarabağ müharibəsi və antiterror əməliyatlarda qazandığı tarxi qələbələrdən və özlərinin biyabırçı məğlubiyyətlərdən ibrət dərsi almalıdırlar. Ermənsitanın və onun havadarlarının son davaranışları əsrlərin süzgəcindən süzülərək gəlmiş bir həqiqəti təsdiqləyir: “Tarixin ən böyük dərsi odur ki, ondan heç kim dərs almır.” Ermənistan və onun himayədarları da eyni yolu seçməkdə davam edərlərsə, bu halda Müzəffər Ali Baş Komandan İlham Əliyevin 23 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış ilk iclasında səsləndirdiyi sərt xəbərdarlığı dinləyib, ciddi nəticə çıxarsınlar: “Sadəcə olaraq, bizim şərtlərimiz yerində qalır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır.”

Elman Nəsirov
Milli Məclisin deputati, YAP Təftiş Komissiyasinin üzvü,
Dövlət İdarəçilik Akademiyasi Siyasi Araşdirmalar İnstitutunun direktoru,
professor

Digər xəbərlər