49 ailə olmaqla, 191 nəfər Şuşa sakini doğma yurduna qovuşdu
Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Önəmli vəzifələrdən biri olan Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi olduğunu çıxışlarının birində bildirən Prezident İlham Əliyev görülən işlərin sürətlə aparılmasını tarixdə görünməmiş bir hadisə olduğunu bildirib: " Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq".
Zəfərdən dörd il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Bu gün işğaldan azad olunan ərazilərimiz abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. "Bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək" – deyə dövlət başçımız bildirib.
"BÜTÜN BUNLARA NAİL OLMAQ ÜÇÜN İQTİSADİYYATIMIZ İNKİŞAF ETMƏLİDİR"
Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. "Bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir" - deyən Prezident bildirib.
ŞUŞAYA - ZƏFƏR YOLU
Əsirlikdən qurtulmuş Qarabağın tacı olan Şuşa bu gün ideoloji, ictimai-siyasi tədbirlərin mərkəzinə çevrilərək yeni bir dövrünə qədəm qoyub: abadlıq-quruculuq dövrünə. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərində tarixi və dini abidələr, muzeylər planlı şəkildə bərpa olunur və yeni yaşayış yerərinin təməli qoyulur, eləcə də təmir və bərpadan sonra istifadəyə verilir. Şuşada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, Şuşa yenidən dirçəlir və yeni inkişaf, abadlıq və quruculuq dövrünə qədəm qoyub. Artıq bir çox işğaldan azad olunan ərazilərimiz Füzuli, Laçın kimi Şuşamızda ilk sakinlərini qoynuna alır. Otuz iki ildən sonra doğma Şuşaya qayıdan əzəli sakinlər ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürüldü. Bu artıq davamlı xarakter alıb. Daha 49 ailə olmaqla, 191 nəfər Şuşa sakini doğma yurduna qovuşdu. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib. Hzırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra Şuşada quruculuq işlərinə start verildi. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi və indi magistral avtomobil yolun çəkilməsi davam edir. Cənab Prezident verdiyi mesaja əsasən, yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, daha sonra Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində artıq bərpa işləri başlanılıb. Görülən işlər sırasında Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Bu gün artıq Şuşada dörd mehmanxana fəaliyyət göstərir. Beşulduzlu Şuşa mehmanxanası isə Şuşanın müasir görkəmini özündə əks etdirir.
"BİZ ÖZ HAQQIMIZI DANIŞIQLAR YOLU İLƏ YOX, KİMİNSƏ GÜZƏŞTİ HESABINA YOX, DÖYÜŞ MEYDANINDA BƏRPA ETDİK"
Burada iyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin iqtisadi qüdrətinin artması, dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Ölkəmizin, iqtisadiyyatımızın gücləndiririlməsi, ordu quruculuğunun moderinləşməsi, güclənməsi, vətəpərvər ruhlu gənclərin yetişməsi zəfər tariximiz yaşamağa istiqamətlənmiş amillər sırasında idi. "Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik" – deyən Prezident bütün Azərbaycan xalqının 44 gün ərzində bir yumruq kimi birləşdiyin diqqətə çəkib. Mənfur özlərini uydurduqları miflərə inandırmışdılar ki, işğal etdikləri ərazilərimizdə əbədi olaraq yaşayacaqlar. "44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı"- deyə Prezident bildirib.
Gənc, müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi, məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Zəfər qazandıq. Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoymağı bacardı, Ermənistanı diz çökdürdü, təslim olmağa məhkum etdi. Və Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər sərkərdəsi kimi öz möhrünü vurdu.
Azərbaycan ötən ilin sentyabrında antiterror əməliyyatı nəticəsində əzəli torpaqları işğalçılardan azad edərək, bütöv Azərbaycan süverənliyi təmin olundu. Cənab Prezidentin vurğuladığı kimi, heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir.
Səbatsız və təsadüfi insanlar hakimiyyətə gəlməsi, idarəçilikdə xaos, anarxiya Azərbaycanı böhran vəziyyətə gətirib çıxarmışdı. "Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" – deyən Cənab Prezident bildirib ki, Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Məhz belə insanların hakimiyyətdə olması ərazilərimizin, eləcə də Şuşanın işğal altına düşməsinə səbəb oldu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəmizi düşdüyü ağır vəziyyətdən çıxardı. Köklü islahatların aparılması nəticəsində Azərbaycan yeni bir dövrünə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.
Bu gün Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Bu gün Şuşada görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir və minlərlə əzəli sakin tezliklə doğma yurda köç edəcəklər.
Nəzakət ƏLƏDDİNQIZI