PDF Oxu

Siyasət

  • 968

Tarixi zəfərlərin memarı

image

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş prezident seçkilərində iştirak etmiş seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyevə səs verməklə, Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsini dəstəklədi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı, cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin dayanıqlı inkişafı üçün əsaslı addımlar atdı, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. Dövlətimizin başçısı ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülməsi istiqamətində çoxsaylı sərəncamlar imzaladı. İqtisadiyyatın diversifikasiyalaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Həmçinin, neft gəlirlərinin insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar bu gün əldə edilən uğurların təməlini qoydu.
Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən Azərbaycan Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu qlobal əhəmiyyətli enerji layihələri ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmasını şərtləndirdi. Eyni zamanda, həyata keçirilən nəqliyyat layihələri ölkəmizin iqtisadi baxımdan daha da güclənməsini təmin etdi.
Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
Azərbaycançılıq fəlsəfəsi cənab İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Müdrik siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkəmizin 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı tarixi Zəfərə daha da yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü sayəsində möhtəşəm Qələbə ilə sona çatdı.
Dünya hərb tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanı və Zəfər simvoluna çevrilən 44 günlük Vətən müharibəsi təkcə tarixi ədalətin bərpasını deyil, eyni zamanda, həm də Cənubi Qafqaz regionunda, eləcə də Avrasiyada yeni geostrateji reallıqların yaranmasına səbəb olub. Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər