Dekabrın 17-də Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə bildirib ki, Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb.
Dövlətimizin başçısı qeyd edib: “Siz düzgün qeyd etdiyiniz kimi, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır”.
Prezident İlham Əliyev Rusiya ilə Azərbaycanın iki etibarlı tərəfdaş olduğunu vurğulayaraq münasibətlərin inkişafından məmnunluğunu ifadə etmişdir. Rusiya Prezidentinin Azərbaycana etdiyi son dövlət səfəri ikitərəfli əlaqələrin tarixi məqamlarından biri olmuşdur. Bu səfər zamanı əməkdaşlığın daha dərinləşdirilməsi və yeni sahələrin araşdırılması ilə bağlı mühüm razılaşmalar əldə edilmişdir. Ticarət dövriyyəsinin artması, iqtisadi əməkdaşlıq sahəsində yeni imkanların araşdırılması və mədəni əlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin dinamikliyini təmin edən əsas amillərdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan müstəqil xarici siyasət yürüdən bir aktor olaraq dünya miqyasında tanınır. Azərbaycanın həm Rusiya, həm də NATO üzvü Türkiyə ilə strateji müttəfiq olması onun beynəlxalq arenadakı unikallığını təsdiq edir.
Müsahibədə Azərbaycanın xarici siyasətində balanslı yanaşma prinsiplərinə sadiqliyi və regional sabitliyə töhfə vermək səyləri xüsusilə qeyd olunmuşdur. “Detente” (gərginliyin azaldılması) anlayışının beynəlxalq münasibətlərə yenidən daxil edilməsi zərurəti də dövlətimizin başçısı tərəfindən önə çəkilmişdir.
Dövlətimizin başçısı müsahibədə Fransanın, Hindistanın və ABŞ-ın Ermənistanı silahlandırmasından danışaraq qeyd etdi ki, Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər. ABŞ isə bunu etiraf etmir. Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına bu mesajı çatdırdı ki, Ermənistanın silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, Azərbaycanla silah yarışında tab gətirməyəcək. Onlar 2020-ci ilin İkinci Qarabağ müharibəsinin və 2023-cü ildə keçirilən antiterror tədbirlərinin nəticələrini unutmamalıdırlar.
Ümumiyyətlə, müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Bu münasibətlərin genişlənməsində dövlət başçıları arasında dostluq münasibətləri xüsusi rol oynayır.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri