Vətən müharibəsindəki Şanlı Zəfərimizdən sonra ilk dəfə olaraq, prezident və parlament seçkilərinin bütöv və suveren torparlarımızda keçirilməsi, COP 29 kimi mötəbər tədbirə ev sahibliyi etməyimiz, mədəniyyət paytaxtımız Şuşada keçirilən bir çox beynəlxalq tədbirlər bu sıradandır. Əfsuslar olsun ki, 2024 – cü ilin sonları böyük kədər doğuran hadisə ilə hər birimizi sarsıtdı.
2024-cü il dekabrın 25-də Bakı-Qroznı (Rusiya Federasiyası) istiqamətində hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması Azərbaycan xalqını dərindən sarsıtdı. Bu hadisə həm aviasiya təhlükəsizliyi, həm də bölgənin geosiyasi konteksti baxımından ciddi nəticələr doğurdu. Ekipaj üzvlərinin cəsarəti, işlərinin dəqiq və peşəkarlıq ilə yerinə yetirməsi bütün dünya üçün nümunədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2024 – cü il tarixli Sərəncamı ilə AZAL təyyarəsinin pilotları Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç , təyyarə bələdçisi Əliyeva Hökumə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adını almış, təyyarə bələdçiləri Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir. Onların böyük cəsarətinin, şücaətinin, işlərini şərəfli icrasının nəticəsidir ki, bu qədər böyük bir qəzada 29 nəfər sağ qalmışdır. Əminik ki, Azərbaycan xalqı öz qəhrəmanlarını heç bir zaman unutmayacaq, onların əziz xatirəsini hər zaman yad edəcək. Bu addım həm də Azərbaycan aviasiyasının peşəkarlığını və təhlükəsizlik standartlarına bağlılığını vurğulayır. Eyni zamanda, bu təltiflər cəmiyyətə milli dəyərlərin, Vətənə xidmətin və fədakarlığın əhəmiyyətini nümayiş etdirərək gələcək nəsillər üçün nümunə rolunu oynayır.
Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi hadisəyə münasibətlərin reallıq prizmasından təhlili kimi tarixləşdi. Sankt-Peterburq şəhərində MDB dövlətlərinin Zirvə görüşünə uçarkən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasına görə Bakıya qayıdan dövlət başçımızın göstərişi ilə Dövlət Komissiyasının yaradılması, Azərbaycan Baş Prokurorluğunun cinayət işi açması bu cinayətin baş vermə səbəblərini və necə baş verdiyinin açılmasını təmin edəcəkdir. Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə faciənin detallarını, rəsmi mövqeyi və gələcək addımları ətraflı şəkildə açıqladı. Azərbaycan Respublikasının Prezidenti diqqətə çatdıraraq bildirir ki, “Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik...” Cənab Prezident Azərbaycanın bu məsələni beynəlxalq ekspertlərin iştirakı ilə obyektiv araşdırma tələb etdiyini də vurğuladı. Rusiya tərəfindən daha çox öz nümayəndələrindən ibarət olan Dövlətlərarası Aviasiya Komitəsinin bu araşdırmaya rəhbərlik etməsi təklif edilsə də, bu, bizim tərəfdən qəbul edilmədi. Azərbaycan hökuməti, məsələnin tam təfərrüatlarının üzə çıxması üçün “qara qutu”ların təhlilini və obyektiv beynəlxalq araşdırmanı dəstəklədi.Bu qərar DAK-ın Rusiya məmurları ilə sıx əlaqələrinə və obyektivliyə olan inamsızlıqla əsaslandırıldı. Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən DAK-ın nümayəndələri ilə yanaşı, təyyarənin istehsalçı şirkəti – “Embraer”in, Braziliyanın müvafiq qurumlarının ekspertlərinin iştirakı ilə beynəlxalq işçi qrup yaradıldı. Dövlət başçısı müsahibəsində “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatlarının üzə çıxacağını qeyd etmişdir. Həmçinin, Azərbaycan Prezidenti təyyarə ekipajının peşəkarlığını yüksək qiymətləndirmişdir. Təyyarənin idarə olunmaz vəziyyətdə olmasına baxmayaraq, ekipaj qəza enişi etməyə nail olub, nəticədə sərnişinlərin çoxu xilas edilmişdir.
Hadisə zamanı Qazaxıstan xilasediciləri və tibb personalı tərəfindən göstərilən yardım Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Dövlət başçısı Qazaxıstan hökuməti və vətəndaşlarının həmrəylik nümayişinin iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini vurğuladı.Prezident İlham Əliyev , sərnişinlərimizin təhlükəsizliyini prioritet hesab edərək Rusiyanın yeddi şəhərinə uçuşların müddətsiz dayandırıldığından da bəhs etdi.Azərbaycan tərəfi hadisə ilə bağlı Rusiyadan üzr istəməyi, günahkarların cəzalandırmasını və həm dövlətə, həm də zərərçəkənlərə təzminat ödənilməsini tələb etdi. Prezident İlham Əliyev bu şərtlərin ədalətli və beynəlxalq təcrübəyə uyğun olduğunu vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi cinayət haqqında ictimaiyyəti də, dünya ictimaiyyətini də cinayətlə bağlı gerçəkliklərlə ətraflı məlumatlandırdı.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri