PDF Oxu

Siyasət

  • 908

Tələbimiz beynəlxalq norma və prinsiplərə uyğundur

image

Yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibsəində Prezident İlham Əliyevin diqqət çəkdiyi bir çox məqamlardan biri də Qərbi Azərbaycan məsələsi oldu. Hələ 10 il bundan əvvəl bu mövzunu siyasi gündəliyə gətirdiyini qeyd edən ölkə başçısı bildirdi ki, sıra artıq gəlib çatıb ki, bu məsələ ilə bağlı daha ciddi məşğul olunsun.

Vətən Müharibəsindən sonra Prezident İlham Əliyevin tövsiyyələrinə əsasən ölkəmizdə fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurum vahid bir təşkilat çərçivəsində birləşdi. Qərbi Azərbaycan İcmasının fəaliyyəti daha da təkmilləşdirildi. Həmçinin Qərbi Azərbaycan İcması bir çox beynəlxalq təşkilatlarla təmaslar yaratdı.
Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, bu məsələ artıq beynəlxalq gündəliyə və beynəlxalq leksikona salınmışdır. Bundan sonra əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir.
Yerli televiziya kanallarına verdiyi müsahibsəində Prezident İlham Əliyev xatırlatdı ki, indiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Ölkə başçısı onu da xatırlatdı ki, XIX əsr rus imperiyasının xəritələrində, eləcə də rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrində bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada “Sevan gölü” adlı bir göl görmək mümkün deyil. Orada Göyçə gölü yazılıb. Həqiqət odur ki, həmin ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Prezident İlham Əliyev vurğuladı ki, bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi.
Ölkə başçısı qeyd etdi ki, biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl, əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız nə qədər əzab-əziyyət çəkib. Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər.
Yerli televiziya kanallarına verdiyi müsahibsəində Prezident İlham Əliyev onu da bildirdi ki, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyani şəkildə göstərsin.
Prezident İlham Əliyev onu da bəyan etdi ki, həm Ermənistan, həm onun arxasında duranlar bilsinlər ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Digər xəbərlər