PDF Oxu

Siyasət

  • 452

Beynəlxalq hüququ yaradanlar əməli fəaliyyətləri ilə onu pozurlar TƏHLİL

image

Getdikcə daha aydın şəkildə dərk edilir və anlaşılır ki, dünyada beynəlxalq hüququn gücü deyil, gücün hüquqi işləyir. Hansı dövlət hərbi, siyasi, maliyyə cəhətdən güclüdürsə, digər hərbi, siyasi, iqtisadi imkanları zəif olan dövləti əzməyə, özündən asılı vəziyyətə salmağa çalışır. Məhz güclünün hikkəli, iddialı siyasəti səbəbindən bu gün dünyada 120-yə yaxın müharibə, münaqişə bölgəsi mövcuddur. Demək olar ki, ildən-ilə qanlı toqquşmaların sayı və miqyası da artır. Fransa kimi qəsbkar dövlət özünü orta əsrlərin barbar işgəncə maşını kimi aparır. Hazırda bu ölkənin işğalçılıq siyasəti nəticəsində 17 dövlət müstəqil dövlət olmaq arzularını reallaşdıra bilmir. İsrail Yəmən, Suriya, Fələstin, Livan və digər ölkələrə qarşı qəsbkar, vəhşi siyasət həyata keçirir. Qəzza kimi 2, 5 milyon əhalisi olan bölgə İsrailin hücumları səbəbindən az qala yer üzündən silinmək təhlükəsi ilə üzləşir. Hər gün Qəzzada və ətraf ərazilərdə onlarla insan İsrailin raket hücumları nəticəsində həyatını itirir. On minlərlə insan sağlamlığından, 100 minlərlə fələstinli ev-eşiyindən məhrum olunub. Israilin bombardmanları nəticəsində gün işığını tam qavraya bilməyən 34 min 346 nəfər uşaq öldürülüb. Eyni vandal siyasət Rusiya tərəfindən Ukraynaya qarşı aparılır. 3 ilə yaxındır ki, Ukraynanın şəhərləri, kənd və qəsəbələri dağıdılır, yüz minlərlə insan öldürülür, yaralanır, yurd-yuvasından didərgin salınır. ABŞ Suriyanı, İraqı, Əfqənıstanı, Liviyanı qana boyadı, on minlərlə insan öldürüldü, sağlamlığından məhrum edildi. Bu məqamda diqqətçəkən məsələ ondan ibarətdir ki, sözdə və kağız üzərində beynəlxalq hüququ yaradanlar əməli fəaliyyətləri ilə onu pozurlar. 1945-ci il oktyabr ayının 24-dən fəaliyyətə başlayan və qərargahı Nyu-York şəhərində yerləşən BMT nizamnaməsini ən çox pozan ABŞ-dır. BMT nizamnaməsini tərtib edərkən ABŞ orada qeyd edib ki, sülh və təhlükəsizlik məsələlərinə cavabdehdir. Ancaq yalnız ABŞ-ın sanksiyası ilə bu və digər ölkəyə qarşı müharibəyə başlamaq olar, başqa cür, mümkün deyil. Sadəcə, BMT nzamnaməsinin 51 və 25-ci maddələri var ki, burada təcavüzə məruz qalan dövlət BMT-nin qərarını gözləmədən hərbi əməliyyatlara başlaya bilər. Amma proseslər göstərir ki, ABŞ üçün bu prinsiplər yaddır. 1999-cu ildə ABŞ Slobodan Miloşoviçi devirmək üçün 78 gün Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən Yuqoslaviyanı bombaladı. Fikir verin: BMT-ni yaradan, nizamnaməsini tərtib edən ABŞ onun prinsiplərini pozanda da birinci dövlətdir. 2003-cü ildə BMT Təhlükəsizlik Şurası üzvlərinin 9 səsini əldə edilməli idi ki, ABŞ İraqa qarşı müharibəyə başlasın. Təbii ki, dövlətlər veto hüququndan istifadə etməməli idilər. Rusiya və Çinin veto hüququndan istifadə edəcəklərini görən ABŞ qətnaməni gündəlikdən çıxararaq İraqa qarşı hərbi əməliyyatlara başladı. Sanki BMT deyilən qurum ABŞ üçün yoxdur. Hətta Corc Buş BMT-nin fəaliyyətini lağa qoyurmuşdu. “BMT debatlar üçün maraqlı klubdur”, - deyə C.Buş bildirmişdir. Yəni ABŞ prezidenti dünya üçün nüfuzlu qurum olan BMT-ni adi klub səviyyəsinə endirir.

ABŞ dünyanı təhdid edir

Dünyada barmaqla sayılan təcavüzkar dövlətlərdəndir ki, ABŞ açıq şəkildə dünyanı təhdid edir, işğal və qətliamlarla hədələyir. Rəsmi Vaşinqiton bu tip qərarları və addımları ilə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur. Hətta ABŞ təcavüzkar siyasətini D.Trampın prezidentlik fəaliyyətininə başladıqdan sonra bir qədər də genişləndirəcəyi ehtimal olunur. Daha doğrusu, artıq D.Tramp Kanada, Danimarka, Qrenlandiya və digər torpaqlara qarşı iddialar irəli sürür. Hətta D.Tramp Panamanı ABŞ ərazilərinə qatmaq üçün hərbi əməliyyatlar keçirəcəyini bəyan edib. ABŞ, Fransa, Almaniya kimi vəhşi xislətli dövlətlərdən hərbi, siyasi dəstək alan Ermənistan kimi barbar dövlətin terrorçu qrupunun üzvləri də dünyada beynəlxalq hüququn gücsüz olduğunu bildiklərindən həyasızcasına, total qaydada Cenevrə Konvensiyasını da, BMT qətnamələrini də pozur. Vəhşi erməni toplumu BMT-nin qeyri-şərtsiz işğal edilən Azərbaycan ərazilərini boşaltmaq barədə qəbul etdiyi 4 qətnaməni icra etməkdən imtina etdi. Ermənistan 30 illik işğal dövründə Azərbaycanın yeraltı, yerüstü sərvətlərini talan etdi, tarixi abidələrini, memarlıq nümunələrini, yaşayış evlərini yer üzündən sildi, minlərlə insanı canından etdi. Bir dəfə də olsun haqdan, ədalətdən boşboğazlıq edən dünyanın aparıcı gücləri Ermənistana qarşı iqtisadi, hərbi sanksiyalar tətbiq etmədilər. Çünki Ermənistanın arxasında elə özləri dayanırdılar. Təbii ki, Cenevrə Konvensiyası o zaman işləyəcək ki, beynəlxalq güclər konvensiyanın işləməsində maraqlı olsunlar. Əgər dünyanın aparıcı dövlətləri siyasi qərar qəbul etsələr ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistan cəzalandırılmalıdır, o zaman Cenevrə Konvensiyası, eləcə də digər beynəlxalq qərarlar işə düşmüş olacaqlar. Müharibə gedən ərazilərdə qadınların və uşaqların qorunması ilə bağlı 1948-ci ildə qəbul edilən Cenevrə konsepsiyası mövcuddur. Döyüşlər qadın və uşaqların olduğu ərazidən uzaqda keçirilməlidir. Dinc şəraitdə ermənilər azərbaycanlı mülki şəxsləri də qətlə yetirmişdir. Azərbaycan son zamanlar bu məsələlərlə bağlı kütləvi şəkildə öz hüquqlarını qoruduğuna görə ermənilər bir qədər çətinə düşüblər.

Beynəlxalq terrorizmi yetişdirən elə beynəlxalq güclərdir

Dünya dövlətləri, xüsusilə də, ABŞ özünə ən böyük təhlükəni beynəlxalq terrorizmi görür. Ekspertlərin gəldikləri qənaətə görə, beynəlxalq terrorizmin digər cinayətlərdən fərqi ondadır ki, orada, eyni zamanda, üç tərəf iştirak edir. Birincisi onun təşkilatçıları - Sarksiyan rejimi və ətrafı, ikincisi terrorun qurbanları (Xocalıda 63 uşaq olmaqla, ümumilikdə, 613 insan soyqırıma məruz qalmışdır), üçüncüsü isə, terrordan sağ qalan insanlar. Beynəlxalq terrorizmdə terrorçuların hədəfi qurbanlar deyil, sağ qalmış insanlardır. Terrorçular törətdikləri cinayətləri nə qədər dəhşətli tərzdə yerinə yetirilərsə, sağ qalmışlara qarşı təsiri bir o qədər çox olar. Bununla da, siyasi motivli planların həyata keçirilməsi üçün unikal imkanlar əldə etmiş olurlar. Bu mənada, Xocalıda insanlığa və bəşəriyyətə qarşı yönələn soyqırımı törətməklə erməni terrorçuları ətraf rayonların əhalisini qorxudub, topraqların işğalını həyata keçirmək niyyəti güdmüşlər. Uzağa getməyib yaxın tariximizdə - 2001-ci il 11 sentyabrında baş verən terror aktını da əlavə misal olaraq göstərmək olar. O zaman terrorçuların hədəfi öldürülən 3000 nəfər deyildi. Məqsəd sağ qalanlar olmuşdur. O mənada ki, sağ qalanlar terror aktından dəhşətə gələcək və hakimiyyət müsəlmanlara qarşı cəza tədbirlərinə başlayacaq. Bu zaman isə müsəlmanlar təcavüzdən özlərini qorumaq üçün ayağa qalxacaqlar. Prinsipcə terrorçu nə qədər vəhşicəsinə qətliamlar həyata keçirsə, qəddarlıqlar törətsə, bir o qədər planlarını reallaşdırmağa yaxın olduqlarını düşünürlər. Qətliamdan qaçanlar gedib insanlara çatdırırlar ki, cinayət yerində uşağa, qocaya, qadına baxmırlar, hər kəs vəhşicəsinə öldürülür, çarmıxa çəkilir, işgəncələrə məruz qalır. "Uzaqlara qaçmaq, gözlənilən faciələrdən qurtulmaq deməkdir". Bu ssenarini ermənilər 1992-ci il fevral ayının 26-da Xocalıda törətdilər. Məhz bu soyqırımdan sonra digər ərazilər də işğal edildi.

Erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsidir

1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalıda törədilən erməni vəhşiliyi, kütləvi qətliamları sanki digər rayonların işğalı üçün katalizator rolunu oynadı. Ermənilər Xocalıda soyqırımın miqyasını o qədər genişləndirdilər ki, bunu beynəlxalq terrorizm kimi dəyərləndirməmək mümkün deyil. Çünki erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsidir. Bu qaydaları erməni terrorçuları çox gözəl bilirlər. Beynəlxalq terrorizmin digər cinayətlərdən həm də fərqi ondadır ki, adiı cinayətdə şəxsi varlanma əsas götürülür. Cinayətkar girir evə, dağıdır, pulu, qızılı götürüb gedir. Beynəlxalq terrorizmdə isə vara-dövlətə maraq göstərilmir. Məqsəd yalnız siyasi motivdir. Hökumətə və xalqa işarə vurulur ki, bu cinayətlərdən də dəhşətlisini edə bilərik, bizim şərtləri qəbul edin. Adi cinayətdə müstəntiq törədilmiş cinayətlərin etiraf edilməsi üçün dəridən-qabıqdan çıxır, Beynəlxalq cinayətdə isə “biz etmişik, bunan da dəhşətlisini edə bilərik” deyə bildirirlər. Necə ki, Serj Sarkisyan terrorçulara xas formada demişdir ki, “Azərbaycanlılar inanmırdılar, elə bilirdilər biz onlarla zarafat edirik. Amma Xocalıda onlara başa saldıq ki, biz sizinlə zarafat etmirik. Biz qocaya, qadına və uşağa baxmadarı hamısını məhv edərik”. Erməni terrorizmi budur. Beynəlxalq terrorizmin davamı olan terrorizm. Bu və digər amillərə əsaslanaraq qeyd etmək olar ki, beynəlxalq terrorizmi yaradan böyük güclər Ermənistanı bir qurum olaraq fəaliyyət göstərməsində maraqlıdırlar. Çünki ermənilər qanları və canları ilə terrora bağlılar. Hər zaman bu toplum xüsusilə azərbaycanlıları və türkləri öldürməyə, onlara qarşı soyqırımı siyasəti həyata keçirməyə cəhdlər göstəriblər və mövcud faktlara əsasən demək olar ki, məkrli istəklərinə nail olublar. Bu baxımdan ABŞ, Fransa, Almaniya, Hollandiya, Niderland kimi terroru açıq şəkildə dəstəkləyən, əksər hallarda terrorçular yetişdirən dövlətlər başdan ayağa qədər terrora bağlı Ermənistandan imtina edə bilməz. Əksinə, əlaqələri və əməkdaşlıq münasibətlərini bir qədər də genişləndirməkdə maraqlıdılar. Son vaxtlar Fransanın, ABŞ-ın və digər dövlətlərin Ermənistanı dağıdıcı gücə malik silahlarla təzhiz etməsi, bölgədə yeni münaqişə yaratmağa həvəsləndirməsi böyük güclərin Ermənistan kimi vandal dövlətdən imtina etmək fikrində olmadığı göstərir. Lakin Azərbaycanda tez-tez işlədilən bir məsəl var: “Sirkə nə qədə tünd olsa, öz qabını çatladar”. Ermənistanı silahlandıranlar, terror aktları törətməyə həvəsləndirənlər, elə özləri ilə yanaşı Ermənistanı da məhv edəcəklər. Necə ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən savaşı ilə Ermənistanın terrorçu ordusu darmadağın edildi və işğal altında olmuş torpaqlarımız azadlığına qovuşdu. Ardınca isə 2023-cü ilin sentyabrın 19-da 23 saat 44 dəqiqəlik antiterror tədbirləri ilə Qarabağdakı bütün terrorçu hərbi birləşmələr ləğv edildi və hərbi cinayətkarlar həbs edilərək Azərbaycanın istintaq orqanlarına təhvil verildilər. Yaxın günlərdə isə həmin terrorçular məhkəmə qarşısına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar. Ona görə də, bir daha qeyd etmək yerinə düşər ki, Ermənistan növbəti terrora əl atarsa, bu zaman Azərbaycan İrəvana sahib olub, tarixi ədalətsizliyi aradan qaldırmaqla Ermənistan adlı dövlətin varlığına son qoyar.

İLHAM ƏLİYEV

Digər xəbərlər