PDF Oxu

Siyasət

  • 566

Müstəqilliyə gedən yol TƏHLİL

image

20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

20 Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi. Azərbaycan SSR kommunist rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, onu daha da qəzəbləndirmişdir. Xalqın Sovet İttifaqı Kommunist Partiyasına və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Kommunist Partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər.

70 il imperiya dövründə yaşayan Azərbaycan xalqına qarşı keçmiş sovet dövlətinin hərb maşınının həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətini almış oldu. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir.

1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Həmin dövrün tarixinə nəzər salsaq görərik ki, 1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin gərginləşməsini və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif əsassız məlumatlar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, tamamilə saxta bir tezis idi. 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın "Alfa" qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu.

AZƏRBAYCAN XALQINA QARŞI HƏRBİ TƏCAVÜZ

Yanvarın 20-də öldürülənlər sırasında 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. Baş verən hadisələr 1948-ci ilin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1966-cı ilin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Aktı, 1966-cı ilin İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Aktı və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı, hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsi Bəyannaməsi də buraya daxil olmaqla qüvvədə olan bütün insan hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır. M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid etmişlər. Müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş gündə Ulu Öndər Heydər Əliyev xalqının səsinə hər kəsdən əvvəl səs verdi. Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi.

1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir... Bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir".

20 YANVAR FACİƏSİNƏ DÖVLƏT SƏVİYYƏSİNDƏ SİYASİ-HÜQUQİ QİYMƏT VERİLDİ

Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırırdı. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir". Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Artıq həmin hadisədən 35 il ötür. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur".

Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur.

XALQIMIZ AZADLIQ ARZUSUNA QOVUŞUB

Ovaxtkı SSRİ rəhbərliyinin əmri ilə icra olunmuş insanlıq əleyhinə cinayət nəticəsində BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri, o cümlədən keçmiş Sovet İttifaqının iştirakçısı olduğu beynəlxalq müqavilələrin tələbləri kobud şəkildə pozulmuş və insan hüquqları ciddi şəkildə tapdalanıb.

Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, həmin qanlı cinayəti törətmiş şəxslər məsuliyyətdən kənarda qalıblar.

20 Yanvar hadisələrin xalqın tarixi yaddaşında həkk olunmasında mədəniyyətin rolu danılmazdır. Əməkdar rəssam Arif Ələsgərovun "20 Yanvar" tablosu. rəssam Bayram Qasımxanlının "Faciələrimiz" (triptix), Mikayıl Abdullayevin "Nakamların dəfni", Rasim Babayevin "Təcavüz", Arif Hüseynovun "Qara tağlı natürmort", Arif Ələsgərovun "20 Yanvar", İsmayıl İsmayılovun "Haqq tərəzisi", Oqtay Quliyevin "Matəm", Bayram Qasımxanlının "Faciələrimiz" rəsmləri həsr olunub. Vasif Adıgözəlovun Fikrət Qocanın sözlərinə bəstələdiyi "Bir şərqi de", Hacı Xanməmmədovun "Əlimdə sazım ağlar", Oqtay Rəcəbovun Məmməd İsmayılın sözlərinə bəstələdiyi "Qana dönən qərənfillər", Emin Sabitoğlunun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Şəhidlər ağısı”, Mehriban Əhmədovanın Məmməd Arazın sözlərinə yazdığı "Ana millət, ata millət, ağlama", Sərdar Fərəcovun "Matəm harayları" simfonik lövhəsini, Arif Mirzəyevin "Yanvar passionları" matəm messasını, Oqtay Rəcəbovun "Çingiz" oratoriyasını qeyd etmək olar. Azərbaycan kinematoqrafında 20 Yanvar hadisəsinə "Qanlı Yanvar", "Boz qurdun harayı", "Azadlığa gedən yollar", "Bakıda insan ovu", "Şəhidlər və qazilər", "Qanlı Bakı", "Matəm" filmləri ithaf olunub. Hadisədən sonra Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Qabil, Xəlil Rza, Fikrət Qoca və başqalarının elegiyaları, etiraz ruhlu şeirləri yazılmışdır.

Qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər