Yanvarın 22-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Hicran Hüseynova gündəliyə 3 məsələnin daxil edildiyini söyləyib.O, əvvəlcə gündəliyin birinci məsələsini - Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 11 iclası keçirilib və həmin iclaslarda 20 məsələyə baxılıb. Sessiya dövründə 6 qanun layihəsi üç oxunuşda, 1 qanun layihəsi isə bir oxunuşda qəbul edilib.Payız sessiyası dövründə komitə sədri və üzvləri həm xaricdə, həm də parlamentdəki beynəlxalq tədbirlərdə, görüşlərdə, o cümlədən COP29 çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak ediblər, sosial şəbəkələrdə aktiv olublar. Hesabat dövründə komitəyə daxil olmuş 350-dən artıq ərizə, məktub və müxtəlif xarakterli sənədlərə baxılıb və müvafiq tədbirlər görülüb. Ailə, qadın və uşaq məsələləri komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə Hicran Hüseynova bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, ailə institutunun daha da möhkəmləndirilməsinə dair dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.Sonra Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əməkhaqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. Qanundan göründüyü kimi birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əməkhaqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əməkhaqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda, mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir. Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə Qanunun 5-ci maddəsinin altıncı hissəsində müvafiq dəyişiklik edilməsi təklif olunur.Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Tamam Cəfərova, Pərvin Kərimzadə, Sevinc Hüseynova, Mehriban Vəliyeva çıxış ediblər, qeyd və təklifləri bildiriblər. İclasda iştirak edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, qanun layihəsi isə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.