Yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze iki dövlət arasındakı əlaqələrin mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə edərək mətbuata birgə bəyanatlar verdilər. Cənab İlham Əliyev iqtisadiyyat, enerji, nəqliyyat və yaşıl enerji sahələrindəki əməkdaşlığın mühüm aspektlərini diqqətə çatdırdı. Azərbaycan Prezidenti Gürcüstanın Baş naziri ilə müntəzəm görüşlərin önəmindən bəhs edərək iki dövlət arasındakı əlaqələrin nə qədər dərin və önəmli olduğunu vurğuladı. Dövlətimizin başçısı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana etməsini yüksək qiymətləndirərək, bunun iki ölkə münasibətlərinin çox yaxın və strateji xarakter daşıdığını göstərdiyini qeyd etdi. Bu görüşlər, həmçinin regional siyasi məsələlərə dair fikir mübadiləsi aparmağa imkan verir.
Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədəki əlaqələr son illərdə böyük inkişaf yolu keçmişdir. Azərbaycan bu ölkənin iqtisadiyyatına 3,6 milyard dollar sərmayə yatırmışdır. Bu, iki ölkə arasındakı ticarət əlaqələrini və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirir.
Energetika Azərbaycan-Gürcüstan əlaqələrinin mühüm bir sahəsidir. Birgə həyata keçirilən neft-qaz layihələri yalnız iki ölkə deyil, geniş coğrafiya üçün əhəmiyyətlidir. Azərbaycan Gürcüstan vasitəsilə 11 ölkəyə təbii qaz ixrac edir və bunun miqdarı ilbəil artır. 2024-cü ildə 25 milyard kubmetr qaz ixrac edilmiş və bunun 10%-i Gürcüstanın payına düşmüşdür. Bu əməkdaşlıq Azərbaycanın enerji ixracını genişləndirmək və yeni bazarları kəşf etmək məqsədinə xidmət edir.
Prezident İlham Əliyev, həmçinin yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsindən bəhs etdi. Bu gün dünyada enerji təhlükəsizliyi və ekoloji davamlılıq məsələləri ön plana çıxır. Azərbaycan və Gürcüstanın bu sahədə birgə işləməsi həm regional, həm də qlobal enerji bazarında böyük əhəmiyyət kəsb edir. Yeni "yaşıl enerji" layihələrinin uğurlu icrası iki ölkənin enerji diversifikasiyası və davamlı inkişaf məqsədinə çatmalarına kömək edəcəkdir.
Azərbaycan və Gürcüstan nəqliyyat və tranzit sahəsində də yaxından əməkdaşlıq edirlər. Hər iki dövlətin müvafiq qurumları Orta Dəhliz layihəsini həyata keçirmək məqsədilə sıx əməkdaşlıq edir. Bu layihə Avropa və Asiya arasındakı ticarət və enerji nəqliyyatını asanlaşdıracaq, regionun iqtisadi inkişafını təmin edəcəkdir.
Bütövlükdə, iki dövlət arasındakı əlaqələr regional inkişaf və sabitlik baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin bəyanatında vurğulanan iqtisadi, enerji, nəqliyyat və "yaşıl enerji" sahələrindəki əməkdaşlıq bu əlaqələrin nə qədər strateji və uzunmüddətli olduğunu göstərir. Azərbaycan-Gürcüstan əlaqələrinin yüksələn xətt üzrə inkişafı regionda sabitlik və əməkdaşlıq mühiti yaradacaqdır.
Heydər Əsədov
Milli Məclisin deputatı