PDF Oxu

Siyasət

  • 736

Böyük qələbənin zirvə nöqtəsi TƏHLİL

image

Torpaqlarımızın erməni işğalından azad ediləsi ilə 200 illik ərazi itkilərinə son qoyuldu

Müxtəlif xarici qüvvələrin siyasi, hərbi dəstəyinə arxalanan erməni terror dəstələri daim azərbaycanlılara qarşı soyqırımı aktları həyata keçirib. Sovet dönəmin də bu cür erməni vəhşilikləri qismən də olsa ara versə də, sovetlərin dağılması ərəfəsində yenidən öz vəhşi əməllərini bərpa edib, davam etdirdilər. Nəticədə Azərbaycanın torpaqları işğal edildi, yüz minlərlə insan öz doğma yurd-yuvasından didərgin salındı, kənd və qəsəbələr, şəhərlər darmadağın edildi. Bu vəhşi, qəsbkar siyasət 30 il davam etdi. BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının azad edilməsi haqında çıxartdığı qətnamələr və qərarları Ermənistan icra etməkdən imtina edirdi. Danışıqlar, aparılan beynəlxalq müzakirələrdə nəticə vermirdi. Ermənistanın indiki və keçmiş rəhbərliyi açıq şəkildə Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmasının mümkünsüzlüyündən danışırdılar.

2019-cu ilin martında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-a səfəri zamanı erməni diasporası ilə görüşdə Ermənistanın “səngər müdafiəsi” strategiyasından “aktiv əngəlləmə” strategiyasına keçdiyini bəyan etmişdi. Nitqində “hücum imkanlarını genişləndirərək” ifadəsini işlədən Ermənistan müdafiə naziri bəhs etdiyi strategiyanı “yeni ərazilər uğrunda yeni müharibə” adlandırmışdı.Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan separatçı rejimi danışıqlar masasına oturtmaq niyyətilə sülh danışıqlarının formatını dəyişdirməyə cəhd etmişdi. Belə ki, keçən ilin avqust ayında işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri zamanı Paşinyan, “Qarabağ – Ermənistandır, nöqtə” tipli populist bir cümlə söyləmiş və buna görə, həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar, əsasən də, ATƏT-in Minsk qrupu tərəfindən tənqid olunmuşdu. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun ERmənistanın silahlı qüvvələrini darmadağı edərək bır sıra əraziləri azad etməsidə Ermənistanın hakim rejimini tutduğu mövqeyini dəyişmədi.

Tovuzda törədilən erməni təxribatı Ermənistan üçün faciə ilə bitdi

Təxribatlar törətmək və bununla sərhəddə gərginlik yaratmaq Ermənistanın əsas hədəf və məqsədlərindən idi. 2020-ci ilin iyulun 12-də Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahların köməyi ilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçdilər. Lakin Ermənistan və onun havadarları ağır məğlubiyyətlə üzləşdilər. Erməni terrorçu dəstələr Azərbaycan ordusunun sərt cəza əməliyyatı nəticəsində bütün mövqelərdə sarsıdıcı zərbələr aldı. Hərbi texnika və canlı qüvvə baxımından ağır itkilər verərək, əski mövqeyinə qayıtdı. Tovuzun istiqamət seçilməsinin səbəbi o idi ki, Ermənistanla dövlət sərhədi aktiv hərbi münaqişə zonası hesab olunmadığından, orada Azərbaycan hərbi qüvvələrinin əsas hissələri cəmləşməyib. Ermənistanın təxribatları, sərhəddə qarşıdurma yaratması səngimək bilmirdi. Demək olar ki erməni təxribatları ardıcıl xarakter daşıyırdı.

Nəhayət 2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusu Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyevdən torpaqlarımızın azad edilməsi əmrini aldı. Ermənistan Azərbaycanın sürətli hücumu qarşısında cəmi 44 gün davam gətirə bildi, düşmən diz çökdü, ağ bayraq qaldırdı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməsi ilə nəticələndi.

Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən Prezident İlham Əliyev bildirdirdi ki, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, “Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”

Qələbə paradı qürurlu xalqımıza anlar yaşatdı

Haqqımız olan qələbə təntənəli şəkildə qeyd olunmalı idi və oldu da. Noyabrın 10-da dostları sevindirb, düşmənləri xar edən qələbə paradı keçirildi. Bu parad həm də işğal altında olmuş torpaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu. “Azadlıq” meydanında keçirilən Qələbə Paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Parlaq qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücündədir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi, atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın: "Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Söz yox ki, qələbələrimizin təməli sentyabrın 27-də qoyulsada demək olar ki, 8 noyabr 2020-ci il Qarabağımızın incisi Şuşanın azad edilnməsi ilə Qarabağa qovuşduğumuz tarixdir.”Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində çıxışı zamanı bildirib. Artıq Şuşa azaddır. Bu şəhər sakinlərinə qucaq açıb. Artıq bu gün Şuşada yeni bir həyat başlayıb. Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışının sonunda dediyi sözləri xatırladıb: «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

“Laçlın” sərhəd keçid məntəqəsinin yaradılması Qarabağdakı terrorçuların sonu oldu

Ermənistanın məğlubiyyətindən sonra hesab etmək olar ki, bölgəyə sülh gələcək, separatizmə, terrora son qoyulacaq. Lakin Ermənistandakı revanşist qüvvələr, o cümlədən 30 il ərzində Ermənistanın hakim rejiminə hərbi, siyasi, maliyyə yardımları göstərən xarici qüvvələr regionda sabitliyin yaranmasına imkan vermədilər. Məhz Ermənistana göstərilən siyasi hərbi, dəstək nəticəsində Azərbaycanın sərhəd bölgələrində ardıcıl erməni təxribatlar baş verdi.

Baxmayaraq ki, 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. İşçi qrupunun vəzifəsi bölgədə sabitliyə nail olunması və sərhədlərin delmitasiyasını həyata keçirmək idi. 2022-ci ilin sentyabrında erməni terror dəstələri Azərbaycanın sərhəd bölgəsinə xain hücum təşkil etdilər. Lakin Azərbaycan ordusu hücumun qarşısını alaraq yüzlərlə ermənin məhv etdi, çoxsaylı hərbi texnikanı sıradan çıxartdı. İrəvandakı hakim rejimin tapşırığı ilə Qarabağdakı erməni separatçıları ara-sıra ordumuza qarşı terror əməllərinə cəhdlər göstərirdilər. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. Qarabağdakı erməni separatçılarına silahı yerə qoymaq və təslim olunmaları üçün xəbərdarlıqların edilməsinə baxmayaraq nəticə olmadı. Arayik Artunyan, Vardanyan, Saakyan, Qukasyan və digər separatçılar ordumuza və mülki əhaliyə qarşı terror əməllərini həyat keçirirdilər. “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, separatçılar üçün dərs olmadı. Əksinə xarici güclərə arxalanaraq humanitar yönlü “Laçın” yolundan hərbi yüklərin daşınmasını təşkil edir, mülki insanlarımıza atəş açırdılar.

Təbii ki, separatizm uzun çəkə bilməzdi. Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi yaradıldı. Bununla da separatçılara Ermənistandan silah sursat daşınmasının qarşısı alındı. Lakin Xankəndində ki terrorçu dəstə hərəkətə keçərək ordumuza qarşı açıq terror aktları həya keçirməyə cəhd göstərdi. Bu zaman Azərbaycan sərt cəza tədbirləri həyata keçirməyə məcbur oldu.

Xankəndində üçrəngli bayrağımızın dalğalanmasının təmin edildiyi tarixi gün

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat çəkən lokal antiterror tədbirləri ilə separatizm tamamilə məhv edildi. Xankəndi şəhərində və ətraf ərazilərdə Azərbaycanın üçrəngli bayrağının dalğalanması təmin edildi. Hərbi cinayətkarların əsas başçıları isə hüquq –mühafizə orqanları tərəfindən həbs edilərək istintaqa təhvil verildi. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Artıq onların məhkəməsi keçirilir. Məhkəmənin ədalətli qərar verəcəyi isə şübhəsizdir. Azərbaycan antiterror tədbirlərinə start verərkən tamamilə beynəlxalq hüquq norma və prinsiplərinə, eləcə də ölkəmizin Konstitusiyasına arxalanmışdır. Qanunlara gör, ölkə daxilində ərazilərin bölünməsinə, terror aktlarına cəhdlər qatı cinayət hesab olunur. Cinayətkar isə heç bir halda cəzasız qala bilməz.

Azərbaycan lokal antiterror tədbirləri ilə separatçıları zərərsizləşdirməyə nail oldu. Cəmi 23 saat çəkən əməliyyatın gedişində separatçılar və onların əlaltıları sağ qalmaq üçün ağ bayraq qaldırdılar. Onlar Rusiya sülhməramlılarının komandanlığının vasitəçiliyi ilə hərbi əməliyyatların tam dayandırılmasını yalvardılar. Bundan sonra Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı qüvvələrin tərksilah olunması prosesi başlanıldı. Ermənistan əhalisinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında 21 sentyabr tarixində Yevlax şəhərində keçirilən görüşdə qondarma rejimin buraxılması qeyd olundu və az sonra vəd yerinə yetirildi. Terrorçu rejimin buraxılması ilə ermənilər bölgəni tərk etməyə başladılar.

Bu gün işğaldan azad edilən ərazilərimiz sakit və rahat nəfəs alır. Çünki 30 ildən sonra bölgəyə o yerlərin əsl sahibləri qayıdıb. Minlərlə keçmiş məcburi köçkün dövlətin hazırladığı və çox böyük uğurla həyata keçirdiyi “Böyük Qayıdış” Proqramının icrasına uyğun olaraq Şuşaya, Xocalıya, Laçına, Füzuliyə, Ağalı, Talış, Zabux və digər bərpa edilən yurd yerlərinə qayıdırlar. Bu qayıdış bölgəyə yeni həyat, quruculuq, abadlıq gətirir. Fəxarət edilən, qürur duyulan tarixi günləri bizlərə yaşatdığına görə, Ali Baş Komandan, Fateh Sərkərdə, Prezident İlham Əliyevə və Müzəffər Azərbaycan Ordusuna min dəfələrlə təşəkkürlər edirik.

İLHAM ƏLİYEV

Digər xəbərlər