Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Cənab Prezident gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Ölkə başçısı 2007-ci ili “Gənclər ili”, 2020-ci ili “Könüllülər ili” elan etmişdir. Bu mühüm təşəbbüslər gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarının təbliğ etməsinə səbəb olmuşdur. 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə cənab İlham Əliyev kimi idarəçi və təşkilatçının seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə uğurla davam etdirilməsinə böyük imkanlar açmışdır. MOK prezidenti cənab İlham Əliyev ölkədə Olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirmişdir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlər görülmüşdür. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhlu təbəqə kimi tərbiyə edilməsi məqsədindən irəli gəlmişdir. Son illər Bakıda, Maştağada, habelə Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Şamaxıda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya idman kompleksləri tikilərək idmançıların istifadəsinə verilmişdir. “Yaxt-klub”, atıcılıq stendi və taekvando mərkəzi də MOK-un uğurlu fəaliyyətini əks etdirən möhtəşəm idman obyektləridir. Bütün bunlar həm də gənclərin mənəvi-əxlaqi cəhətdən kamil bir təbəqə kimi formalaşdırılmasına xidmət edir.
Dövlət başçısı cənab İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində fəal iştirakının gerçəkləşdirilməsi məqsədilə 30 avqust 2005-ci il tarixdə imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Sözügedən sərəncam mühüm sənəd olmaqla, gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda Azərbaycanda gənclər sahəsində dövlət siyasətinin başlıca istiqamətləri açıqlanmış, habelə bu təbəqəyə diqqətin artırılması üçün konkret tədbirlərin hazırlanması və maliyyələşdirilməsi Nazirlər Kabinetinə həvalə olunmuşdur.Hazırlanmış proqram çərçivəsində bu il gənclərin mənafelərinə xidmət edən bir sıra tədbirlər həyata keçiriləcəkdir. Yəni gənclər nə qədər bilikli, intellektli olsalar da, onları dövlət idarəçiliyinə hazırlamaq lazımdır. Onlar yetişə-yetişə dövlət idarəetməsinə qalxmalıdırlar. Dövlət də məhz belə istedadlı gəncləri üzə çıxarmağa, onlara hərtərəfli diqqət və qayğı göstərməyə çalışır.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri