PDF Oxu

Siyasət

  • 437

Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır - ŞƏRH

image

Azərbaycanda bütün sahələrlə ilə yanaşı, nəqliyyatın infrastrukturuna, onun inkişaf dinamikasına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır. Danılmaz faktdır ki, ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını, Bakı şəhərində müşahidə olunan tıxac problemini, bu istiqamətdə bir çox işləri önə çəkdi: “Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik”.

Son illər Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. 20 il əvvəlki yollarımızla bu günkü yolları müqayisə etsək bu sahədə qazanılan uğurları aydın şəkildə görmək olar. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu, 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib, Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək.

Təkcə, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə müasir standartlara çavab verən minlərlə kilometr avtomobil yollarının çəkilməsi nəqliyyat sahəsində görülən işlər nəticəsində əldə olunan uğurlardan xəbər verir.

Strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçməsi deməyə əsas verir ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.

Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Nəqliyyat xidmətlərinin sosial-iqtisadi mahiyyətini aydınlaşdıran tədqiqatçılar bu sistemin geniş təkrar istehsalın mühüm şərti olduğunu çoxdan sübut ediblər. Bu baxımdan iqtisadiyyatda genişmiqyaslı köklü islahatların aparıldığı indiki şəraitdə nəqliyyatın xüsusiyyətlərini, iqtisadi və sosial proseslərin gedişində onun rolunu dəqiqliklə nəzərə alan siyasətin formalaşdırılması və həyata keçirilməsi çox vacibdir. Ona görə də nəqliyyat sisteminin davamlı inkişafı böyük həcmli kapital qoyuluşunu, çoxlu sayda iri nəqliyyat qovşaqlarının tikintisini və yenidən qurulmasını tələb edir. Bu baxımdan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcmi ildən-ilə artır. Ölkə Prezidentimiz cənab İlham Əliyev maüavirədə diqqətə çatdırdı ki. yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.

44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra beynəlxalq gündəliyə, beynəlxalq leksikona daxil olan Zəngəzur dəhlizi layihəsinə diqqət çəkən Prezedent cənab İlham Əliyev deyib ki, Ermənistan tərəfi dörd ildən çoxdur bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir: "Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur".

Millət vəkili onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşması regionun tranzit və logistika potensialını artıracaq, onun həyata keçirilməsi yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu dəhliz Azərbaycanın iqtisadi qüdrətini artıracaq, regional əməkdaşlığı və sabitliyi gücləndirəcək. Zəngəzur dəhlizi təkcə Cənubi Qafqazın inkişafına deyil, həm də türk dünyasında ticarət, logistika və siyasi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu layihənin həyata keçirilməsi bir sıra ölkələrin, o cümlədən, Türkiyənin, İranın, Rusiyanın və Ermənistanın da maraqlarına uyğundur.

“İkinci körpü də inşa ediləcək, artıq Naxçıvan Muxtar Respublikasında. Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir”- deyə ölkə Prezidentimiz qətiyyətlə bildirb.

Yanvarın 28-də Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə bir daha onu təsdiq etdi ki, mövcud beynəlxalq münasibətlər fonunda etibarlı tərəfdaş dövlət kimi tanınan, dünyanın geosiyasi xəritəsində mühüm mövqeyə malik olan Azərbaycan regional və milli təhlükəsizliyi təmin etməyə yönəlmiş təşəbbüsləri ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Digər xəbərlər