16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Zəlimxan kənd” və “Aşağı Kəsəmən kənd Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 17 oktyabr “Füzuli şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, bu gün Füzuli şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə verdiyi önəmin göstəricisidir. Müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması, sosial obyektlərin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir.
Daha sonra çıxış edən natiqlər – “Zəlimxan kənd” Ərazi Partiya Təşkilatının fəal üzvü Sakit İsgəndərov və partiya fəalı Rövşən Mamayev bildiriblər ki, Füzulinin yenidən qurulması yalnız şəhərin abadlaşdırılması deyil, həm də tarixi ədalətin bərpası, milli iradənin və gələcəyə inamın təzahürüdür. Doğma torpaqlarına qayıdan sakinlərin həyatının yenidən canlanması Böyük Qayıdışın ən mühüm nəticələrindəndir. 17 Oktyabr – Füzuli şəhəri günü xalqımızın Zəfər tarixini yaşadan, şəhidlərimizin qəhrəmanlığını xatırladan və gələcək nəsillərə vətənpərvərlik ruhu aşılayan əlamətdar gündür. Füzulinin dirçəlişi Azərbaycanın gücünün, birliyinin və sarsılmaz iradəsinin bariz nümunəsidir.