Azərbaycan suveren dövlət olaraq müstəqil şəkildə uğurla daxili və xarici siyasət aparır. Ermənistanın 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirərək, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.
"Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərkən bildirib.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi. Əlbəttə ki, erməni işğalçıları tərəfindən ərazimizin 20 faizindən çoxu 30 il işğal altında saxlanılsa da, Azərbaycan bununla heç vaxt barışmamış, beynəlxalq kürsülərdən, möhtəbər yığıncaqlarda öz qəti etirazını bildirmişdi. BMT-nin 4 qətnaməsi olsa da, çox təəssüf ki, bu, həll edilməmişdir. 2020-ci ildə bütün dünya 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin şahidi oldu. Düşmən döyüş meydanında darmadağın edildi. Qarşı tərəf kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi.
"BİZ REGİONDA BAĞLANTILAR YARADAN GENİŞMİQYASLI LAYİHƏLƏR HƏYATA KEÇİRMİŞİK"
Yeni reallıqlar yaradan Azərbaycan dinamik inkişaf dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra Azərbaycan yaranmış yeni reallıqlar fonunda gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirib. Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə müasir dünyamızda etibarlı tərəfdaşlarından birinə çevrilib. Təbii ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri ilə milli və dövlət maraqlarına uyğun beynəlxalq əməkdaşlığa önəm verir. Son illərdə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən birinə çevrilib. İstər regional, istərsə də daha geniş coğrafiyada etiabarlı tərəfdaş olaraq yüksək imicə sahib Azərbaycan qarşılıqlı maraqlara əsaslanan xarici siyasət kursunu uğurla davam etdirir. Məhz bunun nəticəsidir ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzu yüksəlib, diplomatik əlaqələr yaradılıb. Ölkəmizin dünya dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. "Cənab Prezident, Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?" sualını cavablandıran Azərbaycan Prezidenti bildirib ki, biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik: "Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz."
"STRATEJİ TƏRƏFDAŞLIQ ÇOX YÜKSƏKSƏVİYYƏLİ QARŞILIQLI ETİMAD, ƏMƏKDAŞLIQ DEMƏKDİR"
Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəmin verilməsi ölkəmizlə münasibətlərin qurulmasında maraqlı olduqlarının təzahürüdür. Mövcud münasibətlər Azərbaycanın dünya dövlətləri ilə siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığına söykənir. Bu gün Azərbaycanın bir çox dünya ölkələri ilə yanşı, Çinlə də əlaqələri uğurlu inkişaf yolundadır. Ötən müddət ərzində dövlətlər arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsipləri əsasında uğurla inkişaf etdirilib. Bu əlaqələr xalqların mənafeyinə uyğun olaraq inkişaf edir. İkitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb. "Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq", - deyə Prezident bildirib. Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, isə Cənab Prezident "ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır", - deyə diqqətə çatdırıb: "Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik".
UĞURLU ÇOXTƏRƏFLİ VƏ İKİTƏRƏFLİ DİPLOMATİYANIN TƏZAHÜRÜ
Azərbaycanın ŞƏT ilə əməkdaşlığı çoxsahəli və hərtərəfli xarakter daşıyır. Ölkəmizin son illər beynəlxalq arenadan artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi Azərbaycanın ŞƏT üçün əhəmiyyətini daha da artıran faktorlar sırasındadır. Azərbaycanda həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın regionda mühüm tranzit qovşağına çevrilməsinə şərait yaradıb. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq logistik mərkəz kimi rolunu daha da artırır. Bu, Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlıq etdiyi ölkələrlə ticarət və iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verir. ŞƏT-in Astana Zirvə görüşü terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoq və multikulturalizmin təşviqi kimi sahələrdə əməkdaşlığı müzakirə etmək üçün əhəmiyyətli platformadır. Bu məsələlər Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasında yer alır və ölkəmizin bu sahələrdəki mövqeyini daha da möhkəmləndirir.
ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür.
"BİZİ BİRLƏŞDİRƏN VACİB İNFRASTRUKTUR LAYİHƏLƏRİ VAR"
Xatırladaq ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu məhz Azərbaycanın sərmayələri hesabına başa gəlib. "Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Artıq qeyd etdiyimiz kimi, biz strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək", - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb. Dövlət başçımız onu da bildirib ki, bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı "Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk.
Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin "Bir kəmər, bir yol " təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir".
Çin və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünəməxsus inkişaf yolu ilə irəliləyir. İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası diqqətdədir.
Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ölkəmiz üçün mühüm önəm daşıyır. Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdən oldu. "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.
"İYİRMİ İLDƏN ARTIQ MÜDDƏT ƏRZİNDƏ MƏN HƏMİŞƏ AZƏRBAYCAN XALQINA HƏQİQƏTİ SÖYLƏMİŞƏM"
Aparıcının hər dəfə Sizinlə danışanda mənə elə gəlir ki, ölkəniz çox güclü təməl üzərində dayanıb, - deyərək "Mənə maraqlıdır, bu, təkcə özünüz barədə yox, bu gün olan liderlik haqqında nəyi bildirir?" - sualına gəlincə isə dövlət başçımız belə bildirib: "Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır. Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız".
Nəzakət ƏLƏDDİNQIZI
Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir
Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq