PDF Oxu

Siyasət

  • 792

Tariximizin ən qanlı səhifəsi

image

Məlum olduğu kimi, 1992-ci ilfevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımı aktının 33 ili tamam olur. Xocalı faciəsi Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla yanaşı XX əsrdə baş verən Xatın, Lidiçe, BabiYar kimi dəhşətli faciələrlə bir sırada dayanır. Ermənilər 26 fevral 1992-ci ildə bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti hesab olunan Xocalı qətliamını həyata keçirdilər. 613 nəfər dinc sakinin qəddarcasına öldürülməsi, 1275 nəfərin girov götürülərək ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin çürük təfəkkürdən doğan istəklərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Xocalı faciəsi zamanı ermənilər tərəfindən yaşayış evləri dağıdılaraq yandırılıb, şəhəri tərk etmək məcburiyyətində olan dinc əhali Qarqarçayı boyunca Ağdam şəhərinə üz tutduğu zaman Naxçıvanik kəndi yaxınlığında erməni silahlıları tərəfindən yolları kəsilərək uşaq, qadın, qocalar atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirilmişdir. Ermənilər tərəfindən soyqırımı törədən vəhşi cəlladlar Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar.

Xocalıda baş verənlər hadisələr soyqırımı ilə əlaqədar beynəlxalq konvensiyaların müddəalarına cavab versə də, təəssüflər olsun ki, dünya ictimaiyyəti hələ də faciəyə siyasi qiymət verməyib. Ermənilərin törətdiyi cinayətin xarakteri və miqyası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada əksini tapmış müddəalara tam uyğundur. Əvvəlcədən planlaşdırılmış kütləvi və vəhşicəsinə qırğın aktı həmin ərazidə yaşayanların məhz azərbaycanlı olduqlarına görə həyata keçirilmişdir. Xocalı sakinlərinə qarşı soyqırımı cinayəti Dağlıq Qarabağın işğalı planı çərçivəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti dövrü idi. Əksər ölkələrin ikili standartlardan çıxış etməsinin və məsələyə ehtiyatla yanaşmasının nəticəsidir ki, dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı olduğunu dilinə gətirmək istəmir. Qeyd etmək lazımdır ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik XX əsrin sonunda dünya ölkələrinin gözü qarşısında baş vermişdir. Unutmaq lazım deyil ki, bu cinayət təkcə azərbaycanlılara qarşı deyil bütün bəşəriyyətə qarşı törədilmişdir.

Azərbaycan dövləti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş apararaq tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Hər bir azərbaycanlının ən əsas vəzifələrdən biri Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsl həqiqətləri dünyaya çatdırmaq və faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır.

26 fevral 1992-ci il tarixində baş verən dəhşətli Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə olaraq Ümummilli lider, Ulu Öndər Heydər Əliyev verib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Ulu Öndər Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə qeyd etmişdir ki, "Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir".

Qeyd etmək lazımdır ki, erməni işğalının nəticəsi olaraq Xocalı şəhəri xarabalığa çevrilmişdir. Tarixi abidələri ilə seçilən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji xüsusiyyətə malik Xocalı şəhəri ermənilər tərəfindən xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Eyni zamanda şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla sökülüb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinərək məhv edilib.

Xocalı faciəsi hər bir soydaşlarımız tərəfindən ürək ağrısı ilə qeyd olunur. Fevralın 26-da dünyanın bir çox ölkələrində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır və tədbirlər keçirilir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. Şanlı ordumuz 44 günlük müharibədə misilsiz igidlik göstərərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur və onları hər zaman ehtiramla yad edir.

Mətləb Hüseynov,

YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər