PDF Oxu

Siyasət

  • 436

“Konstitusiya və Suverenlik İli” - dövlətçilik tariximizdə mühüm mərhələ ŞƏRH

image

Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır.

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Sərəncam həm tarixilik, həm də gələcəyə yönəlik strateji yanaşmaları əks etdirir.

Bu gün tarixi həqiqət ondan ibarətdir ki, müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. Əlbəttə ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özünün Konstitusiyasını qəbul etməli idi, bu baxımdan Ulu Öndər xalqın təkidi ilə hakimiyyətə gəldikdən və xalqımızın yüksək etimadı ilə Prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi idi. Çünki bu olmadan dövləti idarə etmək mümkün deyildi. Baxmayaraq ki, Azərbaycanda 1991-ci il oktyabrın 18-də müstəqilik haqqında Konstitusiya aktı var idi, lakin bu, kifayət deyildi. Heydər Əliyev Müstəqil Azərbaycanın Konstitusiya Aktını hazırlamaq üçün komissiya yaratdı, özü də bu komissiyaya rəhbərlik etdi. Qısa zamanda Konstitusiya Aktı hazırlandı, ümumxalq səsverməsinə çıxarılaraq, qəbul edildi. Hesab edirəm ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir

Konstitusiyanın qəbul edilməsinin 30 illiyi Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolunu yenidən qiymətləndirmək və gələcək hədəfləri müəyyənləşdirmək üçün tarixi bir fürsətdir. Ölkənin hüquqi bazasının müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi və ictimai həmrəyliyin daha da gücləndirilməsi bu ilin əsas məqsədlərindən biridir.

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qələbə qazanaraq 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad edib. Prezident İlham Əliyev Sərəncamında məhz bu nailiyyətlərin əhəmiyyətini vurğulayaraq, Konstitusiyanın hüquqi qüvvəsinin azad edilmiş ərazilərdə yenidən bərqərar olmasını diqqətə çatdırıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Suverenlik və dövlətçilik dəyərlərinin inkişafı hər bir dövlətin möhkəm təməllər üzərində qurulmasını və gələcəkdə dayanıqlı inkişafını təmin edir. Bu prinsiplər dövlətin daxili sabitliyini və beynəlxalq aləmdəki nüfuzunu gücləndirir. Eyni zamanda, suverenlik və dövlətçilik dəyərləri xalqın milli kimliyini və birliyini qoruyaraq gələcək nəsillərə ötürülür. Dövlətçilik dəyərləri isə cəmiyyətin milli birliyini, qanunun aliliyini və ictimai sabitliyi qorumaq üçün mühüm rol oynayır. Bu dəyərlər olmadan heç bir dövlət uzunmüddətli inkişaf və təhlükəsizlik əldə edə bilməz. Beləliklə, suverenlik və dövlətçilik dəyərləri yalnız bugünkü sabitliyi deyil, eyni zamanda gələcək nəsillər üçün güclü və firavan bir dövlətin əsasını təşkil edir.

Suverenliyin təmin olunması, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bu yanaşma dövlətin milli maraqlarını effektiv şəkildə müdafiə etməsi üçün mühüm əhəmiyyət kəsb edir.

5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılması idi. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. Tarixi ardıcıllığa nəzər salsaq görərik ki, bir-birinin ardınca qəbul olunan sənədlər demokratik dəyərlərə əsaslanırdı. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra Konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman Təsisatı fəaliyyətə başladı.

Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq imzalanan sənəddə də qeyd edildiyi kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Müstəqil Azərbaycan son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla, uğurla, ləyaqətlə inkişaf edib. Hamımız əminik ki, yeni 2025-ci ildə, “Konstitusiya və Suverenlik İli”ndə xalqımız və dövlətimiz daha böyük uğurlara imza atacaq, dövlətçiliyimiz daha da möhkəmlənəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Digər xəbərlər