PDF Oxu

Siyasət

  • 362

Qanlı cinayət xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir

image

1992-ci il fevralın 25-dən 26-na keçən gecə mənfur ermənilər tərəfindən törədilən Xocalı dəhşətləri heç zaman unudulmayacaq və yaddaşlarda əbədi qalacaqdır. Bu faciə xalqımızın yaşlı və orta nəslinin nümayəndələrinin qəlbini hələ də sızladır. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsi olan Xocalı soyqırımı barədə demişdir: “Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır”.

Tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan mənfur ermənilər xalqımıza qarşı qətliamlar, qırğınlar törədiblər. Xocalı soyqırımının törədilməsi ilə ermənilər həm də bəşəriyyətin tarixinə qara ləkə vurublar. Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. XX əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Bu hadisələr başlayana qədər, yəni 1988-ci ildə Xocalı kənd statusunda idi və bu kənddə həmin vaxt təqribən üç minə qədər insan yaşayırdı. Ermənilər tərəfindən Xocalının işğalının çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran ərazisidir. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yox idi ki, erməni kəndlərini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanın Malıbəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idi və ora getmək üçün yenə də ən azı iki erməni kəndindən keçməli olurdun.

33 il bundan əvvəl fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonuna çatmaq ümidi ilə Xocalını tərk etməyə məcbur oldu. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.

Həmin vaxt Xocalı şəhərinin 613 sakini qətlə yetirilib. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaqdır. 56 nəfər xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilib. Qanlı faciə zamanı 1000 nəfərdən çox şəhər sakini yaralanıb, şikəst edilib, 1275 nəfər isə girov götürülüb. Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən vandalizm və qətllər erməni aqressivliyinin və millətçiliyinin əsl mahiyyətini, iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu faciə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır.

Təbii ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Alimlər Xocalı soyqırımını 6 milyondan çox yəhudinin qırğına məruz qalıb Holokost faciəsinə bənzədirlər. Əgər bəşəriyyət vaxtında Holokost soyqırımından dərs alsaydı Yuqoslaviyada Srebrenitsa qətliamı, Azərbaycanda Xocalı soyqırımı baş verməzdi.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması, bu şəhərin sakinlərinə qarşı törədilən erməni vəhşilikləri haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədilə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir. Dövlət başçısı mütəmadi olaraq Xocalı faciəsi qurbanlarını anma mərasimlərində, müxtəlif rayon və qəsəbələrdə soyqırımı abidələrinin açılışında iştirak edir. Bu, Azərbaycan xalqının başına gətirilən faciələrə ən yüksək səviyyədə verilən qiymətin göstəricisidir.

Xocalı soyqırımının törədilməsindən nə qədər zaman keçirsə keçsin bu qanlı cinayət xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.

Nizami Zeynalov

YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Digər xəbərlər