PDF Oxu

Siyasət

  • 562

Bəşər tarixində vəhşilik aktı: XOCALI SOYQIRIMI

image

Bəli, bəşər tarixində vəhşilik aktı olan Xocalı soyqırımından 33 il keçir. Lakiq 33 il keçməsinə baxmayaraq Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq və unutmayır da!

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan və Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Separatçı ermənilər havadarlarının köməyi və dəstəyi ilə Xankəndi şəhərində yerləşmiş Sovet hərbi bazasının texnikasından istifadə edərək həmin gecə azərbaycanlılar yaşayan Xocalı şəhərini yerlə yeksan edərək insanlığa sığmayan vəhşilik törətdilər. Qocalara, uşaqlara, qadınlara və əliyalın insanlara məhəl qoymadan qarşılarına çıxan hər kəsi azərbaycanlı olduğuna görə məhv etdilər. Bu əsl soyqırım aktıdır və BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A(III) saylı qətnaməsinin tələblərinə tam uyğundur. Bu soyqırım nəticəsində rəsmi məlumata görə Xocalı şəhərinin 613 nəfər sakini öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Həmin gecə 487 insan şikəst olub, 1275 nəfər əsir götürülüb, 150 nəfərin isə taleyindən hələ də xəbər yoxdur. 56 nəfər ermənilərə xas olan xüsusi amansızlıq və qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarnını süngü ilə yararaq öldürüblər. Bir çox ailələr tamam məhv olmuş, xeyli sayda uşaqlar bir və ya hər iki valideynini itirmişdir. Onu da qeyd etmək lazımdır ki, bu dəhşətli hadisənin törədilməsində əli olan ermənilər yazdıqları kitablarda bütün bu və digər faktları açıq-aydın göstərməklə soyqırım törətdiklərini etiraf edir və bununla fəxr etdiklərini bildirirlər.

Əlbəttdə, Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin buna nail ola bilmədilər. Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər.

Soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmədi. Çünki hakimiyyətdə olan “bəylərin” də bu soyqırımında rolu ermənilərin, 366-cı motoatıcı alayın və ya Ayaz Mütəllibovun rolundan heç də az deyildi. 2002-ci ildə faciənin onuncu ildönümü ilə əlaqədar ulu öndər Heydər Əliyev xalqa müraciətində deyirdi: “Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o, zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalif qüvvələri də məsuliyyət daşıyırlar”.

Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1994-cü ilin fevralında Xocalı faciəsinə Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilməsinə nail oldu və ermənilər tərəfindən törədilmiş insanlıq əleyhinə cinayət aktı “Xocalı soyqırımı” kimi rəsmiləşdirildi.

Ulu Öndərimiz, daha sonra isə cənab Prezidentimiz İlham Əliyev keçirdiyi bütün rəsmi görüşlər və iştrak etdiyi hər bir beynəlxalq səviyyəli tədbirlərdə Xocalı soyqırımı haqqında görüş və tədbir iştirakçılarına ətraflı məlumat verməklə dünya miqyasında bu müdhiş hadisənin tanıdılmasına xüsusi diqqət yetirdi. Respublikamızın diplomatik korpusu, diaspora təşkilatları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması işinə cəlb edildi. Xocalı soyqırımının beynalxalq səviyyədə tanıdılması işində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehoriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan ardıcıl və silsilə tədbirlərin müstəsna rolu olduğunu xüsusi qeyd etmək lazımdır. Aparılmış məqsədyönlü siyasət sayəsində dünyanın doqquz dövlətinin və ABŞ-ın 20-dən çox ştatının parlamentləri Xocalı soyqırımına həsr olunmuş xüsusi qətnamələr qəbul etmiş, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır. Bu gün də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl iş aparılmaqdadır

Artıq bu gün Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır. Artıq erməni yalanları dünya miqyasında ifşa olunmaqda, beynəlxalq aləm Azərbaycan həqiqətlərini görüb etiraf etməkdədir. Son illərdə bir sıra sülhsever dünya dövlətlərinin parlamentləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımı insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və tanınmışdır. “Xocalıya ədalət” kampaniyasının fəaliyyəti deməyə əsas verir ki, bu sahədəki fəaliyyətimiz öz haqlı sonluğuna qədər davam edəcəkdir.

Artıq bu gün bu qisas yerdə qalmadı. Bəli, Xocalı kimi faciəvi soyqırımı törədib, azərbaycanlıları yurd-yuvasından didərgin salan ermənilər təsəvvür etmədilər ki, bir gün torpaqların sahibi geri gələcək. Bəli, həmin vaxt, məqam yetişmiş, səbir kasası dolmuş xalq bir nəfər kimi Ali Baş Komandanının döyüş əmrini gözləyirdi. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsi terrorçu ermənilərə 100 il də unutmayacaqları dərs oldu. Bu döyüş onlara sübut etdi ki, Azərbaycan Ordusunun qarşısında uzun müddət dayanmaq, müqavimət göstərmək mümkün deyil. Zəfərimizin arxasında duran ən böyük gücümüz isə birliyimiz idi: xalq-iqtidar birliyi. Doğrudur, Vətən müharibəsindəki tarixi qələbəmiz Xocalı soyqırımı yaramızı qaysaq oldu. Lakin əsrlər keçsə də, heç bir azərbaycanlı erməni vəhşiliyini və xalqımıza qarşı törədilən faciələri unutmayacaq!

Ən mühümü isə, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı bir daha dövlət başçımızın informasiya sahəsində böyük qələbəsi idi. Prezident İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə 4 saatdan çox davam edən mətbuat konfransında 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına 4 dildə ətraflı cavab verərək həm Azərbaycan həqiqətlərini, həm də dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirmişdir ki, Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü olduğunu, 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurduğunu, hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir: «Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır».

Bəli, haqlı ikən haqsız duruma düşdüyümüz vəziyyət artıq arxada qalıb, indi situasiya tam fərqlidir. Prezident İlham Əliyev müraciətində demişdir: «Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq».

Bəli, Ali Baş Komandınımız, Azərbaycan Prezidenti İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü, Qalib Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı və iqtidar-xlq həmrəyliyi nəticəsində 30 il düşmən əsarətində olan torpaqlarımız 44 gün davam edən müharibədə Qalib oldu. Ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət qalib gəldi, bir daha göstərdi ki, bütün şəhidlərimizin, Xocalı soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Bu gün Prezident İlham Əliyevin qətiyyəti, diplomatik bacarığı ilə tezliklə Xocalı qətliamına dünya səviyyəsində hüquqi qiymət alacaq. Gec və ya tez hər bir qatil və quldur erməni Azərbaycan xalqına qarşı törətdiyi bütün cinayətlərə görə, o cümlədən Xocalı soyqırımına görə öz layiqli cəzasını alacaq. Dövlət başçımızın dediyi kimi: «Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar».

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Digər xəbərlər