Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 33 il ötür. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Bu barbarlıq, vandalizm aktı Xocalı şəhərində bir cəhənnəm səhnəsi yaratdı, yurdumuzun bu parçasını yoxa çıxardı: bütün sosial-məişət obyektləri, fərdi yaşayış binaları, məktəblər, klublar, kitabxanalar, mədəniyyət evləri, muzeylər, türbələr, günbəzlər, infrastruktur, hətta məzarlar belə dağıdıldı. O məkrli niyyətlə ki, azərbaycanlıların izləri Qarabağdan tamamilə silinsin.
Terroru dövlət siyasətinə çevirən Ermənistanın bu cinayətlərinin bir səbəbi də xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcburiyyət yaratmaqdan ibarət idi.
Artıq dünya ictimaiyyəti Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu soyqırımından xəbərdardır, onun tanınması istiqamətində görülən işlər də öz bəhrəsini verməkdədir. İnsanlıq əleyhinə törədilmiş bu faciənin tanıdılması istiqamətində dövlət tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənməkdədir. Prezident İlham Əliyev Xocalı faciəsini xalqımızın tarixində ən dəhşətli qətliam kimi qiymətləndirərək bildirib ki, bu dəhşətli cinayətin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının ən ümdə vəzifələrindən biri olmalıdır: “Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, soydaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir. Bu işdə Azərbaycan və türk diaspor təşkilatlarının yeni yaradılan birliyi, fəaliyyətinin əlaqələndirilməsi böyük əhəmiyyətə malik ola bilər. Biz mübarizədə öz gücümüzə, potensialımıza, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanırıq”.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Varis Rüstəmov
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
...Xocalı soyqırımının ildönümü ilə bağlı