PDF Oxu

Siyasət

  • 423

Azərbaycan son illər Balkan ölkələri ilə əlaqələri genişləndirir

image

“Milli maraqlar üzərində qurulan xarici siyasət kursu Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb. Bu gün respublikamız beynəlxalq miqyasda müstəqillik, suverenlik prinsipərindən çıxış edən, heç kimdən asılı olmayan, eyni zamanda, yeni çağırışlar qarşısında qlobal həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verən uğurlu dövlət kimi tanınır. Ölkəmizlə tərəfdaşlıq münasibətlərini genişləndirməyə çalışan dövlətlərin sayının getdikcə artması bunun əyani təzahürüdür. Belə dövlətlərdən biri də Şimali Makedoniyadır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçılarının görüşü keçirilib, aktual müzakirələr aparılıb və prezidentlər mətbuata bəyanatlar veriblər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd edib: “Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur”.

Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan qısa müstəqillik tarixində həm İslam coğrafiyasında, həm də Avropa məkanında yerləşən ölkələrlə sıx əməkdaşlıq əlaqələri qurmağa nail olub. O cümlədən bu gün Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi respublikamızın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Digər tərəfdən, Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə ciddi təhdid yaradıb. Hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir. Belə bir vəziyyətdə zəngin resurslara malik olan Azərbaycan Avropa üçün önəmli ölkəyə çevrilib. Ölkəmiz ədalətli enerji siyasəti həyata keçirir. Azərbaycanın birmənalı mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir. Bunun nəticəsidir ki, ayrı-ayrı Avropa dövlətləri respublikamızla enerji əməkdaşlığını genişləndirməyə çalışırlar. Azərbaycan 2021-ci ilin iyulunda Aİ ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Bu dövlət ilə də enerji əməkdaşlığının böyük perspektivləri var. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Respublikamızın Avropa və ölkəsi üçün əhəmiyyətinin artdığını bildirən Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatı zamanı “Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir”, - deyə vurğulayıb.

“Bütövlükdə, Azərbaycan son illər Balkan ölkələri ilə əlaqələri genişləndirir. Bu baxımdan, Azərbaycan- Şimali Makedoniya əlaqələrinin perspektivdə daha da güclənəcəyini əminliklə söyləyə bilərik”,-deyə Pərvin Kərimzadə vurğulayıb.

Digər xəbərlər