Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Belə ki, ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib.Azərbaycanla Çin arasında diplomatik münasibətlər 1992-ci il, aprel ayının 2-də qurulub. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycanda, 1993-cü ilin sentyabr ayında isə Azərbaycanın Pekində səfirliyi açılıb.Azərbaycanla Çin münasibətlərinin inkişafı Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra daha da güclənib. 1994-cü ilin 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanıb. Çin Xalq Respublikasının Sədri Heydər Əliyevlə danışıqlarda bildirib ki, Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də digər ölkələrlə bərabər Çinlə də əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibədə qeyd edib ki, 2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə xüsusi olaraq qeyd edilib ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlıq bir çox səmərəli nəticə verib. Bununla yanaşı İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığı gələcəkdə də genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etmək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etmək barədə razılığa gəlindiyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində “Birgə Strateji tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacağı barədə bəyan edildiyini söyləyib. Birgə Bəyannamədə, həmçinin Azərbaycan və Çin Xalq Respublikasının bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaş olduqları təsdiq olunub.Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Azərbaycan Prezidenti ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışında qeyd edib ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir.
Eyni zamanda cənab İlham Əliyev Astanada görüş zamanı Çinə dövlət səfərinə dəvət olunub. Dövlət başçımız da ÇXR-in Sədrini onun üçün uyğun olan vaxtda ölkəmizə səfərə dəvət edib. Şübhəsiz ki, belə görüşlər ölkələrimizi hər bir sahədə daha da yaxın və faydalı əməkdaşlığa sövq edəcək.Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində bildirib ki, iki ölkə başçısı arasında Astanada keçirilən görüş və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.Dövlətimizin başçısı, həmçinin bildirib: ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”. Prezident İlham Əliyev yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inandığını vurğulayıb.
İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsindən danışan Prezident İlham Əliyev qeyd edin ki, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib.
Hazırda Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb.
Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.
İki ölkə arasında hələ də reallaşdırılmayan böyük potensialın mövcud olduğunu vurğulayan dövlətimizin başçısı vurğulayıb: “Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq”.
Bildirilib ki, son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına əvvəlki səfərləri zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunub. İnanırıq ki, ölkə başçısının dost ÇXR-na növbəti səfəri də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri