PDF Oxu

Siyasət

  • 448

Azərbaycan-Belarus: münasibətlərdə etimad və strateji tərəfdaşlıq TƏHLİL

image

Prezident İlham Əliyev: "Azərbaycanla Belarus arasında əlaqələr möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanır"

Azərbaycan Belarus ikitərəfli əlaqələri müasir dövrümüzdə daha da dinamik inkişaf edir. Bu münasibətlər möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır və müasir dövrdə dövlətlər arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Belə ki, dövlətlərarası imzalanan sənədlər, qarşılıqlı səfərlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə, qarşılıqlı etimad və dialoqa mühüm töhfə verir. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Suverenliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, Belarus Respublikası ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edib ki, bu da dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin ölkəmizə səfəri və səfər çərçivəsində aparılan danışıqlar dövlətlərarası mehriban dostluq əlaqələrinin olduğunu bir daha təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edərkən bildirdiyi kimi, Azərbaycanla Belarus arasında əlaqələr möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanır. Dövlətimizin başçısı Aleksandr Turçinin Baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsinin məhz ölkələrimiz arasında olan sıx tərəfdaşlıq münasibətlərinin mahiyyətindən xəbər verdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında mövcud siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

"BELARUS ŞİRKƏTLƏRİNİ QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR BÖLGƏLƏRİNİN BƏRPASINDA FƏAL İŞTİRAK ETMƏYƏ DƏVƏT ETMİŞƏM"

İlk dəfə Bakıya səfər etdiyini deyən Belarusun Baş naziri paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib. Görüşdə Azərbaycanla Belarus arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda Gəncə avtomobil zavodunda Belarus avtomobil texnikasının istehsalı və bu texnika üçün Azərbaycanın müxtəlif bölgələrində servis mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycanda lift, məişət texnikası, kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, südçülük, ətçilik və quşçuluq üzrə birgə istehsal sahələrinin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Hökumətlərarası komissiyaya qeyd olunan istiqamətlər üzrə müvafiq tapşırıqlar verilib.
Söhbət zamanı dost ölkə Belarusun şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərində iştirakı məmnunluqla qeyd edilib. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdağından azad etdi. Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. İşğaldan azad olunan ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. "İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir", – deyə Prezident çıxışlarının birində bildirib. Prezident onu da bildirib ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.
Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələr daha da genişləndirilir. Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı buna nümunədir. Belarus dövləti də dost ölkə olaraq bu prosesdə iştiraka öz töhfəsini verir. "Biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər" – deyə Belarus Respublikasının Prezidenti Azərbaycana səfəri zamanı bildirmişdir.

AZƏRBAYCAN DÜNYA ŞƏHƏRSALMA FORUMUNA EV SAHİBLİYİ EDƏCƏK

Görüşdə ölkələrimiz arasında şəhərsalma sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyinə də toxunulub. Məlumdur ki, Belarusun şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var.

Xatırladaq ki, bir ilə əvvəl Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfəri zamanı mətbuata bəyanatla çıxışında Azərbaycanın azad etdiyi ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazır olduqlarını diqqətə çatdırmışdı. Onu da bildirmişdi ki, işğaldan azad olunan torpaqlarımızda dost ölkə tərəfindən ilk növbədə, iş yerləri olan aqroşəhərcik tikiləcəkdir. "Biz orada sizin üçün evlər yaratmağa hazırıq. Belarusda taxta evlər təcrübəsi geniş yayılıb. Evi hissələrlə vaqonlarda gətiririk, bir həftə ərzində bünövrəsi üzərində tikib qurtarırıq. Biz Belarusda bu cür edirik. Əgər sizə uyğun gələrsə, biz tədarük edə və sizin dirçəldilən ərazilərdə belə evlər tikə bilərik. Bir sözlə, çox böyük planımız var. Biz işləməyə davam edəcəyik".

Dövlətimizin başçısı 2026-cı ildə Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək, Belarusu da bu tədbirdə yaxından iştiraka dəvət edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.

QARŞILIQLI HÖRMƏTƏ VƏ ƏMƏKDAŞLIĞA ƏSASLANAN KREATİV TƏRƏFDAŞLIQ

Bildiyimiz kimi, dövlətlər arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən sənədlər var. Əlbəttə ki, Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu münasibətlərin dərinləşməsində mühüm rola malikdir. Prezident İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk: "Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur". Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

DİPLOMATİK MÜNASİBƏTLƏR

İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılmışdır. Bu münasibətlər xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada söykənir. Vurğulayaq ki, 18-19 noyabr 2018 -ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun 28-29 noyabr 2016-cı il tarixində, 13-14 aprel 2021-ci il tarixində, daha sonra 2024-cü ilin may ayında Azərbaycana rəsmi səfərləri bu əlaqələrin daha da möhkəmlənməsinə səbəb olmuşdur. Hazırda Azərbaycan və Belarus arasında bir çox sahələrdə, eləcə də hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq vardır. Bildiyimiz kimi, Azərbaycanla Belarus arasında hərbi-texniki sahəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalanıb. Əlbəttə ki, ölkələrarası əməkdaşlığın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Bir sözlə, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Onu da bildirək ki, Azərbaycanla Belarus beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyirlər.

REGİONUN TƏRƏQQİSİ İLƏ BAĞLI YENİ BAXIŞLAR

Hazırda Azərbaycan ilə Belarus arasında qarşılıqlı ticarət fəaliyyətində 270-dən çox müəssisənin iştirakı ilə 300 çeşiddən artıq malın iki ölkə ərazisində qarşılıqlı təchizatı həyata keçirilir. Onlarla Azərbaycan şirkəti Belarus müəssisələrinin respublikamızda qanuni nümayəndəsi və təmsilçisi fəaliyyət göstərirlər. Ölkəmizdə Belarus kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən xüsusi təyinatlı mağazalar fəaliyyət göstərir.
İqtisadi sahədə əlaqələrin genişləndirilməsində birbaşa əmtəə ticarəti ilə yanaşı, qarşılıqlı faydalı birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi də getdikcə mühüm əhəmiyyət kəsb edir. Belarus maşınqayıranları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq sənaye kooperasiyası sahəsində səmərəli qarşılıqlı fəaliyyətin gözəl nümunəsi kimi ölkələr üçün əlamətdar layihəyə çevrilib. Belarus tərəfi Azərbaycana lift tədarükünün artırılmasında, eləcə də müvafiq istehlak həcmləri üçün onların yığılması istehsalının yaradılmasında maraqlıdır. Ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquqi bazası yaradılıb. Təbii ki, iki ölkənin rəhbərliyi səviyyəsində sıx münasibətlər əlaqələrin demək olar ki, bütün sahələrində öz əksini tapıb. Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər