Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının, Şəki-Zaqatala Regional Təhsil idarəsinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki- Zaqatala Regional Təhsil idarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, habelə Ümummilli Liderin təhsilin inkişafında göstərdiyi xidmətlərdən bəhs ediblər.
Qeyd olunub ki, belə intellektual yarışların keçirilməsi Ulu Öndərin irsinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
17 komandanın iştirak etdiyi intellektual oyun gərgin və maraqlı mübarizə şəraitində keçib. “Bizim Cəbiş müəllim” komandası birinci, “44” komandası ikinci, “Elm keşikçiləri” komandası isə üçüncü yerə layiq görülüb.
Sonda qalib komandalara diplom və medallar, birinci yerinə qalibinə kubok təqdim edilib.