PDF Oxu

Siyasət

  • 1 087

Davamlı dialoq və qarşılıqlı etimadın təzahürü

image

Mayın 7-də Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı rəsmi qəbul edərək Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparmışdır.

Görüş zamanı Prezident İlham Əliyev iki ölkə arasında uzun illərə söykənən əlaqələrin tarixi haqqında danışaraq, xüsusilə müstəqillik dövründə qarşılıqlı dəstəyin mühüm rol oynadığını vurğulamışdır. Dövlət başçısı bildirib ki, Azərbaycan və Vyetnam arasında möhkəm dostluq münasibətləri formalaşıb və bu münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
Prezident İlham Əliyev Vyetnamın beynəlxalq müstəvidə Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirərək bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Görüşdə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün konkret təkliflər səsləndirilmişdir.
Dövlət başçısı Vyetnamın Azərbaycanın iqtisadi layihələrində, xüsusilə infrastruktur sahəsində daha fəal iştirak etməsinin əhəmiyyətini vurğulamış, bu istiqamətdə əməkdaşlığın qarşılıqlı fayda əsasında genişləndirilə biləcəyini bildirmişdir.
Mədəniyyət və təhsil sahələrinə də toxunan Prezident İlham Əliyev tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, mədəniyyət günlərinin təşkili və humanitar əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd etmişdir. Bu kimi təşəbbüslərin xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə töhfə verəcəyi vurğulanmışdır.
Prezident İlham Əliyev görüş zamanı, həmçinin Azərbaycan və Vyetnam arasında BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkmişdir. O, beynəlxalq platformalarda birgə fəaliyyətin və siyasi dialoqun daha da gücləndirilməsinin vacibliyini ifadə etmişdir.
Dövlət başçısının Vyetnam lideri ilə keçirdiyi bu görüş Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Bu mühüm görüş nəticəsində formalaşan əməkdaşlıq vizyonu gələcək əlaqələr üçün etibarlı yol xəritəsi olmaqla yanaşı, regionda sülhün və sabitliyin möhkəmlənməsinə də töhfə verəcəkdir.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Digər xəbərlər