PDF Oxu

Siyasət

  • 573

Füzuli – Zəfərin təntənəsi, dirçəlişin və Böyük Qayıdışın ünvanı

Füzuli – Zəfərin təntənəsi, dirçəlişin və Böyük Qayıdışın ünvanı

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında qəhrəmanlığın, milli iradənin, Vətən sevgisinin və doğma torpaqlara qayıdışın təntənəsi kimi xüsusi yer tutur. Bu əlamətdar gün xalqımızın yaddaşına əbədi həkk olunmuş 44 günlük Vətən müharibəsinin şanlı səhifələrindən birini, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mühüm mərhələsini özündə təcəssüm etdirir.

2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusunun Füzuli şəhərini işğaldan azad etməsi yalnız hərbi uğur deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın qəlbindəki ümidlərin gerçəkləşməsinə doğru atılan tarixi addım idi. Həmin gün Füzulinin timsalında Azərbaycan xalqı bir daha sübut etdi ki, milli yaddaşı, Vətən sevgisini və torpağa bağlılığı heç bir zaman və heç bir qüvvə məhv edə bilməz.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur. Bu qərar Füzulinin azad edilməsinin tarixi əhəmiyyətinin qorunması, qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Füzuli Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərləri ilə seçilən qədim yaşayış məskənlərindən biridir. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan bu şəhər xalqımızın tarixi yaddaşında özünəməxsus yer tutur. Rayonun ərazisində yerləşən tarixi və memarlıq abidələri, qədim yaşayış məskənləri və mədəni irs nümunələri onun Azərbaycanın ümummilli sərvətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Lakin ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Füzulinin də taleyində ağır izlər buraxdı. 1993-cü il avqustun 23-də Füzuli şəhəri işğal edildi. Uzun illər davam edən işğal nəticəsində şəhərin yaşayış infrastrukturu, tarixi və mədəni abidələri ciddi dağıntılara məruz qaldı, minlərlə sakin doğma evindən didərgin düşdü. İnsanlar illərlə öz evlərinə, küçələrinə, uşaqlıq xatirələrinin yaşadığı məkanlara qayıtmaq ümidi ilə yaşadılar. Bununla belə, Füzuli sakinlərinin doğma torpağa bağlılığı heç vaxt zəifləmədi. Məcburi köçkünlük şəraitində yaşayan insanlar öz yurdlarının azad olunacağına inanır, bu inamı övladlarına da aşılayırdılar. Onların qəlbindəki Füzuli yalnız keçmişin xatirəsi deyil, gələcəyin ümidi idi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu ümidlərin gerçəkləşməsi üçün tarixi imkan yaratdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başlayaraq işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdı. Oktyabrın 17-də Füzuli şəhərinin və ətraf kəndlərin azad edilməsi müharibənin gedişində mühüm hərbi-strateji əhəmiyyətə malik hadisə oldu. Füzuli istiqamətində qazanılan uğurlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini, əsgər və zabitlərimizin peşəkarlığını, qətiyyətini və yüksək mənəvi ruhunu nümayiş etdirdi. Həmin gün Prezident İlham Əliyevin xalqa çatdırdığı azadlıq xəbəri uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların ürəyində böyük sevinc və qürur yaratdı. Füzulinin azad olunması bütün Azərbaycan xalqının qələbəsi, tarixi ədalətin bərpasına doğru atılmış mühüm addım idi.
Bu gün Füzulinin azad küçələrində dalğalanan Azərbaycan Bayrağı hər bir şəhidimizin xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığına minnətdarlığın və xalqımızın yenilməz iradəsinin rəmzidir.
Şəhidlərimizin xatirəsini yaşatmaq yalnız mənəvi borcumuz deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyətimizdir. Çünki müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması uğrunda aparılan mübarizənin tarixi dərsləri heç vaxt unudulmamalıdır.
Füzulinin işğaldan azad edilməsi ilə qarşıda yeni və mürəkkəb vəzifələr dayanırdı. Uzun illər ərzində dağıdılmış şəhəri yenidən qurmaq, yaşayış infrastrukturunu bərpa etmək, müasir şəhər mühiti yaratmaq və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etmək lazım idi. Füzulinin müasir tarixində ən təsirli hadisələrdən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasıdır. Uzun illər ərzində başqa şəhər və rayonlarda məskunlaşmış ailələr üçün öz evinə, ata-baba yurduna dönmək həyatlarının ən böyük arzularından biri olub. Füzuliyə qayıdan ailələrin sevincini yalnız yeni evə köçmək hissi ilə məhdudlaşdırmaq olmaz. Bu qayıdış həm də doğma torpaqla mənəvi bağların yenidən möhkəmlənməsi, ailə xatirələrinin yaşadılması və gələcək nəsillərin öz ata-baba yurdlarında böyüməsi deməkdir.
17 Oktyabr – Füzuli Şəhəri Günü mübarək! Qoy Füzulidə qurulan hər yeni evdə sevinc, hər ailədə firavanlıq, hər məktəbdə bilik və hər bir insanın qəlbində doğma yurda bağlılıq yaşasın. Füzuli daim inkişaf edən, sakinlərinin xoşbəxt və təhlükəsiz yaşadığı, Azərbaycanın tərəqqisinə töhfə verən müasir şəhərlərimizdən biri olsun!

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər