PDF Oxu

Siyasət

  • 1 073

“Azərbaycan-Türkiyə qardaşlığına qarşı təxribatlar nəticəsiz qalacaq“ -DEPUTAT DANIŞDI

“Azərbaycan-Türkiyə qardaşlığına qarşı təxribatlar nəticəsiz qalacaq“ -DEPUTAT DANIŞDI

"Son günlər sosial şəbəkələrdə Azərbaycana qarşı hökmranlıq və öyrədicilik mövqeyindən çıxış edən, xüsusilə də təhqir xarakterli paylaşımların artması təsadüfi hal kimi qiymətləndirilməməlidir. Türkiyədə hər zaman Azərbaycanı sevməyən müəyyən kiçik qruplar mövcud olub. Hazırda həmin qrupların fəallaşması, eləcə də bu prosesin arxasında Türkiyədən kənar qüvvələrin dayanması ehtimalı diqqət çəkir. Lakin Türkiyə həm dövlət, həm də cəmiyyət olaraq Azərbaycanın dostu və qardaşıdır. İki ölkəni birləşdirən tarixi, mədəni və mənəvi bağlar ayrı-ayrı şəxslərin təxribat xarakterli çıxışlarından daha güclüdür".
Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə qazandığı uğurlar, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və təbii sərvətləri üzərində suveren hüquqlarını təmin etməsi müəyyən xarici dairələrin maraqlarına uyğun gəlməyə bilər:

"Bu baxımdan, Azərbaycanla Türkiyənin arasını vurmaq, iki xalq arasında qarşılıqlı etimadı sarsıtmaq və ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək cəhdləri məqsədli xarakter daşıya bilər. Lakin bu cür addımlar iki dövlət arasında mövcud olan strateji tərəfdaşlığa və qardaşlıq münasibətlərinə təsir göstərmək gücündə deyil.

Azərbaycanın gücü milli birliyində, xalqla dövlət arasındakı həmrəylikdə və milli maraqlara əsaslanan siyasətindədir. Ölkəmiz bir tərəfdən tarixi köklərinə, milli-mənəvi dəyərlərinə və ənənələrinə sadiq qalır, digər tərəfdən müasirliyə, elmi-texnoloji tərəqqiyə və beynəlxalq əməkdaşlığa doğru inamla irəliləyir. Universitetlərdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, vətəndaşların qlobal yeniliklərdən faydalanmaq imkanlarının genişlənməsi və xarici investisiyalar üçün əlverişli mühitin yaradılması Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətləridir.

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, müstəqil siyasi iradə nümayiş etdirməsi və beynəlxalq münasibətlərdə öz mövqeyini sərbəst müəyyənləşdirməsi də ölkəmizin mühüm nailiyyətlərindəndir. Azərbaycan öz gündəmini xarici qüvvələrin istəyinə uyğun deyil, xalqının milli maraqlarına əsasən müəyyənləşdirir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyin qorunması, beynəlxalq nüfuzun artırılması və dost ölkələrlə münasibətlərin inkişaf etdirilməsi əsas prioritetlər olaraq qalır.

Azərbaycan Prokurorluğunun Türkiyədə fəaliyyət göstərən bir jurnalistin ölkəmizə qarşı yolverilməz ifadələr işlətməsi ilə bağlı cinayət işi açmasından sonra həmin şəxsin Azərbaycan dövlətindən üzr istəməsi də diqqətəlayiq hadisədir. Bu fakt ictimai çıxışlarda məsuliyyətin və hüquqi çərçivənin əhəmiyyətini bir daha gündəmə gətirir. Türkiyədə bəzi şəxslərin yol verdikləri səhvlərin mümkün nəticələrini dərk etməyə başlaması isə münasibətlərin qorunması baxımından müsbət məqamdır. Heç bir təxribat Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə və ölkəmizi öz milli maraqlarına əsaslanan müstəqil inkişaf yolundan çəkindirə bilməz".

Digər xəbərlər