Beynəlxalq hava limanlarının sayı doqquza çatdı
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində böyük nailiyyətlər əldə edib. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək, ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin - xəstəxanaların, yeni yolların, mədəniyyət, xidmət mərkəzlərinin, yeni iş yerlərinin və s. istifadəyə verilməsi ölkəmizdə uğurlu siyasətin məntiqi nəticəsidir.
Beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verən müstəqil və suveren Azərbaycan iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri reallaşdırır və ölkəmizin təşəbbüsü, eləcə də iştirakı ilə qlobal layihələr uğurla icra edilir. İnkişaf strategiyası nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda özünü göstərir. Belə ki, ökəmizdə bütün sahələrdə olduğu kimi mülki aviasiya sahəsindən də sürətli inkişaf yan ötməyib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə 2 iyun mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılması ilə əlaqədardır.
Mülki aviasiyamızın təməli yaxın keçmişimizlə bağlı deyil. Bir əsrdən artıq tarixi mərhələ var bu yolda. Belə tarixi olan Azərbaycan aviasiyası dünəndən bu günə qədər keçdiyi yolda mərhələ-mərhələ inkişaf edib. Mənbələrdən bəllidir ki, Azərbaycanda ilk təyyarə uçuşları 1910-cu ildə Bakının səmasında baş tutub. Bu, rus aviatoru Utoçkinin "Farman" tipli aeroplanla Balaxanı "şossesində" 4 gün ardıcıl olaraq həyata keçirdiyi uçuş olub. Azərbaycan aviasiyasının tarixi həmin zamandan yazılıb. Maraq doğuran hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı sürətlə artmağa başlayıb və qısa zamanda Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilib. Azərbaycanın aviasiya tarixində uzaq məsafəyə ilk uçuş 1919-cu ildə həyata keçirilib. Azərbaycan mülki aviasiyası 1920-ci ilin aprelindən sonra SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərib. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşsa da, müəyyən irəliləyişlərə də nail olub. 1938-ci il iyunun 2-də Mülki Hava Donanması Baş İdarəsinin əmri ilə Mülki Hava Donanmasının Azərbaycan aviasiya dəstəsi yaradılıb. Mülki aviasiya ilə bağlı bu xronoloji ardıcıllıq aviasiyanın keçdiyi yolun tarixinə həkk olub.
XARİCİ AVİAŞİRKƏTLƏRLƏ MÜQAVİLƏLƏR BAĞLANDI
Qeyd edək ki, ötən əsrin əvvəllərində təməli qoyulan mülki aviasiyamızın tarixini əks etdirən materialları araşdırarkən İkinci Dünya müharibəsi illərində bu sahədə əldə edilən nailiyyətlər də diqqət çəkdi. Belə ki, ön cəbhədə, arxa cəbhədə azərbaycanlı hərbi təyyarəçilərimiz, aviatorlarımız, hərbi və mülki aviasiya sənayesində çalışan mütəxəssislərimizin rolu danılmazdır. Müharibə illərində Bakının Keşlə qəsəbəsində iki aviazavod fəaliyyət göstərirdi ki, fasiləsiz işləyən bu müəssisələrdə "UTİ-4" və "YAK-3" tipli təyyarələr, habelə hidrotəyyarələr üçün xizəklər istehsal olunurdu.
Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr ötən əsrin yetmişinci-səksəninci illərinə təsadüf edir. Respublikanın 11 rayonunda yeni hava limanlarının tikilməsi və ya yenidən qurulması fikrimizi əsaslandırır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Naxçıvanda, Beyləqanda, Zaqatalada "Yak-40" reaktiv təyyarələri üçün süni örtüklü qalxma-enmə zolaqları salındı. Bakı və Gəncə hava limanları müasir naviqasiya vasitələri ilə təchiz edildi. 1971-ci ildə Gəncə Avia müəssiəsi fəaliyyətə başladı. Bütün bunlarla yanaşı, Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikildi. Daha sonra 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın yüksək inkişaf tempini nəzərdə tutan proqram hazırlandı. Ümummilli Lider Heydər Əliyev sovet dövründə milli aviasiyanın inkişafında istədiklərini tam həyata keçirə bilməsə də, müstəqillik dövründə bu sahədə olan arzularını gerçəkləşdirə bildi. Məlumdur ki, sovet hakimiyyəti dağıldıqdan sonra hərbi əmlakın və texnikanın əksər hissəsi ölkədən çıxarıldı, Azərbaycanda yerləşən silahlı qüvvələr isə birbaşa Rusiyanın tabeliyinə keçdi. Azərbaycan aviasiyası ağır vəziyyətə düşmüşdü. Bütün əlaqələr pozulmuşdu. Belə bir zamanda Onun uzaqgörən siyasəti nəticəsində aviasiya sahəsində böyük layihələrin həyata keçirilməsinə start verildi. 1993-cü ildə dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, milli aviasiya sahəsində də kəskin dönüşə səbəb oldu. Görülən tədbirlər nəticəsində xarici aviaşirkətlərlə müqavilələr bağlandı. Aviasiya xətlərinin miqyasının sürətlə artması Azərbaycanın dünyaya çıxışını asanlaşdırdı. Ulu Öndərin rəhbərliyi ilə "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı" hazırlanıb, uğurla həyata keçirildi. Bu proqram çərçivəsində 1999-cu il oktyabrın 2-də Bakı hava limanında dünya standartlarına tam cavab verən yeni aerovağzal kompleksi tikildi.
AZƏRBAYCANA LAYİQ HAVA LİMANI
Müstəqillik illərində yaradılan "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Milli Aviasiya Akademiyası kadrların hazırlanmasında böyük rol oynadı. "Milli Aviasiya Mərkəzi" adı ilə yaradılan akademiya 1994-cü ildən Milli Aviasiya Akademiyasına çevrildi. Milli kadların hazırlanmasına xüsusi diqqət ayıran Heydər Əliyev "Mən xoşbəxtəm ki, artıq indi Azərbaycanın mülki aviasiyasının milli kadrları - azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır", - deyirdi. Akademiyaya 1998-1999-cu tədris ilində 11 ixtisas üzrə 276 nəfər daxil oldu. Bu gün akademiya Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə hüquq verən sertifikatına layiq görülüb.
Bu gün inkişaf səviyyəsi, maşın parkı və xidmət mədəniyyəti ilə seçilən milli aviadaşıyıcımız "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri Azərbaycandan çox-çox uzaq yollara dünyanın 30-dan artıq şəhərinə uçur. Mütəxəssilərin qənaətinə görə, dünyanın müxtəlif nöqtələrinə sərnişin daşımaları həyata keçirən güclü milli aviaşirkətin mövcudluğu ölkənin yalnız nüfuzu hesab olunmur. Bu, eyni zamanda dövlətin iqtisadi, mədəni, humanitar siyasətinin möhkəmlənməsinə müsbət təsir göstərir. Çoxşaxəli marşrutların mövcudluğu Azərbaycanın iqtisadi potensialını və turizm imkanlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verir.
Ulu Öndər Heydər Əliyev dediyi kimi: "Hava limanı Azərbaycanın qapısıdır. Onu gərək elə göstərək ki, Azərbaycana layiq olsun". Beynəlxalq tədbirlər məkanı olan Azərbaycana gələn - vəzifəsindən, irqindən asılı olmayan hər kəs ölkəmizin güc və nüfuzunu ilk andaca hiss edir. Sonrakı addımları sehrli ölkəmizin yavaş-yavaş açılan qapılarından başlanır. Ölkəmizdə, paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlər zamanı Azərbaycana səfər edən əcnəblər şəhərimizin seyrəngahlığını, möhtəşəmliyini, gözəlliyini, dünya standartlarına cavab verən tələblər çərçivəsində inşa edilən Heydər Əliyev Beynəlxalq Aeroportunu görürlər.
AVİASİYA SAHƏSİNDƏ KOMPLEKS TƏDBİRLƏR
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan hava nəqliyyatının əsaslı şəkildə yenidən qurulması prosesini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısının son illərdə mülki aviasiya sahəsinə göstərdiyi daimi diqqət və qayğısının nəticəsi olaraq bir çox nailiyyətlərə imza atılıb. Bəllidir ki, Azərbaycana gələn əcnəbi üçün ölkəmizə səyahət bu qapıdan - hava qapısı adlandırılan məkandan başlayır. Ölkə Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının keyfiyyət və miqyası etibarilə yeni bir mərhələsinə qədəm qoyub. Milli aviasiyanın inkişafı, infrastrukturunun təkmilləşdirilməsi və aviaparkın yeniləşməsində Prezident İlham Əliyevin qayğı və diqqəti də olduqca böyük əhəmiyyətə malikdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, aviasiya sahəsində kompleks tədbirlər həyata keçirilir. Paytaxt və regionlarda olan hava limanlarının maddi-texniki bazası möhkəmləndirilib, müasir xidmət infrastrukturu yaradılıb. "Naxçıvan" beynəlxalq hava limanı, "Gəncə" beynəlxalq hava limanı və "Zabrat" hava limanında yeni təyyarə vağzalının binası istismara verilib. "Lənkəran" və "Zaqatala" beynəlxalq hava limanları açılıb.
QARABAĞIN HAVA QAPISI - FÜZULİ HAVA LİMANI
44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Ermənistan tərəfindən işğal altında saxlanılmış bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Zəfər qazanmış Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni hava limanları da tikilib və bu davam etməkdədir. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunaraq istifadəyə verilib. Füzulidə yerləşən beynəlxalq hava limanı ən müasir standartlara uyğun təchiz edilmiş böyük bir kompleksdir. Hava limanının açılış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qələbə Gününün birinci ildönümündən bir neçə gün əvvəl baş tutdu. Türkiyə Prezidenti Füzuli hava limanında havaya qalxan ilk xarici sərnişin oldu. Maksimal rekord müddətdə inşa edilən hava limanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk əhəmiyyətli infrastruktur obyektidir. Füzulidə yerləşən beynəlxalq hava limanı sadəcə regionun vizit kartı deyil, həm də mühüm strateji məntəqədir. O, Qarabağın digər regionlarla və bütün dünya ilə əlaqələrini genişləndirəcək. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti çıxışında Füzuli hava limanını "Qarabağın hava qapısı" adlandırıb. Yeni hava limanının uğurlu coğrafi mövqeyi ölkəyə beynəlxalq nəqliyyat logistikası və turizm potensialının açılması üçün geniş imkanlar yaradır. Bunun sayəsində sərnişin axını artacaq və regionun turizm potensialının inkişafına əlverişli təsir göstərəcək. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
NƏQLİYYAT-LOGİSTİKA MƏRKƏZİ - ZƏNGİLAN
Demək olar ki, bütün aviasiya layihələri dövlət başçısının dəstəyi və ya iştirakı ilə həyata keçirilib və bu işlər davam etdirilir. 2021-ci ilin fevralında Azərbaycan Prezidenti bəyan etdi ki, Zəngilan rayonunda Logistika Mərkəzinin yaradılması planları nəzərə alınmaqla rayonda beynəlxalq havalimanı tikiləcəkdir. Dövlət başçısının sözlərinə görə Ermənistan və İranla həmsərhəd olan Zəngilan rayonunun coğrafi mövqeyi rayonun nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan verəcək. Çox keçmədi ki, Zəngilan havalimanının 20 oktyabr 2022-ci ildə açılışı oldu. Havalimanındakı uçuş-enmə zolağının uzunluğu 3 kilometrdir və havalimanı ağır nəqliyyat təyyarələri də daxil olmaqla, bütün növ hava gəmilərini qəbul etmək gücündədir.
Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanlarının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aviasiya sahəsində kompleks şəkildə həyata keçirilən tədbirlər bu sahənin daha parlaq gələcəyindən xəbər verir. Milli aviasiyamızın sürətli inkişafı, yeni-yeni nailiyyətlərin əldə olunacağına əminlik yaradır.
ÜÇÜNCÜ BEYNƏLXALQ HAVA LİMANI
Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi də müasir aviasiya tarixində yeni mərhələdir. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.
Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.
Mülki aviasiya sahəsindəki uğurlar bizə deməyə əsas verir ki, ölkəmizin coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu daha da artırır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinin yüksək səviyyədə icra olunması Azərbaycanın aviasiya sahəsinin tamamilə yeni mərhələyə çıxarılmasına şərait yaradıb.
Nəzakət ƏLƏDDİNQIZI