İyunun 2-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u Azərbaycanın, eyni zamanda. iştirakçı ölkələrin iqtisadi imkanlarının təqdimatında və yeni hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.
Neft-Qaz Sərgisinə marağın ildən-ilə daha da artdığı diqqətdən kənarda qalmır. Bu, təbii ki, ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunun artmasından, hər bir layihəni uğurlu sonluqla başa çatdırmaq üçün göstərdiyi səylərdən, bir sözlə, hər zaman əməkdaşlığa, səylərin birləşdirilməsinə marağından irəli gəlir. Eyni zamanda, dövrün çağırışları da yeni-yeni əməkdaşlıq formatlarının yaradılmasında mühüm rol oynayır. Hazırkı dövrün əsas çağırışı isə bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır.
Dövlət başçısı İlham Əliyev Yubiley tədbirindəki çıxışında bir daha diqqəti Azərbaycanın enerji gündəliyinə yönəldərək bildirdi ki, neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək: “Əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır”.
Ölkə Prezidenti onu da qeyd etdi ki, bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir. Azərbaycana gəldikdə, təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda, biz tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik. 2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir. Yəni, bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir.
Ölkəmizin “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək enerji sektorunda qazandığı uğurlarının xronologiyasına diqqət yetirməklə düşünülmüş və gələcəyə hesablanmış siyasətin Azərbaycanın qarşısında böyük imkanlar açdığını inamla qeyd edirik. 2006-ci ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi və Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrildi. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start verdi, onun təşəbbüskarı oldu. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır. Artıq 2020-ci ilin sonunda TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizi tam tərkibdə reallığa çevrildi. Uğurla başa çatan hər bir layihə Azərbaycanın dünyanın enerji təlükəsizliyində roluna yeni əlavələr edir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən dövlət başçısı İlham Əliyev bildirir ki, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir. Ölkəmiz enerji sektorunda qazandığı uğurlarla nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yaradır.
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri