PDF Oxu

Siyasət

  • 811

Qurban bayramı: mənəvi birlik, xeyirxahlıq rəmzi

image

Prezident İlham Əliyev: Ümidvar olduğumu bildirirəm ki, saf niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır"

Bu il xalqımız İslam aləmində ən müqəddəs bayramlardan olan Qurban bayramını işğaldan azad olunmuş ərazilərimizdə də qeyd edəcək. Şuşamızda, Ağdamda, Zəngilanda və digər ərazilərimizdə qurbanlıqlar kəsiləcək. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə xalqımızın milli-mənəvi dəyərlərinə uyğun olaraq Qurban bayramının keçirilməsi hər kəsi qürurlandırır. Xeyirxahlığın, bərabərliyin və fədakarlığın simvoluna çevrilən Qurban bayramını xalqımız qalib bir xalq olaraq qeyd edir. Tolerant mühitdə, multikultural dəyərlərə önəm verildiyi bir dövlətdə. Əlbəttə ki, bu xalqımızın böyük dəyərlərə sahib olmasının daha bir göstəricidir.

Dünya xalqlarına nümunə olan Azərbaycan multikultural dəyərləri ilə də dünyaya öz modelini nümayiş etdirir. Mənsubiyyətindən, irqindən asılı olmayaraq, bütün insanların sərbəst fəaliyyət göstərdiyi tolerant Azərbaycan. Bu fikirlərin arxasında Azərbaycan həqiqətləri, gerçəkliklərimiz dayanır. Əgər ölkəmizdə 2200-dən artıq məscid, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyətdədirsə, demək, bu, artıq Azərbaycanda tolerant mühitin mövcudluğunu tam əsaslandırır. Ölkədə olan hər bir millətə - ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurlara, udilərə sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanlar yaradılıb. Tariximizə diqqət etsək görərik ki, dünyanın ən qədim məscidlərindən olan Şamaxı məscidi bizim məkanda hələ 743-cü ildə tikilib. Şəkidə olan Qafqaz Albaniyası kilsəsi tarixin daş abidəsinə çevrilib. Bu gün ölkə ərazisində olan dini abidələrə dövlətimiz tərəfindən diqqət və qayğı var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir: "Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Beləliklə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir".

Qeyd edək ki, işğal altındakı torpaqlarımızda olan 67-i müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Tezliklə dini abidələrimiz təmir və bərpa olunacaq, yeni məscidlər istifadəyə veriləcəkdir. Artıq bu işlərə başlanılıb. İşğaldan azad olunan Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan yeni məscid dini ocaq və modern memarlıq nümunəsi olacaq. Ötən il iyulun 5-də Heydər Əliyev Fondunun Şuşada Aşağı Gövhər ağada apardığı bərpa işləri başa çatıb. Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işləri aparılır. Tezliklə bu ya digər məscidlərdə dualar oxunacaq, bayram namazları qılınacaqdır.

Azərbaycan xalqı belə tolerant bir mühitdə Qurban bayramını qeyd edir. Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqının əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub-saxlayıb. Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib ki, dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir: "Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, saf niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır"

Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində bayram edilir. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir.

Mənbələrdə göstərilir ki, insanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisənin başqa bir fəlsəfi-əxlaqi mənası da ondan ibarətdir ki, islam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqudur. Allah özünün yaratdığını öz yolunda qurban kəsilməsini qəbul etmir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında, dişi heyvanların müstəsna rolu olduğuna görə, qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı, altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi islamda məsləhət görülmür.

Qurban kəsiləndə belə deyilməlidir: "Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi - Allah üçündür".

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara və kasıblara paylamalıdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır". Qurban bayramı mənəvi-əxlaqi dəyərlərimizi özündə təcəssüm etdirərək, insanları hallalığa, paklığa və birliyə səsləyir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir və şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Dövlət başçısının xalqımıza təbrikində bildirilir ki, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik: "Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, saf niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır"

Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.

"Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram"- deyə təbrikində dövlət başçısı bildirib.

Bu il bildiyimiz kimi, iyun ayının 6-da Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunur.

Kəsdiyiniz qurbanlar qəbul olsun! Qurban bayramınız mübarək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər