05 iyun 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatında 15 iyun Milli Qurtuluş günü münasibətilə “Partiya fəalları” layihəsi çərçivəsində “Tarix yaradan şəxsiyyət-Heydər Əliyev” mövzusunda tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdən biridir. Fəaliyyətinin hər bir dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli, müasir ruhlu bir dövlətin yaradılması idi. Elə bir dövlət ki, müstəqilliyi, özünəxas çalarları ilə və daim inkişaf edərək dünyada layiqli yer tutsun.
Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətinin kəskin geosiyasi ziddiyyətlərin mövcudluğu şəraitində Azərbaycan dövlətçiliyinin xilası olduğunu deyən təşkilat sədri əlavə edib: “Dövlətimizin qorunub saxlanılması azadlığımızın, müstəqilliyimizin mövcudiyyəti deməkdir, qurtuluş deməkdir!” Ümummilli Lider Heydər Əliyevin dövlətçilik haqqında baxışları nəzəri-təcrübi konsepsiya əhəmiyyəti daşıyır. Bu konsepsiyada dövlətçilik anlayışı, dövlət və dövlətçiliyin qarşılıqlı əlaqəsi, dövlətçiliyin milli ideologiyada yeri, əhəmiyyəti və digər məsələlər əksini tapıb. Ulu Öndərin dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyası ilə birgə, onun Azərbaycan dövlətçiliyinin tarixinə tətbiqi də həyata keçirilib. O, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin də banisidir. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin idarəetmə mexanizmini və hüquqi sistemini formalaşdırıb. Ən vacib məsələlərdən biri də Azərbaycan dövlətçiliyində siyasi varisliyin təmin edilməsidir”.
Seyfəddin Əliyev sonda onu da qeyd etdi ki, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bəyan edəndə bütün dünya qarışıq vəziyyətdə idi. Sosialist düşərgəsi dağılmışdı, Qərb siyasi dairələri üçün özlərindən tam asılı məkanların yaranması imkanları genişlənmişdi. Belə bir məqamda Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi zərurətini dərk edən Azərbaycan xalqı öz gələcək taleyini dahi şəxsiyyətə etibar etməklə çox ağır müsibətlərdən yan keçə bildi. Həmin məqamda onun dahiliyi bütün parlaqlığı ilə özünü göstərdi. Hər şeydən əvvəl güclü dövlət qurmaq ideyasını cəmiyyətə təlqin edən dahi şəxsiyyət demokratik cəmiyyətin yalnız güclü dövlətdə mümkün ola biləcəyini isbat etdi. Ulu Öndər “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır”, – deyə müstəqil dövlətçilik məfkurəsində bu mübarizənin son dayanacağının inkişaf etmiş Azərbaycan olacağını göstərmiş oldu.
Sonra Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və onların inkişafı ilə bağlı ən düzgün qərar verəcək. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov, Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov, YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev, Vətən müharibəsi iştirakçısı Samir Əlizadə və başqaları çıxış edərək müstəqillik yolunda xalqımızın çoxillik mübarizə tarixindən, müstəqilliyin bərpasında və onun qorunmasında ümummilli liderimizin xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.