Keçmiş Sovetlər Birliyinin dağılması fonunda yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzbəüz qaldı. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda son dərəcə təhlükəli həddə çatdı, xaos, anarxiya ölkəni bürüyərək, vətəndaş müharibəsi təhlükəsinə yüksələn qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta xalq olaraq varlığımızı yox etmək dərəcəsinə çatdı. 1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyuldu. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd edilməsi barədə qərar qəbul etdi. Müstəqilliyimizin memarı kimi adını tarixə qızıl hərflərlə yazdıran Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətləri azərbaycançılıq ideologiyasının təbliği, inkişaf etdirilməsi, xalqımızı vahid amal ətrafında birləşdiririlməsi, azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması idi. Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini