PDF Oxu

Siyasət

  • 670

Azərbaycan və Özbəkistan arasında imzalanmış sənədlər və onun mahiyyəti - ŞƏRH

image

Azərbaycanla Özbəkistan arasındakı dostluq, qardaşlıq münasibətlərinin tarixi qədim köklərə dayanır. Ölkələrarası diplomatik əlaqələrin təməli ötən əsrin 90-cı illərində qoyulmuş, 1996-cı ildən Azərbaycanın Özbəkistanda, 1998-ci ildən isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlamışdır.

1996-cı ildə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana ilk dəfə rəsmi səfər etməsi ölkələrarası münasibətlərin inkişafına mühüm təsir göstəmişdir. Səfər zamanı iki ölkə arasında ümumilikdə 19 saziş imzalanmışdır. Bundan başqa həmin görüşdə “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” də imzalanır. Həmin il Ulu Öndər Heydər Əliyev oktyabr ayının 21-22-də Türkdilli Dövlət Başçılarının IV Forumunda iştirak etmək üçün Daşkəsənə səfər edir. Görüş zamanı Heydər Əliyev türk dövlətləri arasında bu cür görüşlərin mühüm əhəmiyyətindən söhbət açaraq, mədəni və mənəvi əlaqələrin bundan sonra daha da genişlənəcəyinə, müstəqilliklərinin möhkəmlənəcəyinə dair fikirlər irəli sürmüşdür.

1997-ci il iyun ayının 18-19-da Prezident Heydər Əliyev növbəti dəfə Özbəkistana rəsmi səfərə yollanır. Bu görüşdə iki ölkə arasında daha 19 sənəd imzalanır. Mərasimdə iştirak edən Ulu Öndər Heydər Əliyev bu barədə deyir: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”.

Ölkələrarası dostluq və qardaşlıq münasibətləri nəticəsində növbəti illərdə də bir çox sahələr üzrə yeni əməkdaşlıq münasibətləri inkişaf etdirilmişdir.

2004-cü il mart ayının 23-24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin təməlini qoyduğu siyasəti uğurla davam etdirərək, Özbəkistan Respublikasına səfər edir. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən fikir mübadiləsi aparılmış, qarşılıqlı mal dövriyyəsi, nəqliyyat və energetika məsələləri, humanitar və mədəni əlaqələr istiqamətində razılaşmalar əldə edilmişdir.

2008-ci ildə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov növbəti dəfə Azərbaycanda rəsmi səfərdə olur. Bu görüş zamanı da iki ölkə arasında müxtəlif sahələri əhatə edən, məxfi informasiyanın qarşılıqlı surətdə qorunması, humanitar sahə, ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi kimi məsələlərlə bağlı sazişlər imzalanır.

2025-ci il iyul ayının 2-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında görüş baş tutur.

Səfər zamanı hər iki ölkənin başçısı mətbuat qarşısında bəyanatlarla çıxış edirlər.

İkitərəfli görüş zamanı Dövlətlərarası Şuranın iclası çərçivəsində qarşılıqlı fəaliyyət məsələri geniş şəkildə müzakirə edilmiş, mütəffiqlik xarakteri təsdiq edilmişdir. Bəyanatla çıxış edən Cənab Prezident İlham Əliyev qeyd etdi ki, hələ, 2024-cü ildə Daşkənddə olarkən Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzanmışdı. İmzalanan sənəd ən yüksək və əhəmiyyətli sənəd hesab edilir ki, bu da iki ölkənin bir-birilə rəsmi müttəfiq olmalarının göstəricisidir.

İlham Əliyev öz çıxışında Özbəkistanın son illərdə göstərdiyi nailiyyətlərdən söhbət açaraq, bir ölkə kimi sürətlə inkişaf etdiyini, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsinin qürurverici olduğunu bildirdi.

Ölkə Başçısı İlham Əliyev bəyanat zamanı İnvestisiya Fonduna da diqqəti yönəldərək qeyd edir ki: “Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq”.

Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin bəyanatının ardınca Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxış edərək İlham Əliyevə səmimi qonaqpərvərliyinə görə öz təşəkkürünü bildirib, iki ölkə arasındakı uğurlu əlaqə və münasibətlərə münasibət bildirdi. Çıxış zamanı Şavkat Mirziyoyev qeyd etdi ki: “İqtisadiyyat artır, investisiyalar artır və bütün bunlar Azərbaycan Prezidenti, dostum və qardaşım İlham Heydər oğlunun gündəlik, yorulmaz əməyinin bəhrələridir. Azərbaycanda həyata keçirilən bir çox işləri öyrənir, təhlil edir və bu təcrübəni mənimsəyirik”.

Şavkat Mirziyoyev çıxışı zamanı ölkələrarası razılaşdırılmış müqavilələr, razılaşmalar haqqında da fikrini bildirərək, “nə barədə razılaşırıqsa, onu da icra edirik, həll edirik” deyə nitqini yekunlaşdırdı.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi

Digər xəbərlər