Məlumdur ki, həm coğrafiyasına, həm də əhalisinin sayına görə dünyanın ən böyük dövlətlərini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) XXI əsrin diqqətçəkən regional bloklarından biri, bəlkə də birincisidir. Təşkilatın əsası Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistanın təşəbbüsü ilə 2001-ci ildə adı ilə tarixə düşən Şanxay şəhərində qoyulub. Qurumun məqsədləri geniş və çoxtərəflidir. Üzv ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişafı, siyasət, iqtisadiyyat, elm və təhsil, enerji, mədəniyyət kimi sahələrdə birgə fəaliyyətin təşviqi təşkilatın əsas hədəfləridir. Bu gün aşkar görünür ki, ŞƏT böyük iddialarla və real potensialla irəliləyir. Avrasiyanın siyasi və iqtisadi xəritəsini yenidən çəkən bu qurum Qərb mərkəzli qurumlara alternativ bir güc modelinə çevrilir. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər ŞƏT-i bəzən "Böyük Yeddiliyin alternativi" adlandırırlar. Bu isə o deməkdir ki, dünya yalnız birqütblü deyil və ŞƏT getdikcə çoxqütblü dünya nizamının yeni mərkəzlərindən biri olaraq yüksəlməkdədir.
Qeyd etmək lazımdır ki, bu gün dünyada güc bölgüsü yenidən formalaşır, beynəlxalq münasibətlər isə getdikcə daha çox mürəkkəbləşir. Belə bir şəraitdə Avrasiyanın nəhəng siyasi, iqtisadi və təhlükəsizlik platforması olan ŞƏT sabitlik və əməkdaşlıq üçün alternativ mərkəz kimi önə çıxır. Azərbaycan isə ŞƏT-də təkcə masa arxasında təmsil olunmur. Ölkəmiz regionun gələcəyini müəyyən edən strateji proseslərdə fəal iştirak etmək üçün həmin arenada öz yerini tutub. Bunun səbəbi ölkəmizin ŞƏT üçün çox önəmli olmasıdır. Azərbaycan indi bir sıra məsələlər üzrə regionda və dünyada strateji maraqların mərkəzində dayanır. Avropa ilə Asiya arasında birləşdirici körpü rolu oynayan ölkəmiz ŞƏT-in diqqət dairəsində olması üçün yetərincə imkanlara malikdir. Əvvəla, enerji və nəqliyyat qovşağı kimi Azərbaycanın rolu danılmazdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın iqtisadi infrastrukturunu və Avrasiya nəqliyyat xəritəsini formalaşdıran əsas arteriyalardır. Bu imkanlar ŞƏT-in Orta dəhliz strategiyası ilə birbaşa uzlaşır. Digər tərəfdən, Azərbaycanın dayanıqlı sabitliyi və balanslı xarici siyasəti onu regionda nadir "sabit liman"lardan birinə çevirib. Üstəlik də Çin və Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq əlaqələri olan Azərbaycan qlobal geosiyasi ziddiyyətlər fonunda çevik və məharətli diplomatik manevrlər etməyi bacarır. Bütün bu amillər Azərbaycanı ŞƏT-in həm iqtisadi, həm də siyasi əməkdaşlıqda etibarlı tərəfdaşına çevirir. Xüsusən Azərbaycanın Avrasiya məkanında əsas tranzit məkanına çevrilməsi, "Şimal-Cənub", "Şərq-Qərb" dəhlizlərinin qovşağında yerləşməsi, eləcə də malik olduğu nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır. Bu baxımdan Zəngəzur dəhlizinin (TRIPP) açılması ŞƏT üçün də nəqliyyat-logistika sferasında əlavə üstünlüklər yaradacaq. Prezident İlham Əliyev ŞƏT-in 2022-ci ildə Səmərqənddə keçirilən sammitində çıxışı zamanı bu dəhlizlə bağlı demişdir: "Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq".
Qeyd edək ki, Azərbaycan hələ ŞƏT-in tamhüquqlu üzvü kimi çıxış etmir. Amma bu, təbii ki, ölkəmizin strateji baxışını dəyişmir. Əksinə, həmin istiqamətdə ölkəmizin artan nüfuzu və güclənən tərəfdaşlıq şəbəkəsi təşkilata üzvlük məsələsini getdikcə daha real perspektivə çevirir və istər-istəməz belə bir sual yaranır: Azərbaycan üçün bu üzvlük nə vəd edir? Sualın cavabı bir neçə prizmadan aydın görünür. İlk növbədə, ŞƏT-ə üzvlük Azərbaycan üçün bir siyasi status olmaqdan çox, qərarverici masada yer almaq, təşkilatın gələcək istiqamətinin formalaşmasında birbaşa söz sahibi olmaq deməkdir. İkincisi, tamhüquqlu üzvlük Azərbaycanı təşkilatın həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələrinin bilavasitə iştirakçısına çevirir. Yəni Azərbaycan yalnız ideya və təşəbbüslərin deyil, real layihələrin içində olacaq. Və nəhayət, bu addım Azərbaycanın mövqeyini Avrasiya geosiyasi mənzərəsində gücləndirəcək, onu sadəcə tranzit ölkə deyil, qərarların və proseslərin mərkəzində dayanan regional gücə çevirəcək. Bütün bu sadalananlar fonunda Azərbaycanın təşkilata tam üzv olması məsələsi getdikcə daha aktual görünür. Amma ölkəmiz ŞƏT-ə üzv olmasa da, onun bu quruma münasibətləri artıq dərin və məqsədyönlü bir xarakter alıb. Çünki Azərbaycan bu platformada sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiya üçün ciddi siyasi iradə nümayiş etdirən bir tərəf kimi çıxış edir. Prezident İlham Əliyevin ŞƏT-in növbəti sammitində iştirak etmək üçün son səfəri də məhz bu strateji baxışın və artan əməkdaşlıq xəttinin təzahürüdür. Dövlətimizin başçısı tədbir çərçivəsində Çinin Tiencin şəhərində "China Energy Engineering Corporation Limited" ("Energy China") şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen, "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ, "CETC" ("China Electronics Technology Group Corporation") korporasiyasının baş direktoru Cu Pen və "CCCC" ("China Communications Construction Company") şirkətinin sədri Son Haylian ilə görüşüb. Görüşlərdə əsas diqqət dənizdə külək enerjisi stansiyalarının tikintisi, tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə edilməsi ilə bağlı əməliyyatların optimallaşdırılması, Ələt Azad İqtisadi Zonasında yaxın gələcəkdə günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması, rəqəmsal texnologiyalar vasitəsilə milli idarəetmə sistemi və idarəetmə qabiliyyətlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyinin təmin olunması, həmçinin Abşeron yarımadasında göllərin təmizlənməsi və bərpası ilə əlaqədar konseptual təkliflər müzakirə olunub.
Onu da qeyd edək ki, Sammitin yekun bəyannaməsində xüsusi olaraq vurğulanan məqam - müşahidəçi və dialoq tərəfdaşı statuslarının birləşdirilməsi - əslində, təkcə texniki dəyişiklik deyil, dərin siyasi məna daşıyan bir addımdır. Məhz bu qərarla Azərbaycan ŞƏT-in rəsmi tərəfdaşı statusunu qazanıb. Bu, o deməkdir ki, Azərbaycan artıq sadəcə izləyici və iştirakçı yox, proseslərin tamhüquqlu iştirakçısı, təşəbbüslərin müəllifi, əməkdaşlığın aparıcı simalarından biri olacaq.
Ən əsası, Azərbaycan ŞƏT çərçivəsində kənarda dayanan müşahidəçi deyil, mərkəzdə yer alan, təşəbbüs irəli sürən və əməkdaşlığı real layihələrlə zənginləşdirən ölkəyə çevriləcək.
Əli Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə 5 nömrəli ərazi partiya təşkilatının sədr müavini