PDF Oxu

Siyasət

  • 1 920

Yeni BMT yaradılır: ŞƏT sammitinin pərdəarxası - ŞOK DETALLAR

image

Asif Şəfəqqətov: “500 illik hegemonluğunun aqoniyasını yaşayan yırtıcı Qlobal Qərb yeni dünya nizamının baş tutmaması üçün hər riskə getməyə hazır olacaq– siyasi terror aktlarından tutmuş nüvə təxribatına qədər”

Şanxay Əməkdaşlıq Təşkilatının Tyanjin sammiti nə ilə yadda qaldı? Bu haqda müxtəlif şərhlər və rəylər var. Lakin əsas məqamlar tamam başqadır. Siyasi analitik Asif Şəfəqqətov Pərdəarxası məqamlara aydınlıq gətirir.

“Artıq əksər ölkələr mövcud dünya nizamından narazıdır. Əslində, heç bir nizam yoxdur. Dünya nizamının isə formal “hakimi və polisi” BMT-dir. İş o yerə çatıb ki, İsrail BMT-nin Baş katibini persona-non-qrata elan edir, BMT nümayəndələrinin öz ərazisi olmayan Qəzzaya gəlməsini qadağan edir, BMT tabeliyində olan humanitar təşkilatların nümayəndələrini məqsədli şəkildə atəşə tutur və öldürür – BMT isə heç nə etmir. BMT bütün dünyanın gözləri qarşısında Qəzzada soyqırımı törədən İsrailə qarşı heç bir tədbir görə bilmir. Faktiki olaraq, ABŞ-ın alətinə çevrilib...

2 ildən çoxdur ki, BMT-ni əvəz edəcək yeni qurumun yaradılması xüsusən Qlobal Şərqdə siyasi müzakirələr mövzusuna çevrilib. Lakin yeni dünya nizamı və bu nizamın qoruyucusu olan formal təşkilat elə-belə yarana bilməz. Bunun üçün dünyanın qəbul edəcəyi qalib ölkələr (supergüclər) olmalıdır.

ŞƏT-in Tyanjin sammitində bu istiqamətdə ilk əməli addım atıldı. Faktiki olaraq yeni BMT-nin yaradılması prosesinə start verildi. Bu prosesə rəhbərlik edəcək ölkələr Çin, Rusiya və Hindistandır (Üçlük). Məncə, Alyaska sammitində Putin Trampa təklif edib ki, ABŞ da bu prosesə qoşulsun, lakin bunu ya Tramp istəməyib (çünki bu halda ABŞ-ın hegemonluğunun bitdiyini qəbul etməlidir), ya da ABŞ “dərin dövləti” imkan verməyib.

Bundan sonra Üçlük prosesə ABŞ-sız başlamağa qərar verib. Bu proses 5-10 il çəkə bilər. Məncə, Üçlük hesab edir ki, 5-10 il ərzində ya ABŞ onlara qoşulacaq, ya da o qədər zəifləyəcək ki, onun qoşulmasına ehtiyac qalmayacaq”- analitik deyir.

Bəs bu proses necə aparılacaq? İndi keçək məsələnin mahiyyətinə. Sammitdə Si ŞƏT-in qlobal idarəetmə təşəbbüsünü irəli sürdü. Sitat: "Mən qlobal idarəçilik təşəbbüsünü irəli sürmək, daha ədalətli və bərabərhüquqlu qlobal idarəetmə sistemini, həmçinin vahid taleli bəşəriyyətlə ortaq cəmiyyəti birgə qurmaq üçün bütün ölkələrlə işləmək istərdim".

Asif Şəfəqqətov bu təşəbbüsün mahiyyətinə diqqət çəkir: “Fikir verin, ŞƏT çərçivəsində yox, qlobal idarəetmədən danışılır! Təşəbbüs Putin və digər iştirakçılar tərəfindən dəstəkləndi.

ŞƏT blok deyil – burada müxtəlif inkişaf səviyyəsinə, gələcəyə baxışa malik olan, müxtəlif sivilizasiyalara mənsub olan, hətta bir-biri ilə münaqişədə olan ölkələr var. Belə birlik yalnız BMT çərçivəsində olur”.

ŞƏT haqqında qısa arayış:

2001-ci ildə Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistan tərəfindən Şanxayda təsis olunub.

10 üzvü var – Belarus, Çin, Qazaxıstan, Qırğızıstan, Hindistan, İran, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan. Bundan əlavə

2 müşahidəçi üzvü var – Əfqanıstan, Monqolustan.

14 dialoq tərəfdaşı var – Azərbaycan, BƏƏ, Bəhreyn, Ermənistan, Kamboca, Küveyt, Qətər, Maldiv, Misir, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə.

Analitik bu təşkilatın maliyyə, iqtisadi, hərbi strukturlarının yaradılmaqda olduğunu və nəticədə getdikcə dünya birliyinə çevrilə biləcəyini deyir: “BMT-nin birbaşa əməkdaşlıqda olduğu bank var – Dünya Bankı. ŞƏT-in strukturunda Banklararası Birlik qurumu var idi. Sammitdə isə qərara alındı ki, ŞƏT-in İnkişaf Bankı (ŞƏTİB) yaradılacaq. Bu bank qlobal (yəqin ki, infrastruktur) layihələri maliyyələşdirəcək.

BMT-nin çoxsaylı proqramları (layihələri) var. ŞƏT-də elan olundu ki, ŞƏT ŞƏTİB-dən kənar 100-dən çox layihəni maliyyələşdirəcək.

BMT-nin öz ordusu yoxdur, lakin sülhməramlı qüvvələri var – bunlar üzv ölkələrin silahlı qüvvələri əsasında yaradılır. ŞƏT-in bunun analoqu olan Regional Antiterror Strukturu var. Güman ki, onun bazasında sülhməramlı əməliyyatları koordinasiya edən qlobal struktur yaradılacaq.

BMT-nin digər orqanları və funksiyaları (məsələn, Təhlükəsizlik Şurası) təkrarlanmaya bilər, çünki onlar artıq effektsiz olduqlarını göstəriblər. Onların təkmilləşdirilməsi üzrə işlər davam etdiriləcək”.

Bəs niyə ŞƏT qlobal idarətmə təşəbbüsünü məhz indi rəsmi müstəviyə çıxartdı? Analitikin fikrincə, Qlobal Şərq artıq 4-cü Dünya Müharibəsinin qalibləri olduqlarına əmindirlər: “Rusiya, Çin və Hindistanın ABŞ-ın təzyiqlərinə baş əyməməsi bunun əyani sübutu idi.

Sammitin tarixini də elə seçiblər ki, ondan 2 gün sonra güc nümayişi – Qələbə hərbi paradı üçün bəhanə olsun. Qaliblər "əzələlərini" göstərməlidirlər axı dünyaya.

Hələlik görünən budur ki, Qlobal Şərq və Qlobal Cənub ŞƏT-in təşəbbüsünü ümidlə qarşılayır. 500 illik hegemonluğunun aqoniyasını yaşayan yırtıcı Qlobal Qərb isə ŞƏT sammitini qəzəb və narahatlıqla şərh etdi. Küncə qısılmış yırtıcı daha təhlükəli olur. Yeni dünya nizamının baş tutmaması üçün bu yırtıcı qarşıdakı 5 ildə hər riskə getməyə hazır olacaq– siyasi terror aktlarından tutmuş nüvə bombasının partladılmasına qədər”.

Elçin Bayramlı

Digər xəbərlər