PDF Oxu

Siyasət

  • 465

Paytaxt yenidən Formula 1 həyəcanı ərəfəsindədir

image

Paytaxt Bakımız sentyabrın 19-dan 21-dək növbəti dəfə Formula 1 yarışlarına ev sahibliyi edəcək. Həmişə olduğu kimi, mötəbər yarış bu dəfə də öz azarkeşlərinə böyük sevinc hissini yaşadacaqdır. Hər il olduğu kimi, bu il də yarışların yüksək səviyyədə təşkili üçün lazımı işlər görülüb. Bu o deməkdir ki, Azərbaycan beynəlxalq tədbirlərin təşkilində yüksək təşkilatçılıq bacarığına malik olan ölkədir. Heç şübhəsiz ki, beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycan növbəti dəfə öz təcrübəsindən yararlanaraq, Formula 1 yarışlarını da uğurla başa vuracaq.

Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları yarışacaqlar. İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görmüş olacaqlar. 1950-ci ildən etibarən hər il keçirilən Formula 1-in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılıb. Plotlar əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yenidən yarışacaqlar. Məlumdur ki, dünya ölkələrində keçirilən Formula 1 yarışları çərçivəsində Bakıda keçirilən ən yaxşı yarış hesab edilir. Bir daha dünya görəcək ki, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan qitə və dünya miqyaslı tədbirlərə uğurla ev sahibliyi edir. Yenidən dünyanın idman nəbzinin Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi şəhərdə döyünür.

YARIM MİLYARDA YAXIN TAMAŞAÇI AUDİTORİYASI

Son illərdə Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına və onlarla belə irimiqyası beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan 2016-cı ildən başlayaraq Formula-1 yarışlarına da uğurla ev sahibliyi edir. Təbii ki, bütün bu və ya digər idman yarışlarının ölkəmizdə təşkili Azərbaycanın idman siyasətinin uğuru, beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin, idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin göstəricisidir. Belə yarışların keçirilməsi, onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Bildiyimiz kimi, Formula 1 yarışları yarım milyarda yaxın tamaşaçı auditoriyasına görə dünyada futboldan sonra ikinci yeri tutur. Bu sayda tamaşaçı auditoriyasına malik yarış Azərbaycanın dünyada daha da tanıdılmasında müstəsna rola malikdir.

Təbii ki, keçirilən bu və ya digər tədbirlər turistlərin ölkəmizə axınını daha da gücləndirib. Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisi yarışlarını dünyanın 200-yə yaxın ölkəsində 500 milyondan çox azarkeşin televiziya vasitəsilə izləməsi, təbii ki, ölkəmiz ətrafında olan münasibətləri formalaşdırır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Formula 1 yarışın ölkəmiz üçün çox böyük faydası olduğunu bildirib: "Birincisi, Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə". Əlbəttə ki, Formula 1 üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə edir. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yarışlar müntəzəm yayımlanır. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış olur, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın və Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan reportaj və materiallar hazırlayırlar. Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmır.

SAĞLAM NƏSİL VƏ BÖYÜK İDMANÇI ORDUSU

Ölkəmizdə mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan, əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin, mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcuddur. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür. Bu və ya digər idman qurğularının paytaxtımızda mövcudluğu yarışların möhtəşəm keçirilməsinə əsas verir. İdman qurğuları ilə yanaşı, ölkəmizin idman sahəsində qazandıqları nəticələr də, çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları, bir daha təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir.

Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma var. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər