Azərbaycan tarixində 3 oktyabr 1993-cü il mühüm və taleyüklü bir gündür. Həmin gün xalqın iradəsi ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə yalnız bir seçki deyildi – bu, müstəqilliyini yenicə bərpa etmiş, ancaq siyasi, iqtisadi və ictimai böhranlarla qarşı-qarşıya qalan Azərbaycanın xilası, sabitliyə, inkişaf yoluna qədəm qoymasının başlanğıcı oldu.
1991-ci ildə müstəqillik qazanan Azərbaycan, təəssüf ki, ilk illərdə ağır sınaqlarla üzləşdi. Qarabağ müharibəsi, ölkədaxili siyasi qarşıdurmalar, dövlət idarəçiliyində səriştəsizlik ölkəni vətəndaş müharibəsi həddinə gətirmişdi. Belə bir çətin və ziddiyyətli dövrdə xalqın yeganə ümidi təcrübəli, güclü və qətiyyətli lider – Heydər Əliyev idi.
1993-cü ilin iyununda xalqın tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçki xalqın ona olan böyük inamının və etimadının parlaq təzahürü idi.
Prezident seçildikdən sonra Heydər Əliyev ilk növbədə ölkədə sabitliyi bərpa etməyə nail oldu. Dövlətçiliyin əsaslarını möhkəmləndirdi, hüquqi islahatlar apardı, ordu quruculuğuna xüsusi diqqət ayırdı. Onun rəhbərliyi ilə qəbul edilən ilk Konstitusiya (1995) demokratik və hüquqi dövlətin qurulmasına şərait yaratdı. Neft strategiyasının əsası qoyuldu və “Əsrin müqaviləsi” kimi tanınan beynəlxalq neft müqavilələri ilə ölkənin iqtisadi inkişafı üçün geniş imkanlar açıldı.
Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan xalqının tarix qarşısında düzgün seçim etdiyini göstərdi. Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu, müstəqilliyini möhkəmləndirdi və gələcəyə inamla baxmağa başladı.
Ulu Öndərin xalqa və Yeni Azərbaycan Partiyasının üzvlərinə müraciətini əsas tutaraq 2003-cü ildə onun siyasi varisi cənab İlham Əliyev böyük səs çoxluğu ilə Prezident seçdi.
Prezident seçildiyi ilk gündən cənab İlham Əliyev Ümumilli Lider Heydər Əliyevin başladığı, lakin sona çatdıra bilmədiyi taleyüklü məsələləri uğurla davam etdirdi.
Nəticə göz qabağındadır. İndi Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, suveren bir dövlət kimi dünya birliyində xüsusi mövqeyi ilə seçilir.
Bəli, 3 oktyabr tarixi Azərbaycan xalqı üçün sadəcə bir siyasi hadisə deyil, dövlətçilik tariximizin dönüş nöqtəsi, qurtuluş və yüksəlişə aparan yolun təməl sütunudur.
Nazim BÜNYATOV
YAP Ağcabədi rayon təşkilatının sədr müavini