PDF Oxu

Siyasət

  • 1 059

Azərbaycanın liderliyi sözdə deyil, real addımlarda özünü təsdiqləyir

image

Hazırkı dövrün əsas çağırışlarından biri təbii ki, türk dünyasının birliyinin, həmrəyliyinin güşləndirilməsi, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasıdır. Zirvə Görüşlərində türk dövlətlərinin liderləri bu reallığı qeyd edirlər ki, ötən qısa dövrdə 30-dan çox önəmli sahədə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq qurulub. Qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi zaman tələb edir. Bu baxımdan Zirvə Görüşlərinin böyük əhəmiyyəti vardır. Bu günlərdə Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə də bu məsələlər ətrafında geniş müzakirələr aparıldı. Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr edilməsi də qeyd etdiklərimizin təsdiqidir.

Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Bu məqam da diqqətə çatdırıldı ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq hərbi təlimlər keçirilmişdir. Prezident İlham Əliyev ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi.
“Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.
Zirvə Görüşündəki çıxışlarda Azərbaycanın regionda sülhə və sabitliyə töhfələri yüksək dəyərləndirildi. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında qeyd etdi ki, qədim Qəbələ şəhərində bir araya gəlmək, xüsusilə də Azərbaycan ilə Ermənistan arasında sülhün nizamlanması ilə bağlı Birgə Bəyannamənin imzalanmasından sonra toplaşmaq çox mühüm rəmzi məna daşıyır. Vaşinqtonda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin təmin edilməsi tarixi əhəmiyyətə malikdir və bu, Türk dünyasını geosiyasi səviyyədə gücləndirəcək. Zəngəzur dəhlizinin açılması qədim İpək Yolunun bərpası ilə yanaşı, bizim ölkələr üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Çin, Qırğızıstan, Özbəkistan dəmir yolu layihəsi istismara verildikdən sonra Orta Dəhlizin strateji əhəmiyyəti daha da artacaq. Baş katib “Bu gün Türk Dövlətləri Təşkilatı mühüm regional təşkilata çevrilir” söyləyərək Azərbaycanın təşkilata sədrliyinin əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və qarşılıqlı tərəfdaşlığın inkişafında uğurlu olacağına əminliyini bildirdi.
Qəbələ Zirvə Görüşü bir daha təsdiqlədi ki, Azərbaycanın liderliyi sözdə deyil, real addımlarda özünü təsdiqləyir, regionda sabitliyə, əməkdaşlığa xidmət edir.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Digər xəbərlər