Müasir dünyada beynəlxalq münasibətlər sistemi mürəkkəb və dəyişkən xarakter daşıyır. Geosiyasi proseslər, regional münaqişələr və böyük güclər arasında rəqabət dünya gündəliyində təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. Bu kontekstdə hər bir dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün ən vacib amillərdən biri onun hərbi gücüdür. Hərbi qüdrət təkcə döyüş meydanında istifadə olunan vasitə deyil. O, həm də siyasi təsir vasitəsi, diplomatik manevr imkanlarının genişlənməsi və milli maraqların beynəlxalq səviyyədə qorunması baxımından mühüm rol oynayır. Güclü orduya malik olan dövlətlər öz mövqelərini daha sərt şəkildə ifadə edə bilir, beynəlxalq münasibətlərdə söz sahibi olur və digər aktorlarla bərabərhüquqlu əməkdaşlıq şəraitində çıxış edə bilirlər. Tarixi təcrübə göstərir ki, hərbi baxımdan zəif olan ölkələr daha çox xarici təzyiqlərə və müdaxilələrə məruz qalırlar. Onların siyasi və iqtisadi qərarları əksər hallarda xarici qüvvələrin iradəsinə tabe olur. Əksinə, güclü ordusu olan ölkələr öz sərhədlərini, vətəndaşlarını və strateji maraqlarını qorumaqda daha müstəqil davranırlar. Bu, onların daxili sabitliyinə, iqtisadi inkişafına və sosial rifahına da birbaşa təsir göstərir. Hərbi gücün tərkibinə yalnız texniki imkanlar – silah, texnika, hərbi texnologiyalar deyil, həm də peşəkar kadrlar, strateji düşüncə və ən əsası, milli ruh və vətənpərvərlik daxildir. Güclü ordu – xalqla, dövlətlə, liderlə bir olan, vətənə sədaqətlə xidmət edən bir qüvvədir. Bu mənada hərbi güc həm də milli birlik və həmrəyliyin bariz göstəricisidir. Azərbaycan da bu reallıqları düzgün qiymətləndirərək, müstəqilliyini bərpa etdiyi ilk illərdən başlayaraq, Silahlı Qüvvələrinin formalaşdırılması və inkişafına böyük diqqət yetirmişdir. Ordu quruculuğu prosesi mərhələli şəkildə həyata keçirilmiş, maddi-texniki baza gücləndirilmiş, kadr potensialı artırılmış və müasir döyüş hazırlığına uyğun islahatlar aparılmışdır. Xüsusilə son illərdə ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilmişdir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun hərbi gücünü və döyüş qabiliyyətini bir daha nümayiş etdirdi. Bu müharibədə qazanılmış Zəfər yalnız texniki üstünlük deyil, həm də xalqın iradəsi, milli həmrəylik, siyasi rəhbərliyin qətiyyəti və ordunun peşəkarlığı sayəsində mümkün oldu. Qarabağda bərpa olunan ədalət və bərpa olunan suverenlik bir daha göstərdi ki, güclü hərbi qüvvəyə sahib olmaq müstəqilliyin və ərazi bütövlüyünün ən əsas təminatıdır. Bu gün də Azərbaycan Silahlı Qüvvələri daim təkmilləşir, müasir texnologiyalarla silahlanır, şəxsi heyətin peşəkarlığı artırılır və ölkənin müdafiə qabiliyyəti daha da möhkəmləndirilir. Ordunun maddi-texniki təchizatının müasir standartlara uyğunlaşdırılması ilə yanaşı, vətənpərvərlik ruhunun aşılanması da diqqət mərkəzində saxlanılır. Hərbi təhsil sistemi, gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi və milli ruhun gücləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Hərbi güc sadəcə silahlanma yarışı deyil, milli təhlükəsizliyin, müstəqilliyin və ərazi bütövlüyünün təminatıdır. Güclü orduya sahib olan dövlət həm öz vətəndaşlarını, həm də milli maraqlarını qoruya bilir. Bu səbəbdən hər bir ölkə üçün güclü və peşəkar orduya malik olmaq strateji prioritet olmalıdır. Çünki güclü ordu – güclü dövlətin, azad və təhlükəsiz gələcəyin rəmzidir.
Vəsilə Məmmədova
YAP Laçın rayon təşkilatının 46 saylı ƏPT-nin sədr müavini