Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi.
Dövlət Başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd edilir. Ancaq bu, təkcə Füzuli sakinlərinin deyil, bütün millətimizin günüdür.
1993-cü il avqustun 23-də Ermənistan tərəfindən işğal edilmiş, sakinləri məcburi köçkünə çevrilmiş, bütün sosial-mədəni obyektləri, yaşayış evləri tamamilə dağıdılmış, hər şeyi yerlə-yeksan edilmiş Füzulidə bu gün böyük quruculuq və abadlıq işləri aparılır. Azad edildikdən sonra Füzuli şəhərində dövlət bayrağımızı ucaltmağa salamat bir bina yox idi. 2020-ci il noyabrın 16-da cənab Prezidentimizin şəhərdə dövlət bayrağını ucaltması tarixi hadisə oldu, millətimizdə qürur hissi yaşatdı. Qısa müddət ərzində şəhərin baş planı hazırlandı, tikinti-quruculuq işlərinə başlanıldı. Yeni məktəblər inşa edildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə 960 şagird yerlik məktəb inşa edilmişdir. 2023-cü il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.
Füzulidə həyata keçirilə quruculuq prosesi çərçivəsində cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Beynəlxalq Hava Limanı, Zəfər yolu və digər infrastruktur binalar tikildi. Sakinlər planlı şəkildə yenidən tikilmiş şəhərə, rahat mənzillərə köçürlər.
Dövlət Başçımız 2023-cü il 31 iyul tarixdə imzaladığı sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis etməklə Füzuli şəhər günü də tariximizə keçdi. Millətimizin həyatına Müzəffər Ali Baş Komandan və güclü Ordumuzun sayəsində sevincli günlər daxil oldu. Allah şəhidlərimizə rəhmət eləsin! Füzuli şəhər günümüz mübarək olsun!
Çinarə Səfərova,
Tarix üzrə fəlsəfə doktoru, ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi